"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Modern.az-ın məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
***
10:36
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.
Püşkatmada Azərbaycan təmsilçilərindən "Neftçi"nin II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Bununla yanaşı, I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandası ilə üz-üzə gələcək "Zirə" də növbəti mərhələdəki potensial rəqibini öyrənəcək.
Həmçinin UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Vestri" qarşılaşmasının məğlub tərəfinin Konfrans Liqasının II təsnifat mərhələsində hansı komanda ilə oynayacağı da bəlli olacaq.
II təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann", "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) yer alıb.
Daha 13 komanda isə I təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-də və 30-da keçiriləcək.