Modern.az

Deputatlar da siyahıyaalınmadan kənarda qalıblar: “Bizə gələn olmayıb”

Deputatlar da siyahıyaalınmadan kənarda qalıblar: “Bizə gələn olmayıb”

11 Oktyabr 2019, 17:29

Oktyabr ayının 1-dən 10-na kimi Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçirildi. Dövlət Statistika Komitəsi siyahıyaalınmanın bütün ölkə ərazisini əhatə etdiyini bildirsə də, sosial şəbəkələrdə bununla bağlı insanların narazılığı müşahidə olunur. Belə ki, əksəriyyət onların yaşadığı ünvana siyahıyaalınma üçün heç kimin gəlmədiyini, bu prosesdə iştirak edə bilmədiklərini qeyd edir.


Modern.az
-ın əməkdaşı bu iddiaları nəzərə alaraq, Milli Məclisin üzvləri ilə əlaqə saxlayıb və siyahıyaalınmada iştirak edib-etmədikləri ilə maraqlanıb.


Aqil Abbas siyahıyaalınmada iştirak edib. O prosesdən razı qaldığını deyir:

“Siyahıyaalınma üçün yaşadığımız ünvana gəlmişdilər, 2 nəfər əməkdaş çoxlu suallar verdi, biz isə cavablandırdıq. Əslində bu qədər ətraflı aparılması məndə bir az təəccüb doğurdu. Bütün ailə üzvlərini siyahıya aldılar. Suallar ailə vəziyyəti, doğum tarixi, ailə üzvləri haqqında məlumat, təhsil durumu, xüsusilə işləyib-işləməməyimizlə bağlı idi”.


Araz Əlizadə
isə siyahıyaalınmada iştirak edə bilməyib:

“Bununla bağlı bizim yaşadığımız ünvana heç kim gəlməyib”.


Asim Mollazadə də eynilə, onlara müraciət edilmədiyini söyləyib:

“Siyahıyaalınma üçün bizə gələn olmayıb”.


Siyahıyaalınma prosesində iştirak etməyən deputatlardan biri də Aydın Mirzəzadədir. O, bununla əlaqədar heç kimin yaşadıqları ünvana gəlmədiyini bildirib:

“Bizim evimizə siyahıyaalınma üçün gəlməyiblər. Ümid edirəm ki, növbə çatmadığına görə hələlik prosesdən kənar qalmışıq”.


Elman Məmmədovun ailəsini isə siyahıya alıblar:

“Amma bizə çox sual verilmədi. Təvəllüdlər, ailə üzvləri, iş yerləri barədə məlumatları qeyd etdilər”.


Fazil Mustafa da siyahıyaalınmadan keçdiklərini bildirib:

“Qardaşım da yaxında yaşayır, onların ailəsi ilə də maraqlanıblar, prosesi həyata keçiriblər. Bizimlə bağlı problem olmasa da, sosial şəbəkələrdə əksəriyyət bu prosesdə iştirak etmədiyini yazır. Düşünürəm ki, bu araşdırılmalıdır”.


Kamilə Əliyeva da siyahıyaalınma üçün onlara müraciət edildiyini təsdiqləyib:

“İcra hakimiyyətindən nümayəndələr qapımızı döymüşdülər. Blankları sərbəst doldura bilməyən ailə üzvlərimizə kömək etdilər. Anketi mən də doldurdum. Suallar çox yaxşı tərtib olunmuşdu”.


Elman Nəsirov da deyir ki, prosesdə iştirak edib:

“Yasamal rayonunda yaşayıram və bizə də gələrək, siyahıya aldılar”. 


Çingiz Qənizadə iki nəfərin siyahıyaalınma üçün onların yaşadığı ərazidə qeydiyyat apardığını deyib:

“Anketdə qeyri-adi suallar yox idi. Hər kəsdən təvəllüdünü, harada doğulduğunu və qeydiyyatda olduğu ünvanı, iş yerlərini soruşdular. Bu qədər”.


Siyahıyaalınma müddətində Bakıda olmayan deputatlarımız da var.


Əflatun Amaşov
xaricdə olduğunu, siyahıyaalınmada iştirak edə bilmədiyini söyləyib:

“Mən hələ bu gün vətənə qayıdıram. Siyahıyaalınma prosesində iştirak etməmişəm. Bununla bağlı hələlik mənə zəng, yaxud hər hansı formada müraciət də olunmayıb”.  


Tahir Kərimli isə rəsmi tədbirlərlə bağlı deputat seçildiyi rayonda olub:

“Buna görə, mən özüm siyahıyaalınmada iştirak etməmişəm. Düzünü desəm, ailə üzvlərimdən də prosesdə iştirak edib-etmədiklərini maraqlanmadım. Yəni siyahıyalınma üçün qapımızın döyülməsindən xəbərsizəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir