“Məhsul şəhadətnaməsi”nin qiymətli kağız funksiyası daşımasının hüquqi baxımdan müəyyən parametrləri və riskləri olduğu bildirilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsində “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Novruzəli Aslanov çıxış edib.
Deputat kənd təsərrüfatı sahəsinin spesifik olduğunu və bu səbəbdən qanun layihəsi ilə bağlı müəyyən həssas məqamların yarandığını deyib.
“Bu, çox həssas məsələ olduğu üçün gələcəkdə televiziya, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə mütəxəssislər tərəfindən insanlara daha ətraflı izah olunmalıdır.
Məhsul şəhadətnaməsinin qiymətli kağız funksiyasını daşıması hüquqi olaraq müəyyən parametr və riskləri də bərabərində gətirir. Əgər bu şəhadətnamə əldə olunursa, gələcəkdə onun başqa bir şəxsə bağışlanması və ya vərəsəlik üzrə keçməsi necə tənzimlənəcək?
Əgər gələcəkdə fors-major hallar baş verərsə, öhdəliklərin icra olunmaması zamanı fermerin torpağının və ya əmlakının əlindən alınması riski varmı?
Ən əsas məsələ maliyyəyə əlçatanlığı təmin etmək, prosedurları daha asan və rahat həyata keçirməkdir. Hesab edirəm ki, bu barədə çoxlu sualların olacağını nəzərə alaraq, ictimai sahədə, media vasitəsilə geniş müzakirələr aparılmalıdır”, - deyə deputat bildirib.