Modern.az

Gömrük Komitəsi ölkədən çıxarılan 1,1 milyard manatla bağlı Hesablama Palatasına CAVAB VERDİ

Gömrük Komitəsi ölkədən çıxarılan 1,1 milyard manatla bağlı Hesablama Palatasına CAVAB VERDİ

9 Aprel 2021, 17:50

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb.

 

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bununla bağlı açıqlama yayıb.

 

Komitənin məlumatında deyilir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.

 

"Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinn ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması "Valyuta tənzimi haqqında" Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir. Yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.

 

Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi, bu növ əməliyyatlar yerli bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədi daşıyıb. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməz. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.

 

Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına "gömrük nəzarəti" barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildiririk ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir", - deyə açıqlamada qeyd olunub.


Hesablama Palatasının məlumatına görə, Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta çıxıb. Hesablama Palatasının son hesabatında bildirilir ki, həmin vəsaiti 7 rezident bank xaricə "müxbir hesaba göndəriş" adı altında ixrac edib: "Bu pul vəsaitlərinin də son təyinat ünvanı - xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi