Azərbaycanda sürücüsüz avtomobillərin və gəmilərin istifadəsi üçün hüquqi baza yaradılır, avtonom nəqliyyat vasitələrinin hərəkəti, operator sistemi və təhlükəsizlik qaydaları müəyyənləşdirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi və bir sıra qanunlarında təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, layihəyə əsasən, avtonom nəqliyyat vasitələri və avtonom gəmilər anlayışları qanunvericiliyə daxil edilir, onların yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilir. Sürücüsüz nəqliyyat vasitələrinin hərəkətinə yalnız aidiyyəti qurumların müəyyən etdiyi ərazilərdə və marşrutlarda icazə veriləcək.
Layihəyə görə, avtonom nəqliyyat vasitələri və gəmilər sertifikatlı operatorların nəzarəti altında fəaliyyət göstərəcək. Operatorlar məsafədən idarəetmə mərkəzləri vasitəsilə sistemlərə nəzarət edəcək, fövqəladə hallarda müdaxilə edə, hərəkəti dayandıra və baş verən hadisələr barədə dərhal məlumat verməli olacaqlar.
Dəyişikliklərə əsasən, avtonom nəqliyyat vasitələrinin sistemləri dövlətin nəzarət platformaları ilə inteqrasiya ediləcək, onların fəaliyyəti ilə bağlı məlumatlar real vaxt rejimində ötürüləcək və istifadə məlumatları ən azı 6 ay saxlanılacaq. Həmçinin sürücüsüz avtomobillər üçün xüsusi tanınma nişanı tətbiq ediləcək.
Qanun layihəsində avtonom nəqliyyat vasitələrinin vurduğu zərərlərə görə məsuliyyət mexanizmi də müəyyənləşdirilir. Belə ki, ilkin məsuliyyət nəqliyyat vasitəsinin sahibi və ya istismarçısının üzərinə düşəcək, lakin istehsalçı, texniki xidmət göstərən tərəf və ya operatorun təqsiri sübuta yetirilərsə, onlara qarşı reqres tələbi irəli sürülə biləcək.
Layihə həm avtomobil, həm dəniz, həm də digər nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün hüquqi çərçivənin formalaşdırılmasını nəzərdə tutur.