Modern.az

“Titanik”in əkiz gəmisi “Britannik” necə batdı? - 110 il əvvəlki faciənin sirri

“Titanik”in əkiz gəmisi “Britannik” necə batdı? - 110 il əvvəlki faciənin sirri

Dünya

Bu gün, 20:30

“Titanik”in batması dünya tarixinin ən məşhur dəniz faciələrindən biridir. Lakin çox az adam bilir ki, bu hadisədən bir neçə il sonra onun əkiz gəmisi – “Britannik” də eyni aqibətlə üzləşib. 21 noyabr 1916-cı ildə, düz 110 il əvvəl nəhəng gəmi Egey dənizində batıb.

“Titanik”in daha təhlükəsiz versiyası

Modern.az xəbər verir ki, “White Star Line” şirkəti bir-birinə bənzəyən üç nəhəng gəmi inşa etmişdi: “Olimpik”, “Titanik” və “Gigantik”. Sonuncu gəmi “Titanik” faciəsindən sonra adının uğursuz səsləndiyi düşünülərək “Britannik” adlandırıldı.

“Titanik”in batmasından sonra mühəndislər yeni gəminin konstruksiyasını təkmilləşdirdilər. Su keçirməyən arakəsmələrin sayı artırıldı, ikili bortlar quraşdırıldı və xilasetmə vasitələri çoxaldıldı.

1914-cü ildə suya buraxılan “Britannik” dünyanın ən təhlükəsiz, hətta “batmaz” gəmisi hesab edilirdi.

Lakin Birinci Dünya müharibəsi onun taleyini dəyişdi. 1915-ci ildə gəmi hərbi hospitala çevrildi. Ağ rəngə boyanan gövdəsinə yaşıl zolaq və üç böyük qırmızı xaç çəkildi.

55 dəqiqəyə batdı

1916-cı il noyabrın 21-də Yunanıstanın Kea adası yaxınlığında hərəkət edən gəmidə güclü partlayış baş verdi. Ardınca ikinci partlayış eşidildi.

Gəminin su keçirməyən bölmələri zədələndi, açıq illüminatorlardan içəri su dolmağa başladı. Kapitan Çarlz Bartlett təxliyə əmri verdi.

Lakin gəminin hələ hərəkətdə olan vintləri iki xilasedici qayığı parçaladı. Nəticədə 20-dən çox insan həlak oldu.

Saat 09:07-də “Britannik” sağ bortuna çevrilərək batdı. Partlayışdan cəmi 55 dəqiqə sonra gəmi dənizin dibinə qərq oldu.

Gəmidəki 1134 nəfərin əksəriyyəti xilas edildi. Faciə nəticəsində ümumilikdə 30 nəfər həyatını itirdi. “Britannik” Birinci Dünya müharibəsində batan ən böyük gəmi oldu.

Gəminin batmasının səbəbi hələ də mübahisəlidir

Rəsmi versiyaya görə, “Britannik” alman sualtı qayığının Kea adası yaxınlığında yerləşdirdiyi minaya düşüb.

1975-ci ildə məşhur fransız tədqiqatçısı Jak-İv Kusto gəminin dəqiq yerini müəyyənləşdirib. Növbəti il dalğıclar təxminən 120 metr dərinlikdə yerləşən gəmini araşdırıblar.

Sonradan alternativ versiya da irəli sürülüb. Bu ehtimala görə, alman kəşfiyyatı Britaniyanın gizli şəkildə Misirə silah daşıdığından xəbər tutaraq gəmidə partlayıcı qurğu yerləşdirib. Partlayışın kömür anbarlarında əlavə detonasiya yaratdığı və gəminin sürətlə batmasına səbəb olduğu iddia edilir. Lakin bir çox mütəxəssis bu versiyanı qəbul etmir.

Gəminin sahibi batdığı yerdə onu ziyarət edib

1996-cı ildə britaniyalı Saymon Mills batmış “Britannik” gəmisinin sahibi olub. O, gəmini Britaniya hərbi-dəniz qurumlarının təşkil etdiyi satış zamanı təxminən 25 min dollara aldığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı