İnsanlar bədənlərinin ifraz etdiyi kimyəvi siqnallar vasitəsilə başqalarının emosional vəziyyətini şüuraltı şəkildə hiss edə bilirlər. Hətta bədən qoxusunun siyasi baxışlar və bəzi xəstəliklərlə əlaqəli ola biləcəyi müəyyən edilib.
Modern.az xəbər verir ki, bu barədə “Indian Defence Review” elmi araşdırmalara istinadən məlumat yayıb.
Filadelfiyadakı Monell Kimyəvi Hisslər Mərkəzinin tədqiqatçısı Pamela Daltonun sözlərinə görə, bu ünsiyyət prosesi əsasən şüuraltı səviyyədə baş verir. Kimyəvi siqnallar ətrafdakı insanların əhvalına, qavrayışına və fiziki reaksiyalarına təsir göstərə bilər.
Qoxu hissi ilə siyasi baxışlar arasındakı əlaqə də alimlərin diqqətini çəkib. 2014-cü ildə “American Journal of Political Science” jurnalında dərc olunan araşdırma göstərib ki, iştirakçılar siyasi baxışları özlərininkinə yaxın olan insanların bədən qoxularını daha çox bəyəniblər. Maraqlıdır ki, onlar qoxusunu qiymətləndirdikləri şəxsləri görməyiblər.
Digər tədqiqat istiqaməti isə xəstəliklərin qoxu vasitəsilə müəyyən edilməsidir. Məqalədə qeyri-adi dərəcədə həssas qoxu duyğusuna malik Coi Milnin təcrübəsindən də bəhs olunur. O, müxtəlif xəstəliklərlə əlaqəli qoxuları tanıya bilir.
2019-cu ildə Parkinson xəstəliyindən əziyyət çəkən şəxslərin və sağlam insanların geyindiyi köynəklər üzərində aparılan təcrübədə Miln nümunələrin demək olar ki, hamısını düzgün müəyyən edib. Daha maraqlısı isə onun xəstə kimi qiymətləndirdiyi köynəklərdən birinin sahibinə sonradan Parkinson xəstəliyi diaqnozunun qoyulması olub.
Yel Universitetinin sosioloqu Nikolas Kristakisin fikrincə, bu cür mexanizmlər təkamül prosesində mühüm rol oynayıb və insanlara təhlükə barədə bir-birini xəbərdar etməyə kömək edib.