Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) iştirakının mümkün dayandırılması məsələsini hüquqi baxımdan araşdırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, hazırkı Aİİ müqaviləsində üzvlükdən çıxma, üzvlüyün dondurulması və ya hər hansı dövlətin ittifaqdan kənarlaşdırılması ilə bağlı aydın prosedurlar nəzərdə tutulmayıb. Overçuk qeyd edib ki, Rusiya bu məsələni dekabr ayınadək hüquqi aspektdən işləyəcək.
Rusiya rəsmisi həmçinin bildirib ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşma kursunu davam etdirməsi halında Moskva Aİİ çərçivəsində və ikitərəfli münasibətlərdə göstərilən maliyyə və siyasi dəstəyi yenidən nəzərdən keçirə bilər.
“Biz sabah bəlkə də bizimlə müharibə aparacaq tərəfə yönələnlərə pul verməliyik?” – deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Rusiya gələcəyini Avropa İttifaqı ilə bağlayan ölkəyə əvvəlki formada dəstək vermək niyyətində deyil.
Bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Aİİ-də üzvlüyü məsələsinin növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında yenidən müzakirəyə çıxarılması barədə razılığa gəliblər.