Modern.az

Elçibəyin Kələkiyə getdiyini təyyarə uçanda bildim - MÜSAHİBƏ

Elçibəyin Kələkiyə getdiyini təyyarə uçanda bildim - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 15:05

Pənah Hüseyn: "Konstitusiyasda çoxpartiyalı siyasi sistem anlayışı ayrıca təsbit olunmayıb"

"Parlamentin səlahiyyətləri artırılmalıdır"

Azərbaycanın sabiq baş naziri, keçmiş deputat Pənah Hüseyn Modern.az-a müsahibə verib. O, partiya fəaliyyətindən, parlamentin işindən, eləcə də mərhum eks-prezident Əbülfəz Elçibəyin 1993-cü il iyunun 18-də hakimiyyəti buraxıb Kələki kəndinə getməsindən danışıb.

Pənah Hüseynlə müsahibəni təqdim edirik:

- Ötən ilin dekabrından Azərbaycan Xalq Partiyasının sədri vəzifəsində getmisiniz. Qurultay tərəfindən yeni sədrin seçilməsindən sonra partiyada hansı yeniliklər özünü göstərib?

- Mən istefa vermişəm və partiyanın qurultayı keçirilib. Qurultayda partiyanın sədri Qiyas Sadıqov seçilib. Bu yaxınlarda həm mətbuatda, həm də İdarə Heyətinin iclasında məlumat verilib ki, sədr Prezident Administrasiyasının müvafiq şöbəsinin əməkdaşları ilə görüş keçirib və bir sıra məsələlər müzakirə olunub.

Yeniliklərdən birincisi budur. İkincisi isə partiyanın informasiya siyasəti və mətbuatla əlaqələr sahəsində müəyyən irəliləyişlərin olmasıdır. Məncə, partiyanın mətbuat xidməti daha fəal işləməyə başlayıb. Partiyanın seçkili orqanlarının, İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının, həmçinin sədrin ayrıca qapalı qrupları yaradılıb.

Xidməti xarakterli müzakirələr əsasən bu formatda aparılır. Rayon təşkilatlarının rəhbərləri və seçkili orqanları üçün də həm rayonlar üzrə, həm də bütövlükdə respublika təşkilatı səviyyəsində belə qrupların yaradılması istiqamətində iş aparıldığı barədə məlumatım var.

Hazırda mən sıravi üzvəm. Amma nizamnamənin verdiyi imkanlardan istifadə edərək İdarə Heyətinin bəzi iclaslarında iştirak edirəm. Sədr ilə də mütəmadi olaraq ünsiyyətimiz var.

- İndiki sədr ilə qərarların verilməsi prosesində məsləhətləşmələriniz olurmu? Ona hansısa məsələlərdə yol göstərirsinizmi?

- Əlbəttə, indiki sədr ilə müzakirələrimiz olur. Amma sözün doğrusu, Qiyas Sadıqov partiyanın ilk təsisçilərindən biridir və bütün bu müddət ərzində faktiki olaraq sədr müavini olub. O da mənim qədər təcrübəyə malikdir və partiyadakı vəziyyət barədə kifayət qədər məlumatlıdır. Bu baxımdan xüsusi hansısa bir ehtiyac yaranmır.

Bununla belə, məsləhətləşirik. O da mənə məsləhət verir, mən də bəzi məsələlərlə bağlı fikirlərimi bildirirəm və ya hansısa məqamları soruşuram. Ancaq bu, yalnız qarşılıqlı fikir mübadiləsi səviyyəsindədir. Xüsusi təsir göstərmək və ya hansısa təsir məqsədi güdmək kimi bir məsələ yoxdur.

- Sizin partiyanızın 5 ildən bir qurultayı keçirilir. Sədrlikdən həmişəlik imtina etmisiniz, yoxsa növbəti qurultayda yenidən namizəd olma ehtimalınız var?

- Məncə, bu, o qədər də mühüm məsələ deyil. Prinsip etibarilə, bizim partiyada sədrin yalnız bir və ya iki dəfə seçilməsini nəzərdə tutan hər hansı müddəa yoxdur. Nizamnamə belə bir məhdudiyyət qoymur.

Amma mən hesab edirəm ki, hələlik partiyanın növbəti sədrləri barədə danışmaq tezdir. Hazırda partiyanın indiki sədri fəaliyyətini davam etdirir. Hər halda, Pənah Hüseyn bundan sonra sədr olmayacaq.

- Pənah bəy, bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin 1993-cü ildə hakimiyyəti buraxıb Kələkiyə getdiyi gündür. Siz həmin vaxt Baş nazir idiniz. Aranızda bu barədə hansısa danışıq olmuşdumu? Elçibəyə başqa bir yol seçməyi təklif etmişdinizmi?

- Yox, mən onda artıq Baş nazir vəzifəsindən istefa vermişdim. Düzdür, istefam hələ qəbul olunmamışdı. Amma artıq ayın 18-də vəzifəni icra etmirdim.

Bu baxımdan qeyd edim ki, Əbülfəz Elçibəyin Kələkiyə getməsi onun özü tərəfindən verilmiş qərar idi. Bu barədə sonradan mətbuatda da məlumat verilmişdi. Mənim isə təyyarə havaya qalxdıqdan sonra xəbərim olub. Çünki onu yola salan vəzifəli şəxslərdən biri yaşadığım mənzilə gələrək Prezidentin təyyarəsinin hava limanından uçduğunu mənə bildirdi.

Sözün doğrusu, həmin qərarın qəbul edildiyi anda mənim məlumatım olmayıb. Əbülfəz Elçibəyin bu barədə dediklərini təftiş etmək fikrində deyiləm. Elçibəy ölkədə gərgin vəziyyət yarandığını, vətəndaş müharibəsi təhlükəsinin meydana çıxdığını bildirirdi. Xaricdən və daxildə bəzi xarici qüvvələrə xidmət edənlərin Bakıda qarışıqlıq və terror hadisələri törətməklə dövlətçiliyi təhdid edən addımlar atmaq niyyətində olduqlarını qeyd edirdi.

Ümumi şəkildə desək, vətəndaş qarşıdurmasının önlənməsi və dövlət orqanlarının iflic vəziyyətə düşməməsi üçün prezident Azərbaycanın bir hissəsindən digər hissəsinə – Kələkiyə getmək qərarı vermişdi.

Burada vacib məqam odur ki, Əbülfəz Elçibəy iyunun 18-də Azərbaycan ərazisini tərk etməyib. Mən onun prezident olaraq qəbul etdiyi qərarları təftiş etməyi nə doğru, nə də etik hesab edirəm.

Hər halda, prezidentin həmin dövrdə atdığı addım, bəzilərinin düşündüyünün əksinə olaraq, müəyyən bir pauza yaratdı. Bu, təxribatların qarşısının alınmasına və dövlət idarəçiliyinin çöküşünün, yaxud xaosun yaranmasının qarşısının alınmasına imkan verdi.

Çünki artıq Ali Sovetin sədri seçilmişdi və bir neçə gün sonra yaranmış vəziyyətlə əlaqədar prezident səlahiyyətlərinin bir hissəsinin Ali Sovetin sədrinə verilməsi barədə Elçibəyin fərmanı da olmuşdu.

Bundan sonra aparıcı dövlətlər, o cümlədən Türkiyə və ABŞ Dövlət Departamenti ölkədə legitim hakimiyyət strukturlarının fəaliyyətinin davam etdirilməsinin vacibliyi ilə bağlı açıqlamalar vermişdilər.

Bu da həmin siyasi böhranın Azərbaycan üçün daha ağır nəticələrə səbəb olmasının qarşısını aldı. Sonradan prezidentin səlahiyyətlərindən məhrum edilməsi və referendum keçirilməsi ilə bağlı qərarların qəbul olunması məsələsində isə mənim siyasi mövqeyim Elçibəyin və onu müdafiə edən siyasi qüvvələrin mövqeyi ilə üst-üstə düşürdü.

Mən prezidentin səlahiyyətlərindən məhrum edilməsi və sonradan referendum keçirilməsi məsələlərini doğru hesab etmirdim. Hesab edirdim ki, qanuni prezident legitim hakimiyyət strukturu kimi saxlanılmalı idi.

Amma məlum hadisələr baş verdi. Hər halda, həmin hadisələrin Azərbaycan üçün mümkün qədər az itki və zərərlə nəticələnməsində Elçibəyin o dövrdə qəbul etdiyi siyasi qərarların müəyyən rolu oldu.

- Pənah bəy, Sürət Hüseynovun qiyamının qarşısını başqa yolla ala bilərdiniz? Alternativiniz vardımı?

- Yox, artıq qiyam başlamışdı və ayın 3-dən 4-nə keçən gecə qiyamın hərbi fazası başladı. Qiyam ayın 3-də başlamayıb. Qiyam əslində Kəlbəcərin işğalı və həmin dövrdə yaranmış böhrandan istifadə edilərək aprel ayının əvvəlində Surət Hüseynovun rəhbərliyi ilə yaradılmış hərbi birliklə başlanmışdı. Qiyam hərbi fazaya keçəndə də həmin qüvvə əsas rol oynadı. Daha sonra Ali Sovetin çağırılması ilə bağlı imzatoplama kampaniyası başladı. Bir sıra siyasi müxalifət qüvvələri də onlara qoşuldu. Bu, faktiki olaraq qiyamın dəstəklənməsi idi. Çünki hərbi qiyamın əsas məqsədlərindən biri kimi elan olunmuşdu ki, Gəncədə və Bakıda Ali Sovet çağırılsın və orada siyasi qərarlar qəbul edilsin. Daha sonra ayın 3-dən 4-nə keçən gecə, sonradan faktiki olaraq hərbi yolla hakimiyyət çevrilişinə nail olmaq üçün hazırlanmış qüvvələr hərəkətə keçdi. Dövlət orqanları və onların qüvvələri isə bunun qarşısını ala bilmədi. Məsələnin mahiyyəti bundan ibarətdir. Yoxsa bunun qarşısının alınması üçün hansısa yeni üsullar lazım idi?

O dövrdə yayılmış və bu gün də bəzi şəxslərin səsləndirdiyi bir fikir var ki, guya Surət Hüseynovun üzərinə gedilib və o da buna müdafiə xarakterli reaksiya verib. Bu, qiyamçıların həmin dövrdən irəli sürdüyü və bu gün də bəziləri tərəfindən davam etdirilən yanaşmadır. Guya onların üzərinə gedilib və onlar özlərini müdafiə ediblər. Bu, doğru olmayan bir yanaşmadır. Qiyam təxminən aprelin əvvəllərində başladı, may ayında isə sürətləndi. Mayın 10-da Surət Hüseynovun rəhbərlik etdiyi qurum tərəfindən dövlət orqanlarına ultimatum verilmişdi ki, ayın sonuna qədər müəyyən tələblər yerinə yetirilsin. Kəlbəcərin azad olunması, əməkhaqlarının dörd dəfə artırılması və sair kimi tələblər irəli sürülürdü. Onlar faktiki olaraq hakimiyyətin səlahiyyətlərini öz üzərlərinə götürürdülər. Bu proses gedirdi. Həmin ay ərzində istintaq zamanı sonradan müəyyən olundu ki, ştat cədvəlində nəzərdə tutulandan dəfələrlə çox sayda silahlı qüvvə formalaşdırılıb. Bu silahların da Rusiya qoşunları çıxarkən gizli şəkildə həmin qiyamçı qüvvələrə verildiyi aşkarlandı. Bundan sonra onlar hərəkətə keçdilər. Dövlət orqanları da müəyyən cəhdlər göstərirdi ki, bunun qarşısını alsın. Müxtəlif məlumatlar və informasiyalar daxil olurdu. O baxımdan da guya bunun qarşısı başqa cür alına bilməzdi fikri doğru deyil. Amma konkret hadisələr başlayandan sonra hesab edirəm ki, daha qətiyyətli davranılmalı idi. Dövlət konstitusiyada nəzərdə tutulmuş bütün vasitələrdən, o cümlədən legitim təhlükəsizlik orqanlarının imkanlarından daha qətiyyətlə istifadə etməli və daha cəsarətli addımlar atmalı idi. Hadisələr başa çatdıqdan sonra bunları demək, əlbəttə, daha asandır. Mən bunları bəraət qazandırmaq məqsədilə demirəm. Qiyamın məsuliyyəti bir tərəfdən qiyamı təşkil edənlərin və onu dəstəkləyənlərin üzərinə düşür. Digər tərəfdən isə qiyamın qarşısını almağa borclu olan dövlət orqanlarının da məsuliyyəti var. O cümlədən həmin dövrün Baş naziri olaraq mənim də məsuliyyətim var. Biz özümüzü bu məsuliyyətdən azad edə bilmərik. Xalqın etimadı ilə formalaşmış milli hökuməti qoruyub saxlamaq vəzifəsi konkret vəzifəli şəxslərin, o cümlədən Baş nazir kimi mənim üzərimdə idi. Biz bu məsuliyyətdən imtina edə bilmərik. Amma bu məsələlərə fərqli yanaşmaq lazımdır. Yeri gəlmişkən, mən bunu son dövrlərdə də deyirəm və görünür ki, ictimai rəy bundan kifayət qədər xəbərdar deyil. Surət Hüseynovun 1993-cü il hadisələrinə görə, 1994-cü ilin oktyabr hadisələrinə görə yox, məhz 1993-cü il hadisələrinə görə haqqında Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə – qeyri-qanuni silahlı dəstələr yaratmaq və ağır nəticələrə səbəb olan fəaliyyətə rəhbərlik etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Amma onun haqqında hökm 1994-cü ilin oktyabr hadisələrinə görə çıxarılmışdı. 1993-cü il hadisələri ilə bağlı iş isə istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilmişdi və bu günə qədər də həmin məsələ davam edir. Yəni indiki iqtidar dövründə də Surət Hüseynova 1993-cü il hadisələrinə görə çox ağır ittiham irəli sürülmüşdü. 1993-cü ildəki hadisələrə görə ona ömürlük həbs cəzasını nəzərdə tutan dərəcədə ağır ittiham verilmişdi. Digərləri, o cümlədən Eldar Əliyev və həmin prosesdə iştirak edən digər şəxslər haqqında da hökmlər çıxarılmışdı. Sizin dediyiniz məsələyə gəldikdə isə əlbəttə, başqa üsullar var idi. Amma bunlar hadisələr baş verdikdən və bütün proseslər məlum olduqdan sonra aparılan qiymətləndirmələrdir. Ümumi şəkildə isə hər bir dövlət, hər bir hakimiyyət Konstitusiya və qanunların verdiyi vasitələrdən, mexanizmlərdən istifadə edərək özünü qorumağa borcludur.

- Pənah bəy, siz həm də deputat olmusunuz. İndiki parlamentin fəaliyyətini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, parlamentin fəaliyyətini izləyirsinizmi? 

- Prinsip etibarilə, parlament və parlamentdə deputat fəaliyyəti siyasi fəaliyyətin formalarından biridir. Hətta parlamentin müəyyən hallarda icra hakimiyyətinin əlavəsi kimi çıxış etdiyi şəraitdə belə, siyasi təşkilatların və onların üzvlərinin parlamentdə fəaliyyəti siyasi fəaliyyət formalarından biri hesab oluna bilər və mən bunu məqbul sayıram. Amma açıq şəkildə demək lazımdır ki, indiki Milli Məclis müəyyən problemlərlə üz-üzədir. Təsəvvür edin ki, dünyada çox az sayda parlament var ki, orada fraksiyalar mövcud olmasın. Azərbaycan parlamenti həmin nadir nümunələrdən biridir. Hətta Rusiyada, Özbəkistanda, Gürcüstanda və digər ölkələrdə parlament fraksiyaları fəaliyyət göstərir. Azərbaycan parlamentində isə belə bir institut yoxdur. Bundan da müəyyən nəticələr çıxarmaq olar. Mən özüm prezident idarəetmə sisteminin tərəfdarıyam. Lakin hazırkı şəraitdə Azərbaycanda güclü parlamentə ehtiyac var. Bunun üçün parlamentin səlahiyyətləri artırılmalıdır. Güclü və səlahiyyətli parlament isə güclü deputat korpusu olmadan mümkün deyil. Deputatlar daha geniş səlahiyyətlərə malik olmalıdırlar. Hazırda isə vəziyyət fərqlidir.

Mən deputat olduğum dövrdə parlamentin səviyyəsi daha yüksək idi və alternativ fikirlər səsləndirilirdi, deputatların fəaliyyət imkanları daha geniş idi. Bu məsələlər yalnız Milli Məclisin daxili nizamnaməsi və ya fəaliyyət qaydaları ilə bağlı deyil. Burada Konstitusiyanın özündə ciddi dəyişikliklərə ehtiyac var. Azərbaycanda demokratiyanın inkişafı əhəmiyyətli dərəcədə parlamentin səlahiyyətlərinin artırılması ilə müşayiət olunan konstitusion islahatlardan keçir. Bu, çox ciddi məsələdir. Bu gün mən hesab edirəm ki, deputatlar seçicilər qarşısında hesabatlı deyillər. Əlbəttə, bu, çox mühüm sahədir. Hakimiyyət bölgüsü məsələsi də Azərbaycanda aktual problemlərdəndir. Amma son nəticədə məsələ Azərbaycanda çoxpartiyalılığın inkişafından keçir. Mən də bir siyasi partiyanın üzvüyəm və əvvəlki suallarınızda bununla bağlı danışdıq. Təəssüf ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti və mövcudluğu daha çox formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasında çoxpartiyalı siyasi sistem anlayışı ayrıca təsbit olunmayıb. Hətta postsovet məkanına daxil olan bir sıra ölkələrin konstitusiyalarında siyasi partiyalar haqqında ayrıca maddələr mövcuddur. Bizdə isə siyasi partiyaların adı yalnız bir və ya iki maddədə çəkilir. Siyasi partiya anlayışı ümumi şəkildə işlədilir. Onlardan biri vətəndaşların birləşmək hüququ ilə bağlı maddədir. Həmin maddədə həmkarlar ittifaqları, siyasi partiyalar və digər birliklər qeyd olunur. Digər məsələ isə Mərkəzi Seçki Komissiyasının təşkili ilə bağlıdır. Bundan başqa, Konstitusiyada siyasi partiyalarla bağlı ayrıca müddəalar yoxdur. Çoxpartiyalı siyasi sistem anlayışı və onun prinsipləri Konstitusiyada təsbit edilməyib. Bu baxımdan, çoxpartiyalı siyasi sistemin inkişafı və möhkəmləndirilməsi üçün konstitusion dəyişikliklər edilməlidir. Milli Məclisin və parlament institutunun inkişafı üçün əsas mexanizm də məhz buradan keçir. Mən hesab edirəm ki, bu sahədə vəziyyət problemli olsa da, ölkənin sosial-iqtisadi inkişafının yaratdığı çağırışlar və müəyyən geosiyasi amillər dəyişiklikləri zəruri edir. Prinsip etibarilə, bu vəziyyət müəyyən müddət ətalətlə davam edə bilər. Amma hesab edirəm ki, proseslərin daxili məntiqi istənilən halda müəyyən istiqamətdə hərəkəti qaçılmaz edir. Hətta bu il müəyyən dəyişikliklərin baş verməsi də mümkündür.

- Bəs sizin parlamentə qayıtmaq, yenidən deputat olmaq barədə fikriniz varmı?

- Hazırda ortada hər hansı seçki yoxdur. Ona görə də bu barədə danışmağın xüsusi mənası yoxdur.

Prinsip etibarilə isə mən siyasi partiyaların parlamentdə təmsil olunmasının tərəfdarıyam. O cümlədən Azərbaycan Xalq Partiyasının da daha gənc qüvvələrlə təmsil olunmasını istərdim.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV