Moskva tarixində ən kütləvi dron hücumlarından birinə məruz qalıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, Ukraynadan şəhərə yönələn 137 pilotsuz uçuş aparatlarının bir hissəsi Moskva və ətraf ərazilərə düşüb.
Hücum nəticəsində şəhərin müxtəlif nöqtələrində dağıntılar qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, Azərbaycan əsilli rusiyalı iş adamları Zarah İliyev və Qod Nisanova məxsus olan, Moskvanın ən böyük ticarət mərkəzləri hesab edilən "Sadovod" bazarı da zərbəyə məruz qalıb.
Bazarın ərazisinə dron qalıqları düşüb və inzibati binada dağıntı qeydə alınıb.
Ukrayna dronları Moskva Neft Emalı Zavodu, Jukovski, Elektrostal, Lyuberets, Çexov və Pavlovski Posad şəhərlərində sənaye zonaları və yaşayış binalarına ziyan vurub.
Moskvanın "Vnukovo", "Şeremetyevo" və "Jukovski" hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb, MКАD-ın cənub-şərq hissəsində hərəkət çətinləşib.
Xatırlladaq ki, 65 hektar ərazidə yerləşən "Sadovod" bazarı Rusiyanın ən böyük topdan və pərakəndə ticarət mərkəzidir.