Modern.az

ASAN xidmət ilə Gəncə Dövlət Universiteti arasında Memorandum imzalandı - FOTOLAR

ASAN xidmət ilə Gəncə Dövlət Universiteti arasında Memorandum imzalandı - FOTOLAR

Aktual

14 İyun 2021, 10:00

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə Gəncə Dövlət Universiteti arasında Memorandum imzalanıb.

 

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan və Universitetin rektoru, professor Yusif Yusibov iştirak edib.

 

Universitetdə təşkil edilmiş görüşdə Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş və adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Bildirmişdir ki, layihənin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir. Layihə ilk növbədə regionlarda texnoloji startaplar üçün əlverişli şəraitin yaradılması, texnoloji startapların inkişafına dəstək üçün real işlək və institusional mexanizmlərin hazırlanması və gücləndirilməsi, məlumatlandırma və maarifləndirmə işlərinin aparılması kimi 3 komponentdən ibarətdir.

 

Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin innovasiya ekosistemi ilə tanışlıq da həyata keçirilib.

 

Daha sonra Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib.

 

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

İmzalamış Memorandumda Gəncə Dövlət Universitetinin bu istiqamətdə “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ilə də əməkdaşlığa başlaması nəzərdə tutulub.

 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır