Modern.az

Azərbaycanda 28 illik qanun yenilənir

Azərbaycanda 28 illik qanun yenilənir

Parlament

Bu gün, 13:36

"1998-ci ildə qəbul edilmiş "Kitabxana işi haqqında" qanunun yenilənməsi artıq zərurətə çevrilib. Mövcud qanun XX əsrin reallıqları əsasında hazırlanıb və bu gün kitabxana sisteminin qarşısında duran yeni çağırışlara tam cavab vermir".

Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Elnarə Akimova deyib.

Deputat bildirib ki, iyunun 10-da Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə zamanı bu məsələlər geniş şəkildə müzakirə olunub və mədəniyyət nazirinin müavini Fərid Cəfərov qanunun yenilənəcəyini açıqlayıb.

"Bu qərar gecikmiş olsa da, vacib addımdır. Hazırkı qanun internetin, elektron kitabların, rəqəmsal arxivlərin və onlayn xidmətlərin bugünkü səviyyədə olmadığı dövrdə qəbul edilib. Halbuki müasir kitabxana artıq sadəcə kitab saxlanılan məkan deyil. O, informasiya mərkəzi, rəqəmsal platforma, təhsil və araşdırma məkanıdır. Qanunda elektron kitab fondlarının idarə olunması, rəqəmsal resurslara çıxış, vahid elektron kataloq sistemi, müəllif hüquqları ilə rəqəmsal xidmətlərin balansı kimi məsələlər ya ümumiyyətlə əksini tapmayıb, ya da kifayət qədər tənzimlənməyib", – deyə o bildirib.

Deputatın sözlərinə görə, kitabxana sistemində digər mühüm problemlər idarəetmə və maliyyələşdirmə mexanizmləri ilə bağlıdır:

"Dövlət hər il bu sahəyə milyonlarla manat vəsait ayırır. Ancaq əsas məsələ ayrılan vəsaitin həcmi deyil, onun səmərəli istifadəsidir. Bu gün elə kitabxanalar var ki, oxucu sayı çox azdır, amma saxlanma xərcləri yüksəkdir. Digər tərəfdən, müasir xidmət göstərmək istəyən kitabxanalarda texniki imkanlar və peşəkar kadr çatışmazlığı hiss olunur. Mövcud qanun bu problemlərin həlli üçün çevik mexanizmlər təqdim etmir".

E.Akimova hesab edir ki, yeni qanunun əsas hədəflərindən biri kitabxanaların rəqəmsal transformasiyasının hüquqi əsaslarını yaratmaq olmalıdır.

"Vahid elektron kitabxana şəbəkəsinin qurulması, fondların rəqəmsallaşdırılması, region kitabxanalarının mərkəzi sistemə inteqrasiyası, oxucuların ölkənin istənilən nöqtəsindən elektron resurslara çıxış əldə etməsi artıq zərurətdir. Bununla yanaşı, kitabxanaçı peşəsinin nüfuzunun artırılması, əməkhaqlarının yaxşılaşdırılması və peşə hazırlığının gücləndirilməsi də yeni qanunda əksini tapmalıdır. Nazirliyin informasiya texnologiyaları üzrə çalışan əməkdaşların attestasiyasını gündəmə gətirməsi də gələcək kitabxana modelinin daha çox rəqəmsal bacarıqlara əsaslanacağını göstərir", – deyə deputat qeyd edib.

Elnarə Akimova ictimai dinləmədə səsləndirdiyi təkliflərə də toxunub. O bildirib ki, çap olunan kitabların kitabxanalara çatdırılması və bu prosesin elektron sistem üzərindən izlənilməsi təmin edilməlidir.

"Yeni nəşrlərin vahid elektron reyestri yaradılmalı, kitabxanalar həmin bazaya çıxış əldə etməlidirlər. Bölgə kitabxanalarının fondları, xüsusilə uşaq və yeniyetmə ədəbiyyatı ilə mütəmadi zənginləşdirilməlidir. Rayon və kənd kitabxanalarında müasir uşaq ədəbiyyatı guşələri yaradılmalı, yerli müəlliflərin kitablarının əlçatanlığı artırılmalıdır. Kitabların təbliği və oxu mədəniyyətinin inkişafı üçün nəşriyyatlar üçün təşviqedici mexanizmlər hazırlanmalıdır. Kitabxanalar yalnız kitab saxlanılan məkan deyil, mütaliə, yaradıcılıq və maarifləndirmə mərkəzləri kimi fəaliyyət göstərməlidirlər".

Deputatın fikrincə, ən vacib məsələ yalnız qanunun dəyişdirilməsi deyil, kitabxanaya münasibətin dəyişməsidir.

"Kitabxana sadəcə kitab götürüb qaytarılan yer kimi qalmamalıdır. O, gənclərin öyrəndiyi, araşdırdığı, müzakirə apardığı, yeni ideyalar yaratdığı canlı ictimai məkana çevrilməlidir. Əgər yeni qanun bu fəlsəfəni özündə əks etdirə bilsə, söhbət təkcə qanun dəyişikliyindən deyil, bütövlükdə kitabxana mədəniyyətinin yenilənməsindən gedəcək. İnformasiya bolluğunun keyfiyyətli biliyi kölgədə qoyduğu dövrdə kitabxanaların yenidən cəmiyyətin intellektual mərkəzinə çevrilməsi ən vacib vəzifələrdən biridir. Yeni qanun keçmişin problemlərini deyil, gələcəyin ehtiyaclarını hədəfləməlidir", – deyə Elnarə Akimova vurğulayıb.
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır