Xəbər verdiyimiz kimi Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "İmişli" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.
Modern.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Baş məşqçi matçın çətin keçəcəyindən xəbərdar olduğunu bildirib: "Buna yaxşı hazırlaşmışdıq. Qarşılaşmanın böyük hissəsində üstün tərəf biz olduq. Yeganə narazı qaldığım məqam yaratdığımız qol imkanlarından yararlana bilməməyimizdir.
Prestij məsələsi mükafatdan daha önəmlidir. Təbii ki, bu məsələdə müəyyən nüanslar var, amma meydanda pul rol oynamır".
Onun sözlərinə görə, mükafat məsələsi futbolun ayrılmaz hissəsidir: "Ancaq bir daha qeyd edirəm ki, əsas prioritet prestijdir. Reallıq budur ki, böyük büdcəli klublarla daha məhdud büdcəyə malik komandalar arasında həmişə fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim məqsədimiz isə daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdır”.