ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı etdiyi güzəştlər müqabilində Tehrana qarşı tətbiq olunan dəniz blokadasını aradan qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social platformasında yazıb.
Bununla belə, o bildirib ki, zərurət yaranacağı təqdirdə blokada yenidən bərpa edilə bilər.
“İranın bu və digər mühüm güzəştləri əsasında mən Hörmüz boğazını əlavə dəniz blokadası olmadan açıq saxlamağa razılıq verdim. Bununla belə, zərurət yaranacağı halda blokadanın bərpa edilməsi üçün bütün gəmilər öz mövqelərində qalır. Hazırda isə belə bir ehtimal son dərəcə aşağı görünür”.
Trampın sözlərinə görə, ABŞ hərbi dəniz qüvvələri bölgədə fəaliyyətini davam etdirir, lakin hazırkı şəraitdə Hörmüz boğazında blokadanın yenidən tətbiqi gözlənilmir.
Tramp bəyan edib ki, dondurulmuş İran aktivlərindən azad edilən vəsaitlər yalnız ABŞ-dan kənd təsərrüfatı məhsulları və dərmanların alınmasına sərf olunacaq.
“ABŞ Maliyyə Nazirliyi tərəfindən sərbəst buraxılan vəsaitlər və ya sanksiyalar çərçivəsində əldə olunan vəsaitlər ABŞ-ın nəzarətində olan eskrou hesabına yerləşdiriləcək və yalnız ABŞ-dan ərzaq məhsulları və dərmanların alınması üçün istifadə ediləcək. Buraya qarğıdalı, buğda və soya da daxildir”.
ABŞ liderinin sözlərinə görə, bu vəsaitlərin istifadəsi məhdudlaşdırılacaq və onlar yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş məhsulların alınmasına yönəldiləcək.
Bu açıqlama Vaşinqton və Tehran arasında nüvə məsələsi üzrə əldə olunmuş son anlaşmalar fonunda verilib.