Azərbaycan ədəbi mühitinə ağır itki üz verib. Tanınmış şair-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. Onun yaradıcılığı Azərbaycan poeziyasında özünəməxsus yeri olan, fərqli dəsti-xətti ilə seçilən nümunələrdən ibarətdir. Dünyaya göz açdığı Cəbrayıla, doğulduğu Böyük Mərcanlı kəndinə qırılmaz tellərlə bağlı olan şairin şeirlərində vətən sevgisi, yurd həsrəti, insan taleyi, milli-mənəvi dəyərlər və həyat həqiqətləri xüsusi yer tutur. Oxucular onun misralarında həm bir şairin duyğularını, həm də bir el ağsaqqalının hikmətini görürlər.
10 dekabr 1945-ci il tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub böyümüş İsmayıl İmanzadə ömrünü sözə, ədəbiyyata, vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr edib. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər müxtəlif orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə xoş duyğular bəxş edən misralar pıçıldayıb. İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub.
İsmayıl imanzadə doğma Cəbrayılın ictimai-siyasi həyatında həmişə fəal rol oynayıb.
Şairin vəfatı yalnız ailəsinin, doğmalarının deyil, həm də onu tanıyan yüzlərlə qələm adamının, poeziyasını sevən minlərlə oxucusunun, dostlarının və şagirdlərinin qəlbində dərin kədər hissləri yaradıb.
1993-cü ildə Cəbrayıl rayonunun işğalından sonra minlərlə soydaşımız kimi, o da doğma yurdundan didərgin düşmüş, Mingəçevirə pənah aparmışdı.
Uzun illər idi ki, Mingəçevir şəhərində məskunlaşan İsmayıl İmanzadə bir müddət Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “Mingəçevir” qəzetində redaktor işləyib. 1999-cu ildən isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” ədəbi-bədii dərgisinin təsisçisi və baş redakoru olub.
Köçkünlük həyatı onun taleyinin ən ağrılı səhifəsinə çevrilmişdi. İllərlə qəlbində gəzdirdiyi nisgil, həsrət və qayıdış arzusu yazılarında, şeirlərində öz əksini tapırdı. O, işğal altındakı torpaqların ağrısını yaşayan, bu ağrını sözə çevirən qələm sahiblərindən idi.
İsmayıl İmanzadənin 30-a yaxın kitabı işıq üçü görüb. Tanınmış bəstəkarlardan Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev və başqaları şairin sözlərinə müsiqilər bəstələyib.
“20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AzTV-nin qızıl fondunda saxlanılır.
İsmayıl İmanzadənin ən böyük arzusu doğma Cəbrayıla - Böyük Mərcanlı kəndinə qayıdaraq ömrünün son illərini ata-baba yurdunda keçirmək idi.
İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq hissləri əlavə olunmuşdu. 1993-cü ildə doğma yurdu tərk edərkən evinin açarlarını da özü ilə götürən şair, onu əziz bir xatirə kimi özündə saxlayırdı. İsmayıl İmanzadə yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Böyük Mərcanlı kəndində çıraq yandırmağa tələsirdi.
“Kəndimizə - Böyük Mərcanlıya gedəcəyəm. Bilirəm ki, orda heç nə qalmayıb, amma olsun, dünya malı dünyada qalır. Ömür vəfa eləsə, o evimizi təzədən tikəcəm. Ordan Çoban bulağına qalxacam. Onun suyundan ovuclayıb içəcəm. Atamın, babamın qəbirləri Cəbrayıldadır. Onların qəbrini tapacam, ruhlarına dua oxuyacam. Nəslimizdən 14, kəndimizdən isə 100-dən artıq şəhid var. Anam, bacılarım, qardaşım isə köçkünlük zamanında dünyasını dəyişdilər. Əhdim var, dövlətdən icazə alıb, anamın qəbrini doğma kəndimizə köçürəcəyəm. Vətəndə qərib olmaq böyük bəladır. Qərib qəbir isə insanı daha çox yandırır. Söz, poeziya olmasaydı, bəlkə mən də dözməz, bu günləri görməzdim. Çünki dərdimi, nisgilimi sözə yüklədim. Söz mənim dərdimdən çat-çat oldu. Tək özümün yox, bütün bu xalqın dərdini sözlə ifadə elədim həmişə”, - deyə İsmayıl müəllim 2020-ci ilin oktyabrında Cəbrayıl rayonu işğaldan azad olunandan sonra verdiyi müsahibədə bildirmişdi.
Təəssüf ki, tale ona bu arzularını tam yaşamağa imkan vermədi. O, ömrü boyu həsrətini çəkdiyi torpağın qoxusunu ürəyində daşıyaraq bu dünyadan köçdü.
Cəbrayılın hörmətli ağsaqqallarından olan İsmayıl müəllim təkcə yaradıcılığı ilə deyil, insanlığı ilə də seçilirdi. Onun sözü, məsləhəti və xeyirxahlığı çoxlarının həyatında iz qoymuşdu. Gənc və orta nəslin nümayəndələri arasında onu özünə ustad hesab edənlərin sayı az deyildi. İsmayıl İmanzadə gənc qələm sahiblərinə daim dəstək olur, onların inkişafına kömək göstərirdi.
Doğma el-obaya, Cəbrayıla həsr etdiyi yüzlərlə şeir və publisistik yazı onun mənəvi irsinin qiymətli hissəsidir. Bu əsərlər həm bir insanın vətən sevgisinin, həm də bir xalqın yaddaşının bədii salnaməsi kimi yaşayacaq.
İsmayıl İmanzadə mənim üçün təkcə tanınmış şair-publisist deyil, həm də orta məktəb illərində Azərbaycan dili və ədəbiyyatı fənnini sevdirən müəllim olub. İllər keçsə də, müəllim-şagird əlaqəmiz qırılmamışdı. Xüsusilə torpaqlarımız azad olunandan sonra arabir telefonla danışar, doğma Cəbrayılımızdan, Böyük Mərcanlıdan, yurd yerlərimizin taleyindən söhbət açardıq. O danışdıqca, hər kəlməsindən doğma torpağa qovuşmağın sevinci hiss olunurdu. Bu gün onun səsini, səmimi söhbətlərini və vətən sevgisi ilə dolu fikirlərini böyük ehtiramla xatırlayıram.
Ruhunuz şad olsun, əziz müəllimim!
Əfqan Qafarlı