Modern.az

Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

25 Yanvar 2021, 00:00

Yanvarın 25-dən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

 

Qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. 

 

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

 

  • -ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
  • -bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
  • -muzey və sərgi zallarının fəaliyyəti;
  • -şəhərlərarası və rayonlararası hərəkət. 

 

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. 

 

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

 

 

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. 

 

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

 

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı