Azərbaycanın aqrar sektorunda və ərzaq bazarında müzakirə olunan əsas məsələlərdən biri ət idxalıdır. Bu ilin 9 ayında ölkəyə 38 min tona yaxın ət gətirilib, idxal olunan ətin dəyəri isə 18 faiz artıb.
Məsələ təkcə idxal statistikası ilə məhdudlaşmır. Burada ərzaq təhlükəsizliyi, fermerlərin gəlirləri və yerli istehsalın inkişafı kimi amillər də ön plana çıxır.
Milli Məclisin deputatı Vüqar İskəndərov Modern.az-a açıqlamasında bildirib ki, ət idxalının artması yalnız yerli istehsalın azalması ilə əlaqəli deyil. Onun sözlərinə görə, istehlak tələbatı, bazardakı qiymət siyasəti və emal müəssisələrinin ehtiyacları da bu prosesə təsir göstərir.
Deputat qeyd edib ki, heyvandarlıq sahəsində yem bazasının məhdudluğu, örüş sahələrindən səmərəsiz istifadə, damazlıq təsərrüfatlarının yetərincə inkişaf etməməsi və fermerlərin müasir texnologiyalara çıxış imkanlarının zəifliyi istehsal xərclərini artırır. Nəticədə yerli istehsalçılar idxal məhsulları ilə rəqabətdə çətinlik çəkirlər.
“Ölkədə ətin qiymətini yalnız bazarda deyil, ilk növbədə fermada formalaşdıran problemləri həll etməliyik. Fermer üçün yem bahadırsa, saxlanma xərcləri yüksəkdirsə, istehsalın genişlənməsini yalnız inzibati tədbirlərlə təmin etmək mümkün deyil”, – deyə Vüqar İskəndərov bildirib.
Deputat müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsinə də toxunub. O, kənd təsərrüfatı heyvanlarının müəyyən edilmiş minimum çəki və yaş həddinə çatmadan kəsilməsinin qarşısının alınması ilə bağlı yanaşmanın heyvandarlığın davamlı inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, xüsusilə quzuların vaxtından əvvəl kəsilməsi uzunmüddətli perspektivdə təsərrüfatların ümumi ət istehsalına təsir göstərə bilər. Lakin bu sahədə məhdudiyyətlər tətbiq edilərkən fermerlərin iqtisadi imkanları da nəzərə alınmalıdır.
“Qanun fermerə yalnız nəyi etməməyi deməməli, onun düzgün qərar verməsi üçün iqtisadi şərait də yaratmalıdır. Quzunun daha uzun müddət saxlanılması əlavə yem, qulluq və maliyyə tələb edir. Fermerə bu imkan yaradılmadan sərt məhdudiyyətlərin tətbiqi əks nəticə verə, qeyri-rəsmi kəsim hallarını artıra bilər”, – deyə deputat qeyd edib. Minimum kəsim çəkisi və yaş hədləri heyvanların cinsinə, yetişdirilmə xüsusiyyətlərinə və baytarlıq tələblərinə uyğun müəyyənləşdirilməlidir. O, heyvanların elektron identifikasiyasının, kəsim məntəqələrində şəffaf qeydiyyatın və baytarlıq nəzarətinin gücləndirilməsini də vacib sayır.
Deputat kiçik fermerlərin dəstəklənməsinin əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, iri təsərrüfatların inkişafı ilə yanaşı, kiçik fermerlərin bazarda rəqabət imkanları qorunmalı, kooperativləşmə, güzəştli maliyyələşmə və yem təminatı vasitəsilə onların fəaliyyətinin genişləndirilməsinə şərait yaradılmalıdır. Yeni qanunvericilik çərçivəsində fermerlərin dəstəklənməsi, damazlıq heyvandarlığın inkişafı, yem istehsalının artırılması və kəsim qaydalarının təkmilləşdirilməsi paralel şəkildə həyata keçirilməlidir. Azərbaycanın əsas məqsədi idxalı tamamilə qadağan etmək deyil, yerli istehsalın rəqabət qabiliyyətini artırmaq, xarici bazarlardan asılılığı azaltmaq və əhalinin keyfiyyətli ət məhsulları ilə münasib qiymətə təminatını gücləndirmək olmalıdır.
“Əsas prinsip sadədir: fermer qazanmalıdır ki, istehsal artsın, istehsal artmalıdır ki, idxaldan asılılıq azalsın. Qanunun real uğuru da kağız üzərindəki müddəalarla deyil, kəndlinin təsərrüfatında, bazardakı qiymətlərdə və vətəndaşın süfrəsində hiss olunmalıdır”, – deyə Vüqar İskəndərov əlavə edib.