Modern.az

Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib

Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib

13 İyul 2020, 15:28

2020-ci ilin altı ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə sosial təminat növləri üzrə və birdəfəlik ödəmə formasında 3 mln nəfərə 3 milyard 59 milyon manat vəsait ödənilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çoxdur.

 

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. 2020-ci ilin ilk yarımilində bu artım dinamikası davam edib. 

 

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

 

1,3 milyona yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat, 743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat, 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 milyon manat və ya 62 faiz çox olmaqla, 105 milyon manat ödənilib.

 

Həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 milyon manat yönəldilib.

 

Beləliklə, 2020-ci ilin altı ayında nazirlik tərəfindən 3 milyon nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 milyard 59 milyon manat vəsait ödənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?