Modern.az

Buğda istehsalına mane olan nədir? - Nazirlik Modern.az-a açıqladı

Buğda istehsalına mane olan nədir? - Nazirlik Modern.az-a açıqladı

İqtisadiyyat

Bu gün, 11:44

Kənd Təsərrüfatı Nazirliyi olaraq Dövlət Proqramında əsas hədəfimiz hər hektardan daha yüksək dəyər yaradan məhsul istehsalına nail olmaqdır.

Bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Modern.az-ın buğda istehsalı ilə bağlı sualına cavab olaraq bildirib. 

Nazir müavini qeyd edib ki, buğda və digər taxıl bitkiləri ölkənin bitkiçilik məhsulları strukturunda böyük paya malikdir:

“Buğda istehsalının artırılmasına maneə kimi deyil, daha çox əsas çağırış kimi məhsuldarlığın arzuolunan səviyyəyə çatmamasını qeyd edərdim. Bunun da bir sıra obyektiv səbəbləri var. İlk növbədə, müasir suvarma sistemlərinin tətbiqi sahələrinin genişləndirilməsinə ehtiyac mövcuddur. Taxıl əkinlərində müasir suvarma texnologiyalarının və təsərrüfatdaxili suvarma şəbəkələrinin əhatə dairəsi artdıqca məhsuldarlıq da proporsional şəkildə yüksələcək”.

Z.Əliyev həmçinin vurğulayıb ki, hazırda ölkədə ümumilikdə 900 min hektara yaxın taxıl əkin sahəsi mövcuddur:

“Bunun təxminən 400-450 min hektarında buğda əkilir. Taxıl sahələrinin 300-400 min hektarı dəmyə şəraitindədir və həmin ərazilərdə suvarma şəbəkələrinin qurulması mümkün deyil. Qalan 400-500 min hektar sahədə isə müasir suvarma sistemlərinin tətbiqi üçün potensial mövcuddur.

Ancaq nəzərə almaq lazımdır ki, müasir suvarma sistemlərinin qurulması həm böyük investisiya tələb edir, həm də vaxt aparan prosesdir. Bu istiqamətdə ana kanalların, ikinci dərəcəli kanalların və digər su infrastrukturunun yaradılması vacibdir”.

Nazir müavininin sözlərinə görə, ümumilikdə məqsəd suvarma sistemlərini təkmilləşdirməklə buğda istehsalını artırmaq və ölkənin özünütəminetmə səviyyəsini yüksəltməkdir:

“Dövlət Proqramında bu göstəricinin hazırkı 55 faizdən 66 faizə çatdırılması hədəflənib. Müasir suvarma ilə təmin olunan ərazilərin genişlənməsi nəticəsində həm məhsulun həcmi, həm də keyfiyyəti üzrə qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq.

Bu baxımdan, əsas çağırışlardan biri məhz müasir suvarma sistemlərinin formalaşdırılması və geniş tətbiqidir”, - deyə Z.Əliyev qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var