Modern.az

Kainatın dərki və ya aləmə fərqli baxış...

Kainatın dərki və ya aləmə fərqli baxış...

20 Oktyabr 2021, 17:23

Akademik Əhəd Canəhmədovun Hikmət Dünyası

 

Ətraf  aləmin dərk edilməsi, kainatın sirrlərinin mənimsənilməsi həmişə bəşər övladını ən çox düşündürən suallardan biri, bəlkə də birincisi olub. Yaranışın sirri, dünyanın yaranışı alimlərin, hikmət sahibi olan mütəffəkirlərin, filosofların, seçilən insanların ən çox araşdırdığı mövzulardır... dünyanın dərki idraki proses olduğundan, araşdırılan eyni suallara müxtəlif cavablarla aydınlıq gətirilib...Və ən maraqlısı da bu olub ki, hər bir alim, filosof, yazıçı, şair öz nəticələrində tamamilə həqiqət olan həqiqətə çatıb... lakin nəticələr müxtəlif olduğu kimi, həqiqətlər də müxtəlifdir... əksikliklərin vəhdəti həmişə eyni predmetlər arasında olur məyər? Və ya müəyyən  məkan və zaman çərçivəsində baş verən hadisələr hər bir məkan və zaman üçün mütləq hesab edilə bilərmi?! Sirli aləmlərin dərinliyinə baş vurmaq qabiliyyəti olanların gəldiyi nəticələrlə tanış olduqca bir mütləq həqiqəti anlayırsan ki, kainatın sirrlərini sona qədər öyrənmək bəşər övladının imkanları xaricindədir. Ən azı bu günümüzün ən real həqiqəti budur. Müdriklərin hikmətli nəzəriyyələri, kəlamları  bu ali həqiqətlərə gedən yollarda ən yaxşı bələdçi ola bilər... Bir həqiqət də var ki, hər dövrün öz mütəffəkiri, öz filosofu, Ulu Tanrının ona verdiyi xüsusi istedad və bacarıq sayəsində kainat sirlərinə yiyələnmək üçün düşünür, axtarır, nail olur, heyrətamiz nəticələr əldə edir... Mən bu cümlələri qələmə alarkən belə bir fikir yarana bilər ki, filosofluq iddiasındayam...  Əsla... bu fikirləri yazmağa məni vadar edən, tədqiqatları ilə sözün həqiqi mənasında əsl hikmət çeşməsi kimi çağlayan, kainatın sirlərinə özünəməxsus həqiqətlərilə nur səpən, onları hamı üçün qaranlıqdan işıqlığa çıxaran akademik Əhəd Canəhmədovun son illərdə apardığı tədqiqatların nəticələri olan kitabları, fundamental əsərləridir.

 

Əsərlərindən öncə sizə dünya elm tarixində Azərbaycanımızı ləyaqətlə təmsil edən, nüfuzlu elm xadimi, dəyərli alimimiz  Əhəd Canəhmədov haqqında məlumat vermək, bu müdrik filosof haqqında bildiklərimi, eşitdiklərimi danışmaqdır. Bu həmin akademik Canəhmədovdur ki, onu elm dünyasına dünya şöhrətli alim, akademik, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti  Boris Qusev belə təqdim edib: “Əgər  XX əsrdə Qərbdə Anri Berqson “Yaradıcılıq təkamülü”nü yaradıbsa, XXI əsrdə  Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni  yaratdı.”

 

 

Bəli, Sizə məhz Şərq müdriki, yaratdığı hikmət xəzinəsinin sehri ilə bəşər övladına kamilliyə gedən yolun yolçusuna çevrilib, ucalığı fəth etmək imkanı verən və onun sirrinə bələd olmağın mümkünlüyünü göstərən  böyük Azərbaycanlı, dünyanın bir sıra ölkələrində nəşr olunan 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dən çox elmi məqalənin, patentin müəllifi və həmmüəllifi, alim-filosof  Əhəd  Canəhmədovun  yaratdığı olduqca maraqlı, tamam fərqli, yeni fəlsəfi baxışlarla zəngin həmin “Mühəndislik fəlsəfəsi”nin mahiyyəti barədə məlumat vermək fikrindəyəm. Qeyd edim ki, müdriklik xəzinəsi olan ilk kitab haqqında düşüncələrimi bu yazımda da təkrarlanacaq. Bu ona görə olacaq ki,  mənim Əhəd müəllimin dəyərli fikirlərinə, sanballı yaradıcılığına münasibətim  dəyişməzdir! Əhəd müəllimin bu mövzuda nəşr etdirdiyi ilk kitab həm rus, həm də Azərbaycan dilində  “Mühəndislik fəlsəfəsi” adlanır. Olduqca maraqlı olan bu əsərin əsl mahiyyəti barədə elə kitabın ilk səhifələrindən məlumat almaq mümkündür. Belə ki, əsər dünya şöhrətli alim, Rusiya Mühəndislik Akademiyasının prezidenti, akademik Boris Qusevin  yazdığı ön sözlə başlanır. Kitabın elmi redaktoru olmaq təklifi alan alim əvvəlcə əsərlə tanış olduqdan sonra razılıq verə biləcəyini bildirsə də, sonradan bu tanışlıq nəinki onu elmi redaktor olmağa, hətta ön söz yazmağa vadar etmişdir. Akademik qələmə aldığı “Ön söz”də əsəri fəsil-fəsil təhlil edərək olduqca maraqlı fikirlər qələmə almış, bəzi hallarda heyrətləndiyini ifadə etmişdir... Elə qələmə aldığım məqaləni hazırlayan zaman  özüm də  dəfələrlə bu müdrikliyin, bu hikmətin heyrətini yaşadım... Yəqin ki, oxucuya da bu heyrətin, bu qeyri-adiliyin səbəbini bilmək maraqlı olar... 

 

 

Nədir  akademik Canəhmədov fəlsəfəsinin mahiyyəti?! Sual maraqların ifadəsi olduğu qədər də, maraqlar da sualların ifadəsidir... Bir var hansısa müdrikin, filosofun, alimin əsərlərini oxuyub onun hikmət dünyasına daxil olasan, bir də var ki, sən o müdrikin özü ilə şəxsən tanış olub onun hikmət dünyasında qonaq olmaq imkanı əldə edəsən... Bəli, taleh elə gətirib ki, mənə Əhəd müəllimi şəxsən tanımaq, onun müdrik söhbətlərinə, insanı yaxşı mənada silkələyən hikmətli sözlərinə, düşüncələrinə qulaq asmaq, onunla saatları anlara çevirən, məkan və zaman kateqoriyasından kənarda qalan vaxtlarda həmsöhbət olmaq səadəti nəsib olub.... Yadımdadır, bir damla mürəkkəb haqqında akademikin söylədiyi müdrik fikir məni uzun müddət düşünməyə vadar etmişdi... məsələ bunda idi ki, bir damla mürəkkəbin kimin əlində və nə məqsədlə istifadə olunması əslində böyük fəlsəfi məsələdir... ilk baxışda bu hamıya adi görünə bilər... Lakin akademik fikrini davam etdirərək bildirir ki, bir damla mürəkkəblə yazılan fərman qırğınlara, müharibələrə, qana, qadaya və ya hansısa bir alimin əlində yeni kəşfin qeydə alınmasına, yaxud da hansısa bir şairin gözəl bir sənət əsəri yaratmasına, bəstəkarın gözəl bir musiqi əsəri yaratmasına və sairəyə, və sairələrə vasitə ola bilər...  düşündükcə bir damlanın qüdrətini, zərrələrdən aləmlərin yaranmasını dərk edirsən...

 

Əhəd müəllimin tərcümeyi-halı da sıradan adi deyil... Tanrı sevib-seçdiyi bəndələrini elə uşaq vaxtlarından fərqli yaradır... hamı belə uşaqların qəribəliyindən heyrətə gəlsə də, nəyin baş verdiyi dərk edə bilmir... O, hələ uşaq yaşlarından qeyri-adiliyin, cavabsız sualların cavablarının ardınca düşüb... Olduğu sferada birincilik, ilkçilik qətiyyəti onu həmişə mövcudluğu bilinməyən, lakin var olan  həqiqətlərdən insanları  xəbərdar etməyə sövq edib... Dərinliklər  fatehi olmaq arzusu heç vaxt onu rahat buraxmayıb... Yer kürəsi onun düşüncələrinin miqyası üçün “kiçik” olub. Ona görə o, göylərin ənginliklərinə baş vurmaq,  düşüncələrini səmaların dərinliklərində tapmaq, istəklərini reallaşdırmaq üçün elmin gücündən bəhrələnməyi qarşısına məqsəd qoyub... Tribologiya kimi nadir elm sahəsi üzrə Azərbaycanın ilk alimi olmaq ona nəsib olub.

 

 

Birincilik düşüncəsi onu fəaliyyət göstərdiyi elm sahəsinə aid hazırladığı fundamental tədris vəsaitindən ABŞ-ın müvafiq ali təhsil ocaqlarında geniş istifadə edilən ilk Azərbaycanlı alim və müəllif kimi tarixə salıb. Tribologiya hərəkət deməkdir. Hərəkət isə varlığın fəlsəfəsidir. Hərəkətin hikmətini varlığında mövcud olan müdriklik və bir qədər də inadkarlıq hissləri ilə birləşdirən alim yaranışın əsas hərəkətverici qüvvəsi kimi mühəndislik fəlsəfəsini kəşf edib... və əslində hər şey də elə bundan başlanıb...  Əhəd Canəhmədovun fəlsəfəsi yaranışın əsasında mütləq bir mühəndislik fəlsəfəsinin dayandığına istinad edir. Hər bir varlıqda bir ölçü, hər hərəkətdə bir əndazə, bir çərçivə mövcuddur. Kainatı təşkil edən sonsuz qalaktikaların mövcudluğu və onların heyrətamiz dəqiqliklə hərəkəti heç şübhəsiz ki, sonsuz ölçülər, dəqiq hesablamalar, ölçülüb-biçilmiş parametrlər, bir sözlə  İlahi mühəndisliyə əsaslanaraq var olmuşdur... Təbiətin nizamlı varlığı, təkrarlanan davamlılığı hesablanmışdır... Cəmiyyətin qanunauyğunluqları verilmiş parametrlər əsasında davam edir... Musiqinin sehrli gücü 7 notun düzülüşünün nizamına əsaslanır... Dünyanın əşrəfi olan insanın mövcudluğu belə onun müxtəlif həyati parametrlərindən ibarətdir. Ürəyin vurğusu, arterial qan təzyiqinin həddi, qanda şəkərin miqdarının norması, bədən temperaturu və sairə və ilaxır... Verilən normativlərin ciddi  pozulması mövcudatın sonudur. Hətta insan qəlbini riqqətə gətirən poeziyanın özü də ölçülərdən ibarətdir... Alimlərin son zamanlar gəldiyi nəticələr də Əhəd müəllimin fəlsəfi düşüncələrinin mütləq həqiqət olduğunu təsdiq edir. Dünya alimləri zəlzələlərin baş vermə səbəblərindən biri kimi Yer üzərində yüklənmələrin nizamsız olaraq artdığını göstərirlər. Belə ki, dünyanın ayrı-ayrı hissələrində aparılan tikintilərin, çıxarılan yeraltı sərvətlərin -bir sözlə, təbiətə edilən sonsuz təsirlərin nəticəsi olaraq, Yer kürəsinin tarazlığı  pozulur və planetimizin parametrlərinin bərpası və qanunauyğun hesabatların göstəricilərinə uyğunlaşdırılması üçün zəlzələlər, daşqınlar, vulkan püskürmələri baş verir... Necə deyərlər, dünyanın tarazlığı, mühəndisi hesablamaları fəlakət hesab etdiyimiz hadisələrlə bərpa edilir ki, məhvə məhkum olmasın...

 

 

Bəzi alimlər Yer üzərində mövcud olan dağları və silsilələri dünyanın tarazlığını saxlayan çəki daşları hesab edirlər... Beləliklə, Əhəd müəllimin fəlsəfi nəzəriyyəsi vəhdət və mübarizədə, məkan və zamanda, təsadüf və zərurətdə - bir sözlə, bütün mövcud varlıqların əsasında mühəndislik fəlsəfəsinin dayandığını sübut edir... Heyrətamizdir, deyilmi?! Dilimizdə əzbər olan “hər şeyin bir əndazəsi var” müdrik kəlamı əslində bu ali mühəndislik fəlsəfəsinin aksiomu hesab edilə bilər... Əhəd müəllimin fəlsəfi dünyasında dəqiqilik və dürüstlük başlıca kateqoriyalardan hesab oluna bilər. Akademik həyatda təsadüflərin mövcudluğuna demək olar ki, inanmır... Hər şey zərurətdən yarandığı kimi, təsadüf  hesab etdiklərimiz də elə zərurətin özüdür- deyir Əhəd müəllim.

 

Akademik Ə. Canəhmədovun tərcümeyi-halından: Texnika elmləri doktoru, professor, bir sıra xarici ölkələrin akademiyalarının həqiqi  üzvü,  Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Science and Applied Engineering Quarterly” (İngiltərə) jurnalının Baş redaktoru, Rusiyanın Əməkdar Mühəndisi, mexanik-filosof...

 

Elmi fəaliyyətinin əsas istiqamətləri: Tribologiyada Sinergetika və Fraktallar; metalların dağılma mexanikası; friksion qarşılıqlı təsirin mezomexanikası.

 

 

25-dən çox orden və medallarla təltif olunub. Bu mükafatlar dünya elminin inkişafında xüsusi xidmətləri olan elm xadimlərinə verilir... Nə xoş ki, Azərbaycan elminin qürur duyacağı elm xadimi Əhəd Canəhmədovun adı da dünyanın xüsusi xidmətləri olan alimləri sırasındadır... Bunları xatırlatmaqda məqsədim var... Məsələ ondadır ki, Əhəd müəllim peşəkar elmi fəaliyyətdə kifayət qədər böyük uğurlara nail olub. Fəaliyyət göstərdiyi elm sahəsində zirvələrdə qərar tutub, dünya elmində tanınır, dünya alimləri onun elmi kəşflərinə  istinad edir.  Amma  peşəkar fəaliyyətdən başqa uşaq vaxtlarından başlanan “kainatın sirlərini öyrənmək” istəyi ona kifayət qədər yüksək və vacib elmi nəzəriyyələrin banisi, fəlsəfə, kosmologiya sahəsində öz yolu olan filosof kimi şöhrət qazandırıb. Fəlsəfə sahəsində qazandığı uğurlar Əhəd müəllimi “Mühəndislik fəlsəfəsi”inin yaradıcısı  kimi şöhrətləndirib.

 

Əhəd müəllimin Mühəndislik fəlsəfəsi zaman, məkan və həyatın mahiyyəti haqqında hikmət çeşməsidir...  Alim oxucunu zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onu orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır. Əhəd müəllim elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına istinad edilərək “Kainat niyə mövcuddur?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?”,  ruh, şüur, həyat və ölüm, həyatın mənası haqqında, eləcə də bu kimi digər mühüm suallara cavab verir, elm və biliklə keçilmiş yolun dərk edilməsi üçün bilgi aşılayır.  Ümumiyyətlə, Əhəd Canəhmədovun fəlsəfəsi vəhdət fəlsəfəsidir... O, olduğu kimi görünməyi, göründüyü kimi olmağı tələb edir... Bu nəzəriyyə mütləq sülhə, dəqiq hesablara, mühəndis ölçülərinə əsaslanır... Haqqında söhbət açdığım Mühəndislik fəlsəfəsi haqqında ilk kitab elə nəzəriyyənin öz adı ilə adlandırılıb.  Əhəd müəllim haqlı olaraq, əsərin girişində oxucusuna xitabən yazır: « ”Mühəndislik fəlsəfəsi” sizin qəlbinizdə heyrət doğurmayıbsa və sizin şüurunuzu riqqətə gətirməyibsə, deməli, siz onu başa düşməmisiniz.» Bəli, onu başa düşmək üçün əsəri mütləq oxumaq, mənimsəmək və  mütaliə etmək lazımdır.  Hər kəsə bu hikmət xəzinəsindən bəhrələnməyi arzulayıram... “Mühəndislik fəlsəfəsi” 12 fəsildən ibarətdir: I fəsil “Kainatın yaranması haqqında düşüncələr” adlanır. Bölmədə kainatın yaranması haqqında mövcud olan nəzəriyyələr  təhlil edilir və məsələyə mahiyyət etibarı ilə mühəndislik fəlsəfəsinin ölçüləri əsasında yeni, daha çox həqiqəti kəsb edən qiymət verilir... II fəsil  “İnsan mövcudiyyatının sirləri”, III fəsil “Materiyanın təkamülü”, IV fəsil “Həyatın qədim sirri”, V fəsil “İnsan mövcudluğunun mənası”, VI fəsil “Şüurun və beyinin qarşılıqlı münasibəti”, VII fəsil “Orta əsrlərdə türkdilli dünyada  təbiətşünaslıq”, VIII fəsil “Keçmiş gələcəkdən fərqlənir”, IX fəsil “Xaos və nizam”, X fəsil “Dünyagörüşlərin yeni paradiqmaları. Açılmış sistemlərin entropiyası və özünütəşkili. Sistemlərin fraktal xüsusiyyətləri.”, XI fəsil “İncə dünyanın astanasında efir, fiziki vakum və fırlanan sahələr ” və nəhayət, XII fəsil “Dünyanı informasiya idarə edir” adlanır. Fəsillərin adları əslində əsərin əsl mahiyyəti barədə mükəmməl informasiya verir.

 

 

Kitabın sonunda Əhəd müəllimin hikmət xəzinəsindən süzülən müdrik kəlamları əsər boyu heyrət içində olan oxucunun mühəndislik fəlsəfəsi barədə başa düşdüyü həqiqətlərin təsdiqi sonluğudur. Məncə, akademik Əhəd Canəhmədovun bu əsəri dünya fəlsəfi fikir tarixində tamamilə yenilikdir. Yaranışın yeni formulunu yaratmaq, əvvəlki nəzəriyyələri təhlil edərək onlara tənqidi sferadan yanaşmaqla, mütləq həqiqətə söykənən yeni nəzəriyyə irəli sürmək və onu əsaslandırmaq Azərbaycan elminin dünya elm tarixinə yeni və fundamental hədiyyəsi hesab etmək olar. Əhəd müəllimin böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə bağlı ortaya qoyduğu həqiqətləri paylaşmaya bilmirəm. Beləliklə, alim “Mühəndislik fəlsəfəsi”nin Orta əsrlərdə Türkdilli dünyada təbiətşünaslıq”adlı  VII fəslində yazır:

 

Orta əsrlər astronomiyasının, fəlsəfəsinin, riyaziyyatının inkişafında parlaq rol Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusiyə məxsusdur...

 

...1256-cı ildə monqol ordusu Əssasinlər qalasını mühasirəyə alıb dağıdan zaman Hülakü xanın qoşunu Tusinin məhbus kimi saxlandığı “Almut” qalasını tutdu. Hülakü xan Tusinin bir alim və mütəffəkir kimi haqqında kifayət qədər informasiyaya malik idi. “Alamut” qalasından azad olunduqdan sonra Tusi Hülakü sarayının ən mötəbər adamlarından birinə çevrilir...

 

 

... Aydın məsələ idi ki, Nəsrəddin Tusiyə astronomik məsələləri Hülakü xana izah etmək, ondan rəsədxananın tikintisi üçün icazə və vəsait almaq çətin idi. Bu barədə Karl Marks yazır: “Xoca Nəsrəddin Marağa şəhərində rəsədxananın tikintisinə başlamaq istəyən zaman nəzərdə tutulan xərclərin miqdarını elan edəndə Hülakü soruşur: “Bəyəm ulduzlar haqda elm o qədər lazımdır ki, bu miqdarda vəsaiti rəsədxananın tikintisinə sərf edirsən?” Cavabında Nəsir demişdi: “Gəlin belə edək: tutaq ki, kimsə tam məxfi şəkildə dağa qalxır və oradan iri boş ləyəni buraxır, böyük gurultu eşidilir. Buna görə Hülakü xanın ordusunda çaxnaşma başlayır. Nəsrəddin Hülakü ilə bunu müşahidə edir və özlərini sakit aparırlar. Onda Nəsrəddin Hülaküyə aşağıdakı sözlərlə müraciət edir: “Biz bu səs-küyün səbəbini bilirik, ordu isə bilmir; biz rahatıq, ordu isə həyəcan keçirir, eyni ilə də  göydə baş verən hadisələrin səbəbini biz biləndə yerdə rahat olacağıq”. Bu sözlər Hülaküyə təsir etmiş və o rəsədxananın tikintisinə 20 000 dinar ayırmağa qərar vermişdir”.

 

Müşahidələr üçün Marağa torpağını seçilmişdir, rəsədxananın tikintisi 1260-cı ildə başa çatmışdı. Göy cisimlərini müşahidə etmək üçün astronomik cihazlar hazırlanmışdı.

 

...Hülakü xanın əmri ilə rəsədxanada Bağdaddan, Mosuldan, Suriyadan və Xorasandan gətirilmiş kitablar toplanmışdır. Rəsədxanada çalışmağa tanınmış astronom alimləri gəlmişdi...

 

Nəsrəddin Tusi ömrünün sonuna kimi Marağa rəsədxanasının rəhbəri olmuşdur. Atasının ölümündən sonra 1274-cü ildə rəsədxanaya onun oğlu Sədrəddin Nasir Tusi rəhbərlik etmişdir. Marağa rəsədxanasının aldığı nəticələr təkcə öz dövrü üçün deyil, həm də sonrakı iki-üç əsrlər üçün son dərəcə dəqiq idi.

 

Bununla bağlı tanınmış ingilis alimi A.Berri özünün “Astronomiyanın müxtəsər tarixi” (1946) kitabında yazırdı: “Burada Nəsrəddin Tusinin ümumi nəzarəti altında böyük astronomlar kütləsi çalışdı. Onların istifadə etdikləri alətlər ölçüsünə və konstruksiyasının mötəbərliyinə görə, çox güman ki, Kopernikin dövründəkindən yaxşı idi. Onları ilk dəfə yalnız Tixo Brayenin alətləri üstələmişdir.

 

Çoxillik astronomik müşahidələr nəticəsində Marağa rəsədxanasının alimləri tərəfindən “Zic Elxani” adlı astronomik kataloq tərtib edilmişdir. Kataloq dörd hissədən ibarət idi: “Tarixin hesablanması haqda”, “Planetlərin (ulduzların) hərəkətinin öyrənilməsi haqda”, “Hər adamın zaman və taleyinin öyrənilməsi haqda”, “Digər astronomik elmlərin, o cümlədən məşhur şəhərlərin coğrafi koordinantlarının mühüm cəhdləri haqda”. Qeyd etmək lazımdır ki, bu mühüm astronomik əsər Qərbi Avropada XVII-XVIII əsrlərdə dəfələrlə nəşr olunmuşdur.

 

Nəsrəddin Tusi təkcə astronomiyanın nəzəri və müşahidə məsələləri ilə məşğul olmamışdı, o həm də məşhur fars astronomu Əbdürəhman Sufinin 964-cü ildə yazdığı “Suvarul Kəvakib” (“Kahkəşanların növləri”) əsərini tərcümə etmişdir. Sufi də İsfahanda çalışanda yunan astronomlarının əsərlərini yunan dilindən ərəb dilinə tərcüməsində iştirak etmişdi.

 

 

...Marağa rəsədxanası astronomlarının işinə əsaslanan bir çox alimlər bir fakta əhəmiyyət verirlər ki, Nəsrəddin Tusinin “Tusi cütü” deyilən həndəsi fiquru planetlərin hərəkəti üzərində işləyən zaman sonralar Kopernik tərəfindən istifadə edilmişdir. Bu düzxəttli rəqs hərəkətinə iki toxunan kürənin fırlanma hərəkətəninin riyazi yenidənqurma üsuludur. Hazırda bu mexanizmi Tusi prinsipi adlandırırlar. Əgər kiçik dairəni böyüyün daxilində sürüşməsiz fırlatsaq onda birincinin istənilən nöqtəsi qarşılıqlı yerdəyişmələrin bir dövrəsi ərzində ulduzabənzər əyrixətli fiquru – hiposiklodi təsvir edər (cızar). Dairələrin diametrlərinin 1-in 2-yə nisbətində fiqura iki qarşılıqlı perpendikulyar xəttə çevrilir. Bu hadisə Kopernikə Nəsrəddin Tusinin əsərlərindən məlum idi. Onun əsasında yaranmış mexanizmi 1908-ci ildə Byurl Fransada, Buxarest Almaniyada daxiliyanma mühərrikinə daxil etsələr də, cəhdləri uğursuz olmuşdur.

 

Yeri gəlmişkən, Tusi mexanizminin hərəkətin yenidən qurulması üçün kompressorlara uğurla tədbiq edilməsini akademik Əhəd Canəhmədov həyata keçirib.

 

Müəyyən mənada mübahisəli situasiya yaranır: görəsən, Kopernik “Tusi cütü” haqqında hansısa ərəb, yaxud yunan mənbələrindən öyrənmiş, yoxsa özü bunu fikirləşmişdi? Qeyd etməliyik ki, o, öz əsərlərində həvəslə ərəb alimlərindən əb-Battani, əl-Biturci, İbn Rusduya diqqət yetirmişdi, ancaq Tusi haqda bir söz belə deməmişdi. Kopernikin “Göy sferalarının dolanması haqqında”, “Kiçik şərhlər” əsərlərində Ayın hərəkət nəzəriyyəsi Tusi nəzəriyyəsi ilə eynidir, həmçinin planetlərin hərəkəti nəzəriyyəsi də Tusidəki nəticələri verir. Dahi amerika alimi, fizik-astronom, Nobel mükafatı laureatı Stiven Vainberq hesab edir ki, Kopernik gəncliyində İtaliyada oxuyan zaman Tusinin əsərlərinin nəticələri haqda bilirdi.

 

Bundan əlavə o, yunan dilini də yaxşı bilirdi. Şübhə yox ki, o, Marağa rəsədxanasının əsərlərindən, o cümlədən Nəsrəddin Tusinin əsərlərindən xəbərdar idi, bu əsərlər yunan və sonralar fransız dilinə tərcümə olunmuşdu. Marağa rəsədxanasına aid çoxsaylı məqalələr müəllifləri hesab edirlər ki, Kopernik Avropada etdiyi elmi inqilaba görə marağalıların fəaliyyətinə borcludur. Yəni, Marağa rəsədxanasının irsi Kopernik tərəfindən diqqətlə öyrənilmişdi, şübhə yoxdur ki, polşalı alim Marağa rəsədxanasının “ən yaxşı və istedadlı nümayəndəsi” olmuşdur.

 

Olduqca maraqlı olan bu tarixi faktı araşdırıb meydana çıxaran akademik Əhəd Canəhmədov bir növ Nəsrəddin Tusinin haqqını mənimsəyən Avropa alimlərinə üsyan edir və tarixi həqiqətləri olduğu kimi ortaya qoyur...  Bir sözlə, bu gün elmdə Kopernikin adı ilə bağlı olan Ayın və Planetlərin hərəkəti nəzəriyyələri əslində Nəsrəddin Tusiyə məxsusdur. Əhəd müəllim bu həqiqətin təsdiqi üçün amerika alimlərinin araşdırmalarını, eləcə də tarixi faktları tapıb əsl mahiyyəti olduğu kimi  təqdim edir... əslində bu, həm də həqiqətin təsdiqidir... 

 

Azərbaycan elm tarixinə şöhrət gətirəcək “Mühəndislik fəlsəfəsi” əsəri, əslində elmdə hadisədir. Görkəmli Azərbaycan alimi Əhəd Canəhmədovun fəlsəfi düşüncələri dünya elmində mövcud olan nəzəriyyələri bir daha təhlil edərək ümumiləşdirmiş və onların mühəndislik fəlsəfəsinin gözü ilə təkrar, lakin yeni mahiyyətini ortaya qoymuşdur. Yeni fikirlər və yeni yanaşmalar  “Mühəndislik fəlsəfəsi”nin əsas süjet xəttidir. Əslində bu xətt deyil, yeni bir yoldur və bu yolda bir sığmazlıq müşahidə olunur...

 

 

Nəsimilik Əhəd müəllimin  həyat qayəsidir... Ona görə deyə bilərik ki, akademikin başladığı yol, aləmlərin zərrələrdən ibarət olmasını iddia edən böyük Nəsiminin fəlsəfi ideya və düşüncələrinin davamıdır. Cəmiyyətin kamil və cahil insanlardan ibarət olması kimi ali həqiqətin müəllifi olan Nəsiminin fikrinin davamı olaraq Əhəd müəllim, bir damla mürəkkəbin insan əlində malik olduğu   qüvvənin gücünü göstərir... Bir damla mürəkkəblə yazılan söz alimin əlində elmə, aqilin əlində hikmətə, hökmdarın əlində fərmana, cahilin əlində isə fəlakətə çevrilə bilər... Bu, sıradan, sadə misallardan biridir... Əhəd müəllimin “Mühəndislik fəlsəfəsi” əsəri əvvəldən axıra qədər belə hikmətlər, heyrətamiz həqiqətlərdən ibarətdir...

 

Kitabın əvvəlində verilən “Minnətdarlıq” da  diqqətimi cəlb etdi... Maraqlıdır, alim əldə etdiyi bu uğurlara görə kimə minnətdardır?! Kitabın ərsəyə gəlməsində əməyi keçənlərin hamısına  adbaad  ehtiramını bildirib Əhəd müəllim...

 

 Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə mühəndislik fəlsəfəsi üzrə orijinal məsləhətlərinə, hərtərəfli və dəyərli dəstəyinə görə səmimi minnətdarlıq bildirir. Bəli, Əhəd Canəhmədovun belə fundamental əsərinin yaranmasında, sözsüz ki, bir elmi sferada fəaliyyət göstərdiyi akademik Arif Paşayev kimi müdrik elm xadiminin və digərlərinin əvəzsiz rolu olub.

 

 

“Mühəndislik fəlsəfəsi”  üzrə tədqiqatlarını yorulmadan davam etdirən Əhəd müəllim öz fəlsəfəsini daim müdrik düşüncələrinin nuru ilə işıqlandırmaqdadır. Ən böyük fəlsəfə yaradılanların sirrindədir...  Kainat isə özü boyda sirlərlə doludur... Kainat  nəhayətsiz olduğu kimi onu sirlərini öyrənmək də hər gün zəhmət çəkməyi tələb edir. Əhəd müəllim öz hikmət dünyasının gözüylə aləmlərin sirrini açdıqca dünya elmi qarşısında da yeni səhifələr açılır...  “Mühədislik fəlsəfəsi” canlı varlıq kimi həyatına davam etdikcə böyüyür, kamilləşir, müdrikləşir və nəhayətdə yeni –yeni zirvələr fəth edir... beləliklə, akademik Canəhmədovun  əməyi sayəsində üzü işıqlanan sirlərin mahiyyəti, işıq üzü görən hikmət xəzinəsi olan yeni kitablarda  açılır...  Və bu müdriklik fəlsəfəsinin davamını “Kainatın dərki” ( «Познание  окружающего мира» (трактат)  Apostrof- A; Баку -2021.)  adlı yeni fundamental əsərində Əhəd müəllim arifanə qələmə alıb...

 

 

“Kainatın dərki” yenə də dünya şöhrətli alim, akademik Boris Qusevin ön sözü ilə başlanır... yenə də Əhəd müəllimin şərəfli əməyi yüksək qiymətləndirilir, yeni əsərin, hikmət elminin davamının əhəmiyyəti haqqında danışılır... Müəllif  isə əsərə dəyərli bir müdrik fikirlə başlayır: “ Mən asanlıqla milyonlar qazanmağı bacarardım, lakin mən daha vacib olan   milyonlarla insanı maarifləndirməyi üstün tutdum...”  bəli, Əhəd müəllim yenə milyonları əldə etdi..., savad verdiyi, elmindən bəhrələnən milyonlarla insanı qazandı... Zatən elə məqsədi də budur görkəmli alimimizin... “Kainatın dərki”ndə müəllif  ənənəsinə sadiq qalaraq yaşadığımız dünyanın fiziki quruluşu haqqında fikirlərini əyani və anlaşılan dildə ortaya qoyur, ətraf aləmin məhz mühəndislik fəlsəfəsi nöqtəyi-nəzərindən dərki sahəsində qazandığı uğurlu nəticələri oxuculara çatdırır. Kitabda təbiət elmləri sahəsində biliklərin gündəlik həyatımıza necə tətbiq olunmasından bəhs edərək  Əhəd Canəhmədov dünyamızda həyatın mənşəyini və inkişaf tarixini, eləcə də mineralların yaranma mərhələlərini bir-biri ilə uzlaşdırır...

 

Mineralların təkamül nəzəriyyəsinə, eləcə də bu sıradan olan digər tədqiqatlara əsaslanan alim Planetimizdə, həyatımızda baş verə biləcək dəyişiklikləri praqnozlaşdıraraq gələcəyə baxır, qanunauyğunluqları müəyyən edir...  “Kainatın dərki”ndə indiyə kimi cavabsız qalan bir çox suallara aydınlıq gətirilir:

 

 

  • Biz insanlar böyük bir həyat ağacında necə kiçik, lakin sadəcə çiçək açan bir budaq olmağımızı bacara bildikmi?   
  • Gələcəyimizi hansı mübarizə gözləyir?
  • Kainatın dərk olunmasında, həyatın məqsəd və mənasında informasiyanın rolu nədir ? və s. Kitab 12 fəsildən ibarətdir. Fəsillərdə qoyulan suallara verilən cavablar Mühəndislik fəlsəfəsinin kamil, bütöv, dərin məzmunlu, tamamilə yeni bir hikmət xəzinəsi olduğunu anlayırsan.

I fəsil: Yerin daşa həkk olunmuş  tarixi...

II fəsil: Yerdə həyatın davamı və onun gələcək dəyişiklikləri...

III fəsil: Bəşəriyyətin mövcudluğunun sirləri...

IV fəsil: Minerallar aləminin təkamülü...

V fəsil: Qədim həyatın sirləri...

VI fəsil: İnsanın mövcud olmasının mənası....

VII fəsil: Orta əsrlərdə türkdilli dünyada təbiətşünaslıq...

VIII fəsil: Keçmiş gələcəkdən fərqlənir...

IX fəsil: Qarışıqlıq və nizam...

X fəsil: Dünyagörüşün yeni paradiqmaları...

XI fəsil: Zərif dünyanın mövcudatı...

XII fəsil: Dünyanı tanımaq üçün informasiya...

 

 

Bunlardan əlavə, kitaba epiloq və bir neçə yarımbaşlıqlar altında məlumatlar daxil edilib. “KİV-in güzgüsündə” adlı yazıda Əhəd müəllimin mətbuatda çıxışları və müsahibələri yer alıb. Bu müsahibələrin ikisi mənimlə olub və mən o müsahibələri müasirimiz olan hikmət sahibi, nurlu şəxsiyyətlə əvəzsiz görüş, unudulmaz saatlar və ən maraqlı və qeyri-adi söhbət hesab edirəm... düşünürəm ki, bu söhbət müsahibə yox, hikmət dünyasına səyahət idi. Yadımdadır, mən həmin yazıları yekunlaşdırmaqda çətinlik çəkirdim... elə  müdrik cavablar eşitmişdim ki, onların heç birinin yazıdan kənarda qalmasını istəmirdim... Eyniylə “Kainatın dərki” haqqında yazımı qələmə alanda da eyni hissləri yaşayıram... Amma kitabın sanbalını olduğu kimi bir yazıda çatdırmaq olduqca çətindir... Əsər hikmət xəzinəsi olmaqla yanaşı, olduqca maraqlı, dünyanın dərki üçün əvəzsiz vasitədir... Düşünürəm ki, o hər kəsin stolüstü kitabı olmalıdır...  “Kainatın dərki”nin ümumi mənzərəsini yaratmaq üçün düşünürəm ki, hər fəsil üzrə qısa fikir bildirmək yetərli olmasa da, ümumi informasiya  baxımından faydalı olar...

 

Yerin  daşa  həkk  olunmuş  tarixi...   ilk fəsil Əhəd müəllimin bu müdrik kəlamı ilə başlanır : “Hər ölkənin nüfuzu onun təhsil sisteminin yüksək səviyyəsi, vətəndaşlarının intellektual bacarığı və alimlərinin nailiyyətləri ilə ölçülür.”  Yeni təhlillər, heyrətamiz nəticələr elə ilk fəsildən oxucunun diqqətinə hakim kəsilir, onu ovsunlayır... Hər fəsildə qoyulan məsələlər elmi  nəticələr əsasında təhlil edilir, müqayisələr, paralellər aparılır, bir daha araşdırılır və mühəndislik fəlsəfəsinin gözü ilə nəzərdən keçirilir. Ümumiyyətlə, hər fəsildə araşdırılan suallara indiyə kimi istər Qərb, istər Şərq, istər keçmiş, istərsə də müasir dünya alimlərinin tədqiqatları, aldıqları nəticələr təhlil edilərək qiymət verilir... Mühəndislik fəlsəfəsinin Yerdə həyatın davamına və onun gələcək dəyişikliklərinə, bəşəriyyətin mövcudluğunun sirlərinə, minerallar aləminin təkamülünə, qədim həyatın sirlərinə, insanın mövcud olmasının mənasına, orta əsrlərdə türkdilli dünyada təbiətşünaslığa, keçmişin gələcəkdən fərqlənməsinə, qarışıqlıq və nizama, dünyagörüşün yeni paradiqmalarına, zərif dünyanın mövcudatına və ən nəhayət dünyanı tanımaq üçün informasiyaya  gətirdiyi aydınlıq “Kainatın dərki”nin hikmət incilərini təşkil edir. Akademik Əhəd Canəhmədovun kosmologiya elminə bəxş etdiyi töhvələr onu misilsiz uğurların müəllifi kimi dünyaya tanıdıb...   Qürurla qeyd etmək istəyirəm ki, bu gün dəyərli elm xadimimizi bütün dünyada oxuyurlar... Ona görə də “Kainatın dərki”nin ilk variantı nisbətən daha böyük oxucu dairəsinin əhatə etsin deyə, rus dilində işıq üzü görüb. Çox güman ki, anadilli auditoriya da qısa bir zamanda Azərbaycan dilində bu fundamental traktı oxumaq imkanı əldə edəcək.

 

 

70 illik yubileyi ərəfəsində dəyərli alim, böyük ziyalı Əhəd Canəhmədovun örnək olan həyatına, təkrarsız elmi fəaliyyətinə həsr olunan, ədəbi ssenarisi qələmimdən çıxan,  Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadənin rejissorluğu ilə  “Beynəlxalq səfir: akademik Əhəd Canəhmədov” adlı sənədli televiziya filmini çəkdik. Ekran əsəri İctimai Televiziya ilə bir neçə dəfə yayımlanıb.  Bəli, Əhəd müəllim Azərbaycan elmini dünyada şərəflə təmsil edən, onun nüfuzunu zirvələrə ucaldan xeirxahlıq elçisi-Beynəlxalq səfirdir!

 

 

Bu günlərdə dəyərli elm xadimi, nurlu şəxsiyyət, mühədislik fəlsəfəsinin yaradan filosof,  sözün əsl mənasında kosmologiya elmində tədqiqatları ilə zirvələr fəth etmiş, dünya şöhrətli Azərbaycan alimi, akademik Əhəd Canəhmədovun 75 illik yubileyidir. Əlamətdar yubileyi münasibətilə Milli dəyərimiz olan bu Böyük Azərbaycanlını səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və şərəfli fəaliyyətində yeni-yeni zirvələr fəth etməyi  arzulayırıq! Əhəd müəllimə həsr olunan sənədli filmin finalında yazdığım sözlər onun xoşuna gəlmişdi məncə... Ona görə də böyük ziyalımıza həsr etdiyim bu yazını da həmin fikirlərlə bitirmək istəyirəm. Əhəd Canəhmədov o azsaylı ziyalılarımızdandır ki, varlığı  ilə doğma torpağa bağlı olmaqla yurdunun şöhrətini bütün mənafelərdən üstün tutur, qazandığı nailiyyətləri Vətəninin adı ilə bağlayır... Əhəd müəllim kökü Azərbaycan torpağında olan, qollu-budaqlı, uca, başı göylərin ənginliklərinə çatan möhtəşəm ağacdır! Elə bir ağac ki, dünyanın hər yerindən aydın görünməkdədir... O ağac mayak kimi dünya fəlsəfə tarixinə, tribologiya elminə, kainatın dərkinə vaqif olmaq istəyənlərə yol göstərməkdədir... O yol Əhəd Canəhmədov yoludur... O ağacın nemətini əldə etmədən sadaladığım elmlərdə uğura çatmaq, o yolun yolçusu olmadan nəyəsə nail olmaq imkan xaricindədir.

 

Eldar   İskəndərzadə

Azərbaycan  Yazıçılar  və  Jurnalistlər Birliklərinin üzvü,

Prezident təqaüdçüsü, telejurnalist.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu