Modern.az

XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı keçirilib 

XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı keçirilib 

Mədəniyyət

Bu gün, 14:10

Türkiyənin Yalova şəhərində keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalının Qala konserti və bağlanış mərasimi keçirilib.  

Modern.az xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan festivalda Azərbaycanı “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı təmsil edib.  Qala konsertinə “Suvar” Ansamblının “Odlar yurdu” rəqsi ilə start verilib. Ansamblın üzvü Cəvahir Abdulovanın ifasında “Azərbaycan” mahnısı isə tədbirə xüsusi coşqu qatıb.  

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti festival çərçivəsində avqustun 20-də Balıkəsir vilayətində konsert proqramı ilə çıxış edib. Proqram çərçivəsində “Şadvilin suvar” (“Bayram sevinci”), “Görüş”, “Çəmənlik”, “Naz eləmə”, “İrs” və “Ləzginka avazı” rəqsləri nümayiş etdirilib. Həmçinin Cəvahir Abdulovanın ifasında “Kanidi” (“Sevdiyim”), “Sarı gəlin” və “Azərbaycan”, Elvina Heydərovanın təqdimatında isə “Perizada”, “Qara dəniz” və “İyerval” (“Gözəllik”) mahnıları səsləndirilib. Balıkəsirdəki konsert proqramından əvvəl Azərbaycan nümayəndə heyəti ləzgilərin kompakt yaşadığı Ortaca kəndini ziyarət edib. Kənd sakinləri ilə görüş zamanı Ortacanın tarixi, burada yaşayan ləzgi ailələrinin keçmişi, adət-ənənələri və mədəni irsi haqqında məlumat verilib. Görüşdə doğma dilin, milli adət-ənənələrin və folklor nümunələrinin qorunması, onların gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Beləliklə, Azərbaycan nümayəndə heyətinin festival çərçivəsində Yalova və Balıkəsirdəki çıxışları ölkəmizin zəngin folklor və musiqi ənənələrinin, rəqs və musiqi nümunələrinin geniş auditoriyaya təqdim olunmasına imkan yaradıb. “Suvar” ansamblının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Ölkəmizin festivalda iştirakı Qafqaz xalqlarının ortaq mədəni dəyərlərinin təbliği, xalqlar arasında dostluq və həmrəyliyin gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyətli olub.  

Festivalın təşkilat komitəsinə, Yalova valisi Ahmet Hamdi Ustaya və Bursa dağıstanlıları dərnəyinin rəhbəri Ramazan Kora Azərbaycan nümayəndə heyəti adından hədiyyələr təqdim olunub. 

XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı Qafqaz xalqlarının zəngin mədəni irsinin nümayişi, xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm mədəni platforma kimi yadda qalıb. 

Qeyd edək ki, Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək məqsədilə təşkil olunan festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda-Balkariya və Şimali Osetiyadan 350-dən çox sənətçi iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!