Bu dəfə qərara gəlmişdim elə bir şəxsiyyətdən, ziyalıdan müsahibə alım ki, ictimai-siyasi vəziyyət, iqtisadi durum, ümumiyyətlə bugünkü real vəziyyətlə bağlı həqiqətləri deyə bilsin. Yəni nə aldığı prezident təqaüdü, nə mənzil, nə oğlunun vəzifədə olması onun ağzına daş basmış olmasın, ağa qara deməyə məcbur etməsin.
Ha düşündüm, ölkəni xəyalən ayaqdan başa, başdan ayağa ekskurs elədim tapmadım ki, tapmadım. Nəhayət, yazıçı Sabir Əhmədli gəldi fikrimə, hərçənd düz bir il öncə eyni mövzuda həmsöhbətim olmuşdu. Bir halda ki, başqa bir alternativ yoxdur, qoy, həyatımızdan keçən bir il barədə olsa da belə, yenə onunla həmsöhbət olum. Yeni nə desə, düz nə desə Sabir Əhmədli deyəcək, prezident təqaüdü, yeni mənzil alsa da, almasa da. Giriş verdiyim sözlərlə də onunla söhbətə başladım. Çox təəssüflə sözümü təsdiqlədi
- Elədir. Yazıçı, ziyalı şəxsiyyətinin meyarları dəyişib. Dədə-baba yazıçılarındakı şəxsiyyət ucalığına, şəxsiyyət mükəmməlliyinə həsəd aparmağa başlamışam. Nədən ki, kasadlıq olur ona həsəd aparırsan də.
- Məsələn, İsmayıl Şıxlı, Fərman Kərimzadə eləmi?
- Onlardan da əvvəl Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy nəslini nəzərdə tuturam. Uca, mötəbər şəxsiyyət tapmaq çətindir.
Bura qədər bir-neçə il öncə Sabir Əhmədlidən aldığım müsahibədən bir çıxarışdır. İnanın ki, müsahibəni bütöv versəydim, oxuyan elə bilərdi ki, bu gün alınmış müsahibədir. İndinin özündə, bəlkə də hələ xeyli uzaq gələcəkdə də aktual olacaq o qədər məsələlərdən danışmışdı ki...
Ziyalılıq, mötəbərlik, şəxsiyyət bundadır, yazıçı olmaq budur ki, dediklərin nə qədər zaman keçsə belə, əhəmiyyətini, kəsərini itirməsin. Sabir Əhmədli belə nadir ziyalılardan idi, zaman onu çıxara verə bilməmişdi, çünki onun da fövqündə dururdu.
Mətbuata ilk addımlarımı onun baş redaktor olduğu “Ədəbiyyat qəzeti”ndə atmışdım. İlk yazılarımın üstündən çalın-çarpaz xətt çəkməklə eyni dağı qəlbimə çəkən ədib bu gün mənim səcdə yerimdir. Lap sonralar, sözə həssas yanaşmağı, yazmaq bacarığını, kökə bağlılığı, şəxsiyyət olmağın sirlərini az-çox öyrənəndən sonra, onun özündən öyrəndim bunları, o, öyrətdi mənə, əsərləri, əməlləri, dərsləri ilə öyrətdi, anladım ki, mən çox xoşbəxt jurnalistəm ki, təcrübədə ilk ustadım Sabir Əhmədli olub. Əsərləri ilə əməlləri, həyatı ilə dünyaya baxışı bir-birinə düz mütanasib olan Sabir Əhmədli.
Kimi sevdisə sevgisini, kimə nifrət etdisə nifrətini malalamayan, dünyada heç nəyin xatirinə əyilməyən, övladını vətəni yolunda şəhid verməyə də hazır olduğunu göstərərək bu dünyadan şərəflə o dünyasına qovuşan xalq yazıçısı, xalqın adamı Sabir Əhmədli.
Bu günlərdə 80 yaşı tamam olur. Vəfatında, dəfnində olduğu kimi xatirə günündə də təmtəraqa ehtiyac yoxdur, onun üçün xüsusi xatirəli adamlar var. Sabir Əhmədliyə bir-neçə ürəyi yanan yetirməsinin, yolunun davamçısının bir damla göz yaşı da kifayətdir. 80 yaşın mübarək, ustad...