İşğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də müəyyən şərtlərlə məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər. İndiyədək bu qayda yalnız qadınlara şamil olunurdu.
Modern.az xəbər verir ki, bununla bağlı “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına dəyişiklik edilir.
Dəyişikliyə əsasən, şəxs məcburi köçkünlüyə səbəb olan hadisələrdən əvvəl işğal olunmuş rayonun sakini ilə nikahda olmalıdır. O, öz rayonundakı pasport qeydiyyatından çıxmamış, işğaldan sonra isə həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşmüş olmalıdır. Bu şərtlər həm qadınlara, həm də kişilərə aid olacaq.
Müraciət etmək istəyən şəxs əvvəlcə müvəqqəti yaşayış yeri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanında və ya yerli bölməsində qeydiyyatdan keçməlidir. Daha sonra imzaladığı ərizəni və tələb olunan sənədləri həmin quruma elektron və ya kağız formada təqdim edə bilər.
Şəxs səhhətinə və ya başqa səbəbə görə özü müraciət edə bilmirsə, ərizəni onun adından səlahiyyətli nümayəndəsi təqdim edə bilər. Regional orqan və ya yerli bölmə ərizəni sənədlərlə birlikdə 7 iş günü ərzində Dövlət Komitəsinə göndərməlidir.