Azərbaycanda yay aylarında suvarma suyu çatışmazlığı əsasən yağıntının az olduğu, havanın yüksək temperaturu ilə səciyyələndiyi və suvarılan əkin sahələrinin geniş yayıldığı ərazilərdə daha kəskin müşahidə olunur.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Məlumata görə, hazırda suvarma suyu ilə təminatda əsas çətinliklərin qeydə alındığı su mənbələri və onların xidmət etdiyi rayonlar aşağıdakı kimi sıralanıb:
Araz çayının aşağı axını: Sabirabad, Saatlı, İmişli, Salyan və Neftçala rayonları;
Araz çayından qidalanan Xan-Arx kanalı: Beyləqan və Ağcabədi rayonları;
Tərtərçay çayının aşağı axını: Ağcabədi və Goranboy rayonları;
Samur-Abşeron kanalı: Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonları;
Pirsaatçayının xidmət sahəsi: Hacıqabul rayonu.
Xüsusilə Tərtərçay çayının aşağı axınında yaranan su çətinliyini aradan qaldırmaq üçün alternatif olaraq subartezian quyuları qazılır. Lakin son illərdə yeraltı su ehtiyatlarının səviyyəsinin bəzi ərazilərdə təxminən 20 metrədək enməsi nəticəsində qazılmış subartezian quyularının debiti və məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb:
"Bu hal quyular vasitəsilə tələb olunan həcmdə suyun verilməsini çətinləşdirərək kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlər yaradır və mövcud su çatışmazlığını daha da dərinləşdirir".
R.Qurban müxtəlif su arteriyaları üzrə yaranmış vəziyyətin təfərrüatlarını da açıqlayıb. Belə ki, Araz çayında axının azalması səbəbindən Xan-Arx kanalına daxil olan suyun həcmi kifayət etmir. Bu da kanalın aşağı hissəsində yerləşən Ağcabədi rayonunun əkin sahələrində və vegetasiya dövrünün suvarma qrafikində çətinliklərə yol açır.
Oxşar vəziyyət Tərtərçayda da müşahidə olunur. Çayda su sərfinin azalması Goranboy rayonunun su təminatına mənfi təsir göstərdiyindən, tələbatı ödəyə bilmək üçün bəzi ərazilərdə suvarma məcburi olaraq növbəlilik rejimi ilə aparılır.
Samur-Abşeron kanalı üzrə isə Taxtakörpü su anbarından Ceyranbatana ötürülən içməli suyun həcminə prioritet verilir. Bu səbəbdən kanalın kənd təsərrüfatı üçün ayrılan su payı məhdudlaşır ki, nəticədə Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonlarında vegetasiya dövründə su təminatında axsamalar meydana çıxır.
Pirsaatçayında da axımın zəifləməsi və su ehtiyatlarının məhdudluğu ucbatından Hacıqabul rayonunda əkin sahələrinin suvarılması növbəlilik əsasında həyata keçirilir.