Modern.az

“Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat

“Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat

Aktual

7 Aprel 2020, 11:35

“Dünyada  son zamanlar baş verən hadisələr onu göstərdi ki, bəşəriyyət pandemiya məfhumunun  real təzahürünə inanmırmış və bu bioloji mübarizədə bir az da acizmiş. Belə ki, inkişaf etmiş ölkələrdə mövcud pandemiyanın nəticələrinin statistik göstəriciləri və səhiyyənin düşdüyü ağır vəziyyət bunun sübutudur. Fərqli məqam odur ki, dünya bu “çağırılmamış qonağa” qarşı birgə mübarizə aparmalıdır. İnsanlar da, eyni şəkildə, bu mübarizədə həmrəy, həmfikir olmaqla yanaşı, fərdi və sosial məsuliyyəti də dərk etməlidir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq hər birimizin üzərinə düşən bir vətəndaş məsuliyyətidir". 

  

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

  

Xanım deputat hesab edir ki, bu gün özünütəcrid çıxış yoludursa, hamı buna riayət etməlidir:

 

"Hətta onu da əlavə edərdim ki, özünütəcrid yolu ilə virusdan qorunma məhz COVİD-19 infeksiyası peyda olandan sonra gündəmə gəlib. Əslində qripin növündən asılı olmayaraq virus daşıyıcısı, özündə qripin hətta bir simptomunu belə hiss edən hər bir kəs özünü hamıdan təcrid etməlidir, adi qrippdir, soyuqdəymədir kimi ifadələr işlədərək ətrafdakıları da yoluxdurmamalıdır. 

 

Əslində bütün mübarizələrdə, müharibələrdə həm də dərs alınacaq, ibrət götürüləcək məqamlar da olur. Bu gün də bu mövcud vəziyyətdə ən əsas məqam ondan ibarətdir ki, vətəndaş öz dövləti ilə birlikdə güclü olmasına inanır".

 

Azırbaycan hökumətinin pandemiyaya qarşı mübarizədə ardıcıl və ciddi tədbirlər həyata keçirdiyini bildirən Ü.Ağayeva koronavirus pandemiyası nəticəsində tibbi maskalara böyük tələbat yarandığını xüsusi qeyd edib.

  

"Bütün dövlətlərdə tibbi dezenfekantların və xüsusilə də  maskaların qıtlığı yaşanır. Çünki bu virusdan qorunmaq, insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq, insanların sağlamlığını təmin etmək üçün zəruri vasitələrdən biri də məhz tibbi maskalardır. Bildiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Əksər ölkələrin maska qıtlığından əziyyət çəkdiyi bir vaxtda qısa zaman kəsiyində Azərbaycanda tibbi maska istehsalı müəssisənin açılışı olduqca təqdirəlayiqdir. Nəzərinizə çatdırım ki, 10 il müddətində bu müəssisə əmlak və bir sıra vergilərdən azad olunub. Müəssisənin yaradılması üçün lazım olan infrastruktur dövlət tərəfindən həyata keçirilib və pandemiya dövrü bitdikdən sonra istehsal olan məhsullar Azərbaycanın apteklərini, tibb müəssisələrini, habelə ordumuzu təmin edəcək, qalanlar isə Azərbaycanın istehlak səbətində yeni məhsul rolunu oynayacaq, Gürcüstan, Qazaxstan, Türkmənistan kimi qonşu respublikalara veriləcəkdir. Çünki bu məhsul hələ ki o respublikalarda istehsal olunmur və tez bir zamanda da həyata keçirilməsi real deyil.  Digər ölkələr ilə müqayisə etsək görərik ki,  qabaqlayıcı tədbirlərin zamanında görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyi geniş yayılmayıb. Amma onu da qəbul etməliyik ki, bu infeksiya böyük bir təhlükədir. Dövlət tərəfindən görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır. Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir", - deyə deputat bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir