Televiziya qarşısında keçirdiyimiz dəqiqələr, əslində, cəmiyyət olaraq maraqlarımızın, zövqümüzün və intellektual tələblərimizin aynasıdır. Son vaxtlar yerli efir məkanında aparılan islahatlar, bəzi qalmaqallı və sosial layihələrin qapadılması teleməkanın funksiyası ile bağlı müzakirələri yenidən alovlandırıb. Görəsən, hər gün cəmiyyətin problemlərini müzakirə edən, qanunlar təklif edən millət vəkillərimiz pultu əllərinə alanda özləri hansı verilişləri seçirlər? Onlar efirdə cəmiyyətin real mənzərəsini görə bilirlərmi?
Modern.az olaraq deputatlar arasında sorğu keçirdik və onlardan hansı proqramları izlədiklərini, yerli televiziyaların mövcud vəziyyətini necə dəyərləndirdiklərini soruşduq. Məlum oldu ki, millət vəkilləri əyləncəli və şou xarakterli kontentlərdən uzaq durmağa çalışır, daha çox xəbər, analitika və intellektual layihələrə üstünlük verirlər.

Məsələn, millət vəkili Razi Nurullayev televiziyaya ayırdığı vaxtın kifayət qədər məhdud olduğunu və qalmaqallı verilişlərə heç vaxt baxmadığını bildirir. Onun seçimi daha çox kənd həyatı, rayonların gündəlik qayğıları, aqrar sahə və təbiətlə bağlı proqramlardır. R.Nurullayev hesab edir ki, bu tip layihələr ölkənin real potensialını göstərir və ekranlarda süni şoular deyil, kəndlinin zəhmətini əks etdirən səmimi məzmunların sayı artırılmalıdır. Digər tərəfdən, həmkarı Naqif Həmzəyev televiziyada demək olar ki, yalnız xəbərləri və siyasi proqramları izlədiyini vurğulayır:
"Bədii kontent olaraq isə ailə üzvlərimlə birlikdə İTV-də yayımlanan "Mən, Lalə və Şerlok Holms" serialına baxıram. Ümid edirəm uşaqlarımız üçün yeni filmlər və proqramlar daha çox hazırlanacaq".

Maarifçilik mövzusuna toxunan Fazil Mustafa da daha çox elmi biliklərin təbliğinə və intellektual verilişlərə üstünlük verdiyini qeyd edir. Onun sözlərinə görə, İTV-nin "Sabaha saxlamayaq", "Ötən günlər" və Müsəllim Həsənovun hazırladığı layihələr bu mənada çox uğurludur. Yumor janrında isə "Komedixana"nı istedadlı aktyor heyətinə görə bəyənən deputat, AzTV, Mədəniyyət TV və idman proqramlarını da izləyir. F.Mustafa sosial verilişlərin bağlanmasının lehinə olmadığını, sadəcə reytinq xatirinə əndazəni aşan məzmunların maarifləndirici istiqamətdə dəyişdirilməli olduğunu düşünür.

Televiziyaların ümumi inkişafını müsbət qiymətləndirən Aydın Hüseynov isə ekranların getdikcə təkmilləşdiyini və cəmiyyəti maraqlandıran prosesləri daha yaxşı təhlil etdiyini deyir. Şəxsi seçiminə gəldikdə, o da digər həmkarları kimi informasiya yükü ağır olan və analitik təhlillər aparan verilişləri dinlədiyini, gələcəkdə belə geniş əhatəli proqramların sayının daha da artmasını istədiyini vurğulayır.
Televiziyaya millət vəkili kimi deyil, bir vətəndaş kimi baxdığını söyləyən Aydın Mirzəzadə isə əsasən xəbərləri, mədəniyyət və tarix layihələrini izləyir. O, tamamilə fərqli və modern bir proqram siyasəti təklif edir:
"Mən televiziya rəhbəri olsaydım, verilişlərin müddətini 20 dəqiqədən artıq etməz, aralarda yeni musiqiçilərin işlərini ödənişsiz təqdim edərdim. Kriminal və bədbin xəbərləri isə tamamilə efirdən yığışdırardım. Bunun əvəzinə regionlar, universitetlər, ana-uşaq sağlamlığı və psixologiya ilə bağlı qısa, 5 dəqiqəlik faydalı verilişlər yayımladardım. Bu, həm dövlət tərəfindən dəstəklənər, həm də böyük şirkətlərin reklam marağına səbəb olardı".

Bu məqamda televiziyaların formatında ciddi dəyişikliyə ehtiyac olduğunu düşünən Arzuxan Əlizadə də milli-mənəvi dəyərlərə zərbə vuran, gənclərin zövqünü korlayan bəzi əyləncəli verilişlərin bağlanmasını müsbət addım kimi dəyərləndirir. Özünün daha çox ciddi xəbər proqramlarını izlədiyini deyən A. Əlizadə, hazırda yerli uşaq filmlərinin və seriallarının yoxluğundan gileylənir. O, xaricdən gələn aqressiv məzmunların məktəblərdə bullinqi artırdığını, buna görə də uşaqlara mərhəmət aşılayan və tarixi qəhrəmanlarımızı tanıdan yeni yerli ekran işlərinin çəkilməli olduğunu vurğulayır.

Nəhayət, müasir kommunikasiya dövründə alternativlərin çoxluğuna diqqət çəkən Zahid Oruc televiziyaların dəyişən dövlət və milli gündəliyimizi efir siyasətində mütləq əks etdirməli olduğunu bildirir:
"Qarabağ zəfərini, doğma torpaqlarına dönən insanların hekayələrini bugünkü süni intellekt texnologiyalarından da istifadə edərək asanlıqla ekranlaşdırmaq olduqca rahat və mümkündür. Bunun üçün külli miqdarda pula və sair də ehtiyac yoxdur. Bununla yanaşı, uşaqların sosial şəbəkə asılılığından qorunması üçün keyfiyyətli cizgi filmlərinin yaradılması, texnoloji, kosmik Azərbaycan və sülh gündəminin efir hədəflərinə çevrilməsini təklif edərdim".
Seyrəkləşən ucqar kəndlərin həyatını cəlbedici şəkildə göstərən proqramların böyük tamaşaçı kütləsi toplayacağını deyən Z.Oruc, Audiovizual Şuranın araşdırmalarına istinadən efirdə gənclər və uşaq kontentinin cəmi 1-5 faiz arasında olduğunu xatırladıb. O, cəmiyyətin mənəvi inkişafı üçün bu kontentin mütləq artırılmalı olduğunu diqqətə çatdırıb.