Modern.az

Sirri pul ya da uğur deyil: xoşbəxt insanları nə birləşdirir?

Sirri pul ya da uğur deyil: xoşbəxt insanları nə birləşdirir?

Dünya

Bu gün, 05:55

İnsanlar çox vaxt şəxsi həyatı karyera, maliyyə sabitliyi və böyük hədəflər naminə arxa plana keçirirlər. Lakin Harvard Universitetinin uzunmüddətli araşdırması göstərir ki, xoşbəxt və sağlam həyatın əsas amillərindən biri məhz yaxın münasibətlərin keyfiyyətidir.

Modern.az xəbər verir ki, 1938-ci ildən aparılan Harvard Yetkinlərin İnkişafı Araşdırması insanların həyatını onilliklər ərzində izləyib. Nəticələrə görə, insanın 50 yaşında münasibətlərindən nə dərəcədə məmnun olması onun 80 yaşındakı sağlamlığının göstəricilərindən biri olub və bu göstərici xolesterin səviyyəsindən daha güclü proqnozlaşdırıcı hesab edilib.

Araşdırmaya əsasən, xoşbəxtlik üçün geniş sosial çevrəyə deyil, etibar edə biləcəyimiz, çətin anlarda yanımızda olan azsaylı yaxın insanlara sahib olmaq daha vacibdir.

Yaxınların dəstəyi stressin, itkilərin və həyat çətinliklərinin öhdəsindən gəlməyi asanlaşdırır. Əksinə, uzunmüddətli tənhalıq və sosial təcrid həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.

Tədqiqatçılar vurğulayırlar ki, sağlam münasibətlər mübahisələrin olmaması demək deyil. Əsas məsələ hissləri açıq ifadə etmək, bir-birini dinləmək və anlaşılmazlıqları həll edə bilməkdir.

Araşdırmanın əsas mesajı isə sadədir: yaxın münasibətlər də diqqət və qayğı tələb edir. Buna görə dostlara zəng etmək, sevdiklərimizlə görüşmək və birlikdə vaxt keçirmək üçün fürsətləri təxirə salmamaq vacibdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)