Modern.az

Şəhid Fərrux Məmmədovun dəfnindən FOTOLAR

Şəhid Fərrux Məmmədovun dəfnindən FOTOLAR

25 Aprel 2019, 16:20

Ordumuzun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, Daşkəsən rayon sakini şəhid Məmmədov Fərrux Fərman oğlunun nəşi bu gün yaşadığı Daşkəsən şəhərinə gətirilib. Daşkəsən şəhərində dəfn mərasimi keçirilib.

Modern.az xəbər verir ki, dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və bütün rayon ictimaiyyəti, rayon ziyalları, hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Rasim Manafov, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri, zabitlər, əsgər yoldaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, minlərlə rayon sakinləri və KİV nümayəndələri iştirak edib.

Şəhid Fərrux Məmmədovun yaşadığı evin qarşısında keçirilən dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev nitq söyləyərək bildirib:

- Bu gün biz buraya Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş Daşkəsən rayon sakini əsgər Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasiminə toplaşmışıq.

Mən bütün Daşkəsən rayon ictimaiyyəti adından şəhid  Fərrux Məmmədovun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyirəm.

          Şəhidimiz Fərrux Məmmədovun və Azərbaycanın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.

          Şəhidlərimizə və şəhid ailələrinə daim göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. 

          Bu gün biz - daşkəsənlilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında möhkəm, sıx birləşərək hər an döyüş əmrini gözləyirik, müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal atında olan torpaqlarımızın azad olunmasına qüdrətli, rəşadətli ordumuzla birlikdə döyüşə getməyə hazırıq.

      “Biz daşkəsənlilər - hər  birimiz bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik, şəhid Fərrux Məmmədova Allah rəhmət etsin, ruhu şad olsun.” – deyərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında deyib.

      Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Rasim Manafov və digərləri  çıxış edərək şəhidə Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib, bütün Daşkəsən ictimaiyyətinə başsağlığı veriblər.

Qardaşı oğlu ilə hər zaman fəxr etdiyini bildirən şəhidin əmisi Nəriman Məmmədov “Vətən, başın sağ olsun” söyləyib, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra şəhid Məmmədov Fərrux Fərman oğlunun cənazəsi hərbi orkestrin ifasında matəm marşının sədaları altında son mənzilə yola salınıb. Şəhidin cənazəsi minlərlə rayon sakinin müşayiəti ilə Şəhidlər xiyabanına gətirilib.

Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin anası Sevil Məmmədovaya  təqdim edilib. Şəhidin anası üçrəngli bayrağı öpərək “Vətən sağ olsun, göstərilən diqqət, qayğıya görə Prezidentimizi Allah qorusun” deyib.

Şəhid hərbçimizin cənazəsi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Məlumat üçün bildirək ki, Məmmədov Fərrux Fərman oğlu 8 aprel 1992-ci ildə Daşkəsən şəhərində anadan olub. Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta məktəbi bitirib. 2010-cu ildən müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2019-cu ilin mart əvvəllərində  hərbi hissədə xidməti vəzifə borcunu yerinə yetirərkən qar uçqununa düşərək həlak olub. Onun 1 qız övladı yadigar qalıb.

 

Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir