Modern.az

Yerin göründü Şenol Günəş, yerin göründü TÜRK RUHU

Ölkə

Bu gün, 12:43

İndi hamı narazı, əsəbi şəkildə onlardan danışır. Hamı Türkiyə millisini Azərbaycanın milli komandası kimi qəbul edirdi. İllərdir ki, bu, belədir. Burada futbol sevgisindən daha çox qardaşlıq hissi hakim idi.

Türkiyə millisi bu sevgini, bu inamı Amerikada məğlub etdi. Əlbəttə, məğlubiyyətin sahibi olmur. Qələbə qazansaydılar, bu gün tamam başqa söhbətlər gedəcəkdi. Məsələ uduzmaqda yox, necə uduzmaqa, meydanda nə göstərməkdədir.

Türkiyə millisi Amerikada futbol oynaya bilmədi. Ən zəif komanda kimi görünərək üzüqara çıxmış, başı qırxılmış gəlin kimi evinə göndərildi. Hamımız üçün böyük xəyal qırıqlığıdır. Gözləntilərimizi Sakit okenda batırdı Türkiyə millisi.


Azərbaycan illərdir Türkiyə millisinə azarkeşlik edir. Ona görə də etiraz etməyə haqqımız var. Biz Türkiyə millisinə kənardan baxmırıq, bu komandaya ürək vermiş insanlarıq. Ona görə də Türkiyə millisinin Amerikada oyanaya bilməməsindən çox məyusuq.

Dünya çempionatı indi qızışır. Əsl futbol yarışı indi başlayır. Belə bir anda Türkiyə evindədir. Türkiyə millisi bizim kimi televizor qarşısında oturacaq. Halbuki, milyonlarla insan onu meydanda görmək istəyirdi.

Bu yarıtmazlığı görəndə aadam istər-istəməz illər əvvəlki Türkiyə millisini xatırlayır. Şenol Günəşin rəhbərlik etdiyi komandanı yada salır. O komandada sistem, intizam var idi. Hər futbolçu nə etməli olduğunu bilirdi. Kollektiv zəka vardı, komanda fərdlərdən güclü idi. Emosiya, xarakter, ölüm-dirim mübarizəsi vardı.
Məhz Şenol Güneşi rəhbərliyi altında Türkiyə millisi 2002-ci ilin dünya çempionatında 3-cü yeri tutaraq tarixinin ən böyük uğurlarından birini qazandı.


Şenol Günəşin yeri görünür. İndi Türkiyə millisinin meydanda vahid komanda idarəetməsi görünmür. Təəssüf ki, biz bu gün onun əvəzində təsadüfi həmlələr, plansız oyun və dağınıq müdafiə gördük. Futbol istedadla bərabər ağıl tələb edir. Türkiyə futbolu Şenol Günəş tələb edir.

Türkiyə millisinin baş məşqçisi italiyalı Vincenzo Montelladır. Vallah futbol merydanında onu görə bilmədik. Onun izi, komandanın üzü, dəsti-xətti yoxdur. Hətta Türkiyə millisinin hansı futbol fəlsəfəsini oynadığı bilinmir.

Ən təhlükəli məqam isə başqa yerdədir. Türkiyə futbolu son illərdə fərdi istedadların arxasında gizlənməyə başlayıb. Hamı Arda Gülərdən, bir-iki başqa futbolçudan danışır. Axı futbol fərdlərin oyunu deyil. Futbol kollektiv oyundur. Komanda olmayanda istedadlar görünə bilmir. Necə ki, Türkiyə millisi ilə bərabər Arda Gülər, bir-iki yaxşı futbolçu da biabır oldu.

Ayrı-ayrı futbolçuların üzərində dayanmaq istəmirəm. Furbolda nəticə fərdlərə yazılmır, möhürünü komandaya vurur. Bu məğlubiyyətin məsuliyyəti təkcə meydandakı futbolçuların olmadı, rəhbərliyin, texniki heyətin və planlaşdırmanın üzərində qaldı.

Futbol ən böyük siyasətdir. Futbol ölkənin vitrini sayılır. Dünyada insanlar dövlətləri çox vaxt futbol komandaları ilə tanıyır. Odur ki, Türkiiyə millsinin uğursuzluğu stadionun daxilində qalmadı, ölkənin imicini aşağı saldı.

Türkiyənin Amerikadakı oyunu adi məğlubiyyət olmadı. Türkiyə öz futbol nüfuzuna zərbə vurdu. Dünya idman ictimaiyyətində yaratdığı böyük gözləntiləri doğrulda bilmədi. Bu, ən ağır məğlubiyyətdir.


Hər məğlubiyyətin içində bir dərs də olur. Türkiyə futbolu yenidən özünə qayıtmalıdır. Futbola siyasi müdaxilələr durdurulmalıdır. Yenidən sistem qurulmalı, komanda ruhu yaradılmalıdr. Futbol təsadüfləri bağışlamır.

Futbolçunun forması milyonların ümidi, sevinci, qürurudur. O formanı geyinənlər bunu anlamalıdırlar.

Türkiyə uduzanda, Azərbaycanda da milyonlarla adamın üzü gülmür.

Ən ağrılı tərəfi bilrisiniz nədir, Türkiyənin, türkün meydanda ruhu görünmədi. Biz daha çox buna üzülürük.

Nəticə dəyişə bilər, itirilmiş ruhun geri qayıtması isə çox çətin olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV