İbrahim İsgəndərli
Bəzən həyat həqiqətlərinin acısını dadan şəxs o həqiqətlərin fonunda rast gəldiyi hadisələrə biganə qalaraq ona istədiyi formada reaksiya verməyəndə içindəki vicdan etirazı inamla səslənir: "Bütün bunlar həqiqətən olub, lakin bir də olmayacaq".
Ancaq təəssüflər olsun ki, bizdə belə hallara çox az rast gəlinir, içimizdəki vicdan etirazına baxmayaraq ömrümüzü qovrula-qovrula başa vururuq.
Mətləbə keçməmişdən öncə onu da deməliyəm ki, baxmayaraq ki, buna oxşar hadisə 1995-ci ildə rəhmətlik Amaliya Pənahova ətrafında baş vermişdi (bir yığın adlı-sanlı, titullu incəsənət adamının ona ünvanlanan “Qara qızın dərdi var” adlı açıq məktub nəzərdə tutulur). O vaxt tərəfimdən hadisəyə biganə qalmayıb (1995-ci il 4 avqust) “Aydınlıq” qəzetində “Mədəniyyətdə mənafe davası” başlıqlı məqalə ilə məsələyə öz münasibətimi bildirmişdim. Xatırlatmaq üçün deməliyəm ki, zamandan başqa heç nə dəyişməyib, sanki hər şey necə var öz yerində donub qalıb.
Bu günlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransındakı baş verən hadisələr buna bir nümunədir. Afaq Bəşirqızı konfransı boykot edərək vaxtından əvvəl zalı tərk edir. Demokratik seçki yoluyla sədr seçilməsini istəyir. Eyni zamanda, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının nizamnamə və məramnaməsinin olmamağını, gəlirlərin indiyə qədər hansı ünvanlara xərclənməsinin bəlli olmadığını, həmçinin bu cür atmosferada sədr seçməyin mümkün olmadığını çılpaq formada ictimaiyyətə bildirir. Onda belə çıxır ki, Afaq Bəşirqızı konfransın illər boyu təkrar etdiyi formada davam etdiyini öncədən görüb, nəticənin eyni olacağını bildiyi üçün konfransa yerində etiraz edir. O halda belə bir qənaətə gəlmək olar ki, Afaq Bəşirqızı vaxtında doğru addım atıb. Sual olunur, bəs Azər Paşa Nemətov niyə Afaq Bəşirqızının korrupsiya və idarəçiliklə əlaqəli ağır ittihamlarına cavab vermədən, vəziyyətə heç bir açıqlama gətirmədən, öz təbirincə xalq artistinin etirazına iftira, yalan deyir? Bundan belə bir nəticəyə gəlmək olar ki, Azər Paşa Nemətov vəziyyətin mürəkkəb olduğunu görüb (belə spontan hadisələr az olduğu üçün) nəticəni tez əldə etmək üçün heç bir şərh vermədən bağlı qapılar arxasında bu gedişi etdi. Bunu da bilmək istərdik ki, hər iki tərəfi bu cür gedişlərə vadar edən səbəb demokratik baxımdan nə qədər ictimai, nə qədər şəxsi maraqlar çərçivəsindədir. Başqa sözlə, bu iki yanaşmadan hansını rasional hansını isə irrasional hesab etmək olar. Mən deyərdim ki, Afaq Bəşirqızının yanaşmasını hər iki maraqlar baxımından rasional hesab etmək olar. Səbəb Afaq Bəşirqızının ən azı cəmiyyətdə illərboyu özünə yer tapmış mənəvi dəyərlərə zidd olan "ənənənəyə" qarşı çıxmasıdır.
Azər Paşa Nemətovun gedişi keçmişin yanaşmalarını əlində silah etməklə öz maraqlarını bərqərar etmək istəyi ictimaiyyətin maraqlarına nəzərən irrasional görünür. Zira, hər gün eyni paltarda küçəyə çıxmağa utanan insanlar nə üçün hər gün eyni fikirlə yaşamağa razı olub, küçəyə çıxmaqdan utanmırlar?! Bax buna səbəb nədir? Deyərdim ki, buna səbəb hadisələrə biganə qalıb yalnız görkəmimizi nəzərə almaqla biganəlik məngənəsində sürümməyimizdir. Bu biganəliyin nəticəsidir ki, Mədəniyyət Nazirliyi və digər qurumlar olanları susqunluqla seyr edirlər. Bundan qurtulmağın yeganə yolu var o da elmdir. Elə bir elm ki, həmin biganəlik məngənəsini dağıdıb üstümüzdən atsın. Buna görə də cəsarət və iradə gücü ilə reformanı yaşam tərzimizə hava su kimi daxil etməliyik.