Qarabağda zədəlilərin sayı artır. Zakariyya Savo sıradan çıxdıqdan sonra bu dəfə də Elvinin zədələnməsi xəbəri gəlib. Bununla yanaşı, “Tvente” ilə oyunda iştirak edib-etməyəcəyi hələ bəlli olmayan daha iki əsas futbolçu – Pedro Bicalyo və Renaldo Sephas var.
Qarabağda onsuz da rotasiya problemlərinin olduğu açıq-aşkar görünürdü. Əsas heyət üzvlərinin ard-arda sıradan çıxması və komandada köklü dəyişikliklərin olması “Tvente” ilə oyunda uğur qazanmaq şanslarına kölgə salır. Baş məşqçi Qurban Qurbanov isə Konfrans Liqasının əsas mərhələsinə düşmək şanslarının olduğunu və buna ciddi hazırlaşdıqlarını bildirib. Təcrübəli mütəxəssis “Tvente” ilə matçlara fokuslandıqlarını da vurğulayıb. Baş məşqçi “Tvente” ilə oyunlara fokuslandıqlarını vurğulasa da, zədələr, sıx oyun qrafiki və ağır səfər onun planlarına nə dərəcədə təsir göstərəcək? Qarabağ bu itkilərə baxmayaraq Niderlandda istədiyi nəticəni əldə edə biləcəkmi?
Mövzu ilə bağlı Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Modern.az-a açıqlama verib:
"Qarabağ təcrübəli bir komandadır. Avropa Liqasında və digər Avropa turnirlərində uğur qazanmağın nə olduğunu, necə oynamaq lazım gəldiyini bilən və bunu bacaran bir komandadır. Ancaq bu illər Qarabağ o Qarabağ deyil. Hazırda bunu hamımız görürük və bu da, yəni, anlaşılır bir məsələdir.
Hər bir neçə ildən bir komandada yeni nəfəs gəlməlidir, yeni nəsil dəyişikliyi olmalıdır. Qarabağda da düşünürəm ki, yeni nəsil dəyişikliyi olmalıdır. Artıq yaşlı futbolçular yavaş-yavaş komandadan ayrılırlar. Bu da futbolun bir hissəsidir və buna zaman lazımdır.
İndiki durum, deyək ki, çox da yaxşı deyil. Nə mənada? Futbolçuların zədələnməsi baxımından Pedro və Pikarın oynamaması, Savonun da oynamaması hücumda böyük problemlər yaradır. Savonu harasa bağlaya biləcək futbolçu da indi artıq yoxdur. Görürük ki, Qarabağ son oyunlarda ancaq yarımmüdafiəçini hücumda sınayır. Bu da sırf yarımmüdafiəçi olan, hücumçu ampluasında isə o ampluaya uyğun olmayan futbolçudur. O sarıdan da çətinlik çəkirlər".
Təcrübəli mütəxəssis, itkilərin Qarabağ üçün problem yaradacağını, heyət qıtlığı yaşadacağını bildirib:
"İtkilər — Elvin Cəfərquliyevin itkisi, həmçinin Savonun, Pedronun itkisi, Sephasın oynayıb-oynamayacağı — bütün bunlar Qarabağın heyət qıtlığında səbəb ola bilər və olacaq da. Ancaq bunun üçün də ayrı futbolçuları var. Düşünürəm ki, bunu kompensasiya etmək gücündə olacaqlar.
Tvente hücumda yaxşı futbol oynayır. Düşünürəm ki, Qarabağ da hücuma meyilli futbol oynayır. İki hücuma meyilli futbol komandasını görəcəyik. Düşünürəm ki, şanslar bərabərdir. Ancaq birinci oyundan sonra nəsə demək olar. O oyuna baxdıqdan sonra şansların necə olacağını görəcəyik. Hesaba görə yox, oyuna görə demək olacaq. Bu problemlər var Qarabağda və düşünürəm ki, bu oyunçular olmasa belə, nəyisə kompensasiya edib bu situasiyadan çıxmalıdır. Doğrudan da, Qarabağın bugünkü durumu pik nöqtəsində deyil və həmin gördüyümüz Qarabağ deyil.
Və bu da, yəni, zamanla düşünürəm ki, Qarabağ öz yerini tutacaq. Qarabağ nə etdiyini yaxşı bilir. Düşünürəm ki, bir az zaman lazımdır. Ancaq indi zaman yoxdur. Bu baxımdan, hansısa kritik vəziyyətdən Qarabağın gücü çıxmağa çatacaq. Qarabağa uğurlar arzulayıram".
Veteran futbolçu, baş məşqçi Arif Əsədov məsələ ilə bağlı öz fikirlərini söyləyib:
"Doğrudan da, sadaladığınız problemlər Qarabağda var. Həm zədələrlə bağlı problemlər, həm komandanın indiki nəticələri, futbolçuların komandanı tərk etməsi, onların əvəzində yeni futbolçuların gəlməsi və digər səbəblər. Bütün bunlar müəyyən çətinliklər yaradır.
Təbii ki, belə proseslərin hazırlıq dönəmində baş verməsi məşqçilər üçün daha əlverişli olur. Amma indiki məqamda, artıq yarış qrafikinin içində bu dəyişikliklərin baş verməsi müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, düşünürəm ki, Qarabağ təcrübəli komandadır və bu problemlərin öhdəsindən gələcək.
Burada əsas məqamlardan biri də komandanın uzun müddətdir bir yerdə olmasıdır. Məşqçilər heyəti də artıq bu cür çətinliklərlə dəfələrlə üzləşib. Ona görə də düşünürəm ki, çıxış yolunu tapacaqlarına ümid etmək olar. Qarabağ Tvente ilə çətin oyun keçirəcək. Amma Qarabağın bu rəqiblə mübarizə aparacaq potensialı var. Üstəlik, qarşımızdakı Tvente də dörd-beş il əvvəlki Tvente deyil. Bu baxımdan, mən də düşünürəm ki, komandaların şansları bərabərdir. Qarabağın bu mərhələdə uğur qazanmaq üçün kifayət qədər potensialı var".
Nicat Rüstəm