Modern.az

Qarabağda qondarma seçkilər humanitar fəlakətə yol açacaq - Rəsmi Bakıdan ETİRAZ

Qarabağda qondarma seçkilər humanitar fəlakətə yol açacaq - Rəsmi Bakıdan ETİRAZ

Qarabağ

29 Mart 2020, 14:00

“Keçi can hayında, qəssab piy axtarır”- bir neçə gün sonra Dağlıq Qarabağda keçirilən prezident və parlament seçkiləri üçün həqiqətən də yerinə düşən ifadədir.

Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparıb, karantin rejimi elan edərkən Ermənistan da seçki sevdasına düşüb, həm də başqa ölkənin ərazisində, qeyri-qanuni yolla…

 

Dağlıq Qarabağda Ermənistan tərəfindən seçkilərin keçirilməsinin beynəlxalq müstəvidə qanuna zidd olmağı bir yana, Ümumdünya Səhiyyə Təşkilatının dünyadakı mövcud durumla bağlı bir yerə yığışmaq, kütləvi tədbir təşkil etməmək kimi qayda-qanunlarına da əksdir.

Bəs maraqlıdır, Azərbaycanın “qondarma rejim”in bu seçkilərinə rəsmi mövqeyi necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ümumdünya Səhiyyə Təşkilatı nə elan edir etsin, Dağlıq Qarabağda seçkilərin keçirilməsinin qanuna zidd olduğunu deyib:

“Dünyada hansı şərait olursa olsun, Azərbaycan ərazisində başqa bir ölkənin seçki təşkil etməsi tamamilə qanuna, beynəlxalq normalara ziddir. İşğal olunmuş ərazilərimizdə oyuncaq, qondarma seçkilərin keçirilməsi bütün dövrlərdə qeyri-qanunidir. Əgər seçkilər baş tutarsa, XİN öz rəsmi mövqeyini bildirəcək”.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyir ki, ermənilər koronavirusun yayıldığı bir vaxtda bu cür seçki keçirməklə məsuliyyətsizliyə yol verərək, öz dırnaqarası vətəndaşlarına həyati baxımdan təhlükə yaradırlar:

 “Pandemiyanın yayıldığı bir vaxtda seçkilərin keçirilməsi təbii olaraq, normal hal deyil. Amma seçkilərin təşkil olunması ilk növbədə beynəlxalq hüquq, Azərbaycan qanunları çərçivəsində qeyri-qanunidir. Kütləviliyə səbəb olan seçkinin keçirilməsi pandemiyanı sürətləndirərək ölkədaxili gərginliyi də artıracaq. Dağlıq Qarabağda hər hansı qanuni hökumət ola bilməz, nə də qanuni seçki keçirilə bilməz. Beynəlxalq qurumlar və təşkilatlar Dağlıq Qarabağda bundan əvvəl keçirilən seçkilərin də heç birini tanımayıb.

Bu cür son seçki Dağlıq Qarabağda bələdiyyə başçılarının seçilməsi ilə əlaqədar olmuşdu. Avropa Birliyinin Komissiyasının komissarı həmin bələdiyyə seçkilərinin nəticəsini tanımamışdı. ATƏT-in həmsədrləri, BMT, Avropa Birliyi dəfələrlə ifadə edib ki, Dağlıq Qarabağda bu şəkildə seçkilərin keçirilməsi qeyri-qanunidir. Məsələnin yenidən sağlamlıq hissəsinə qayıtmaq istərdim ki, ermənilər koronavirusun yayıldığı bir vaxtda bu cür seçki keçirməklə məsuliyyətsizliyə yol verərək, öz dırnaqarası vətəndaşlarına həyati baxımdan təhlükə yaradırlar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi