Modern.az

Partiya sədrləri “kəllə-kəlləyə” gəldi - Biri yaramaz və “debil” dedi, o biri üzr istəməyi TƏLƏB ETDİ

Partiya sədrləri “kəllə-kəlləyə” gəldi - Biri yaramaz və “debil” dedi, o biri üzr istəməyi TƏLƏB ETDİ

3 Aprel 2021, 13:11

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədovun “uşaqpulu” mövzusu ilə şərhi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Modern.az-ın məlumatına görə, İlqar Məmmədovun bu mövzu ilə bağlı  müzakirə aparanları “debil”, yaramaz adlandırması etirazlara səbəb olub.

““Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik. Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcyini konkret rəqəmlə ifadə etməyib” deyən  İ.Məmmədov partiyasının mövqeyini də açıqlayıb.


O bildirib ki, birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir.

"Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır".

İ.Məmmədov deyib ki, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub:

“ReAl-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək...

...İllərdir boş-boşuna "uşaqpulu" bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən ikicə rəqəm istəyirəm: 2022-ci ilin büdcəsi üçün bizimkindən fərqli ikicə rəqəmi səsləndirin, vəssalam. Çox şey istəmirəm. İllərdir bunu etmədiniz, biz etdik. Əksini qoyun ortaya, konkret şəkildə, görək nəyin davasını edirsiniz!”,- İ.Məmmədov əlavə edib.


Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu İlqar Məmmədova cavab verib:

“Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial-demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaqpulu verilməsinin tərəfdarı olanları yaramaz, “debil” adlandırasınız.

Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaqpulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz?”.

Q.İbadoğlu İlqar Məmmədova tövsiyə edib ki, siyasətlə məşğul olmaq istəyirsə, ifadələrini fikir verməlidir:

“Leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikrə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, çirkabı təmizləyəsiniz.

Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və “debil” ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaqpulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!”. 

 Qeyd edək ki, sosial şəbəkələrdə açılan müzakirələr zamanı hər iki partiyanın tərəfdarları bir-birlərinin ünvanına təhqirlər yağıdırıblar.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir