Modern.az

Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu

Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu

17 Oktyabr 2019, 18:55

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyli və Familə Vəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Virtualaz.org-un xəbərinə görə, Xətai rayonunda yerləşən 40 saylı notariat kontorunun müdiri Şəhla Hüseynovanın evindən 374 min manat pul və və qızıl-zinət əşyaları oğurlanıb. Ş.Hüseynova oğurluqda əsasən F.Vəliyevanı günahkar bilib.

Bildirib ki, adıçəkilən qadın vaxtilə onun evində işləyib, etimadını qazanıb, sonra da belə bir cinayət törədib. İstintaq materiallarına görə, Familə digər təqsirləndirilən şəxslərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları “evi aparmağa” yönləndirib. Notariat kontorunun müdiri ona dəymiş ziyanın tam ödənilməsini tələb edib.

Təqsirləndirilən şəxslərdən dörd nəfəri günahsız olduqlarını deyiblər və ittihamı qəbul etməyiblər. İstintaq dövrü onlara təzyiq olunduğu üçün etirafedici ifadələrə imza atdıqlarını bildiriblər.

 

Familə Vəliyeva ifadəsində deyib ki, zərərçəkmiş onu həbsə göndərmək istəyir: “İstintaq düzgün aparılmadı. Şəhla xanım əvvəlcə ərizəsində ona 100 min manat ziyan dəydiyini göstərirdi, sonra məbləğ 374 minə qalxdı. Özü də yaxşı bilir ki, mənim günahım yoxdur. Sadəcə, bizim onunla şərikli obyektimiz var, nəyin bahasına olur olsun, məni həbsə göndərmək istəyir ”.

Qeyd edək ki, təqsirləndirilən İmamverdi Həsənov istintaq zamanı ilkin ifadəsində onlara notarius rəhbərinin evini Familənin nişan verdiyini deyib. Məhkəmə təqsirləndirilən şəxslərin günahsızlığı, işgəncə altında ifadələri imzalaması barədə deyilənləri özünümüdafiə cəhdi kimi qiymətləndirib. Məhkəmənin hökmü ilə Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənov 7 il, Familə Vəliyeva 5 il, Sahib Həsənbəyli isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü