ABŞ-ın Delaver ştatında bir ovçu 39 yaşlı qadını maralla səhv salaraq, öldürüb.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisə axşam saatlarında Ellendeyl şəhəri yaxınlığında baş verib. 74 yaşlı Uolter Murhed ov zamanı gizləndiyi yerdə maralın görünməsini gözləyirmiş.
Həmin vaxt Santos Mariya Çilel Soto bir kişi və iki uşaqla birlikdə tarladan keçib. Hərəkəti görən Murhed qarşısındakının maral olduğunu zənn edərək atəş açıb. Güllə qadına dəyib.
Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkənə ilkin tibbi yardım göstəriblər. Daha sonra o, xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Murhed hadisə yerində saxlanılıb. Ona ehtiyatsızlıqdan adam öldürmə, birinci dərəcəli təhlükə yaratma (üç epizod üzrə) və ağır cinayət törədilərkən odlu silahdan istifadə etmə ittihamları irəli sürülüb.
Daha sonra o, 43 000 dollar məbləğində girov müqabilində sərbəst buraxılıb.
İstintaq davam edir və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək istiqamətində iş aparırlar.