Modern.az

Şeyxin ehsan biznesi, yaxud kəfənin cibi olmur!..

Şeyxin ehsan biznesi, yaxud kəfənin cibi olmur!..

Ölkə

14 Mart 2011, 21:23

Atatürk mədəni inqilab edəndə din xadimlərinin ciddi müqaviməti ilə üzləşdi. Osmanlının şinelindən çıxan mollalar yeni dövrün qaydalarına əməl etmək istəmirdilər. Mustafa Kamal Paşa yeniliyin düşməni olan bu adamları repressiya etməkdən çəkinmədi. Yoxsa, Türkiyə indi Banqladeşlə qoşa addımlayırdı...
Azərbaycan ədəbiyyatında müsbət molla obrazı yoxdur. Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən tutmuş İsmayıl Şıxlıya kimi bütün tərəqqipərvər yazarlar öz əsərlərində xalqın maariflənməsini istəməyən savadsız, cahil mollaları kəskin tənqid atəşinə tutublar. Ədəbi qəhrəman kimi Şeyx Nəsrullah Kefli İsgəndərdən daha məşhurdur. Təəssüf ki, müqəddəs İslam dinini uzun illər Molla Sadıq kimi yaramaz ünsürlər cəmiyyətə təqdim ediblər.
Sovet imperiyasının süqutundan sonra milli-mənəvi dəyərlərimizin bərpası, Müqəddəs Kitabımızın təbliği üçün geniş imkanlar yarandı. Azərbaycanlı din xadimlərinin əlinə İslamın mənəvi övladlarının şeyx nəsrullahlardan, molla sadıqlardan ibarət olmadığını sübut etmək üçün gözəl fürsət düşdü. Beləcə, İslamın matəm dini olmadığını isbatlamağın zamanı yetişdi. Amma təfəkkür etibarı ilə Molla Sadıqdan bir o qədər də fərqlənməyən müasir dindarlarımız bu fürsəti dəyərləndirə bilmədilər. Qafqaz Müsəlmanları İdarəsinin yarıtmaz fəaliyyəti ucbatından bu gün İslam dini deyəndə sıravi azərbaycanlıların ağlına ilk növbədə plov qazanı, mürdəşir və qozbel qəbirqazan gəlir.
Yaxın keçmişə aid olduğu üçün yəqin ki, məscidlərə qarşı total hücumların baş verdiyini hamı xatırlayır. Amma həmin vaxt Qafqazın şeyxi meydana çıxıb Allahın evini buldozerlə uçuranlara öz etirazını bildirmədi. Bir müddət sonra məlum oldu ki, QMİ-nin başı kolbasa məhsullarına sertifikat verməyə qarışıb. Yəqin buna görədir ki, Azərbaycanda ən varlı adamlardan söhbət düşəndə ilk "beşlik"də şeyxin adı çəkilir.
Bu gün Azərbaycanda təkcə toylarda deyil, yas mərasimlərində də iyrənc qaydalar hakimdir. Yaxınını itirmiş adamlar ölüsünün dərdini çəkmək əvəzinə mərasimə gələn qonaqların qarnını doyurmaq haqda fikirləşir. Neçə illərdi ki, bu gərəksiz ənənəni ortadan qaldırmağın vacib olduğunu yazsaq da, heç nə dəyişmir. Şəxsən mən dəfələrlə öz məqalələrimdə başsağlığı verməyə gələn adamların bozbaşa qonaq edilməsinin doğru olmadığını yazmışam. Amma bu problem ayrı-ayrı jurnalistlərin çağırışıyla deyil, şeyxin iradəsi ilə həll oluna bilər. QMİ yas mərasimlərilə bağlı ölkə ərazisində vahid qaydalar tətbiq etməklə hüzr sahiblərinin canını bozbaş bişirməkdən qurtara bilər. Amma başda Hacı Allahşükür Paşazadə olmaqla QMİ rəhbərliyi neçə illərdi ki, ayrı-ayrı jurnalistlərin, tanınmış ziyalıların bu çağırışlarını qulaqardına vurur. Səbəb sadədir: ehsan biznesi ilə şəxsən şeyx özü məşğul olur. Ötən həftə mən özüm bunun şahidi oldum.
Keçmiş millət vəkillərindən biri "Təzəpir" məscidində dünyadan köçmüş anasına "üç" mərasimi verirdi. Bir neçə jurnalist həmkarımla birlikdə mən də məclisdə iştirak edirdim. Bizim əyləşdiyimiz salon səliqə-sahmanına, öz dəbdəbəsinə görə Bakının ən bahalı şadlıq evlərindən geri qalmırdı. Masanın üzərinə müxtəlif şirniyyatlar, sular, bahalı meyvələr düzülmüşdü. Plovun ətri Mərkəzi Univermağa qədər yayılmışdı. Bu mənzərəni təəccüblə seyr etdiyimi görən jurnalist həmkarlarımdan biri dedi ki, "Təzəpir" məscidində 6 belə salon fəaliyyət göstərir. İmkanlı adamlar burda yas mərasimləri təşkil etmək üçün növbəyə düzülürlər. Bir stulun qiyməti 13-15 manatdır. Bəzən bir mərasim üçün yas sahibləri 14-15 min manat ödəməli olurlar. "Təzəpir" məscidində təşkil olunan yas mərasimlərində hər gün 5-6 min adam iştirak edəndə orta hesabla bir gündə kassaya 70-80 min manat vəsəait daxil olur. Jurnalist həmkarımın dediyinə görə, ehsan biznesinin başında şəxsən şeyxin özü dayanır.
Bir dostumun atası rəhmətə getmişdi. El-obadan geri qalmamaq üçün bankların birindən kredit götürüb, atasına qara mərmərdən başdaşı düzəltdirdi. Sonra isə düz iki il övladlarının boğazından kəsib faiz ödədi.
Hər birimiz belə mənzərə ilə tez-tez qarşılaşırıq. Vəziyyətdən yeganə çıxış yolu yas mərasimlərilə bağlı vahid qaydalar tətbiq etməkdir. Bu isə hörmətli Hacı Allahşükür Paşazadənin vəzifəsidir. Amma onun başı insanların faciəsindən pul qazanmağa qarışdığı üçün imkansız adamlar köhnə adət-ənənələrin ağırlığı altında əzilirlər.

P.S. İnsan dünyadan köçəndə özü ilə ancaq beş arşın kəfən aparır. Kəfənin isə cibi olmur... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı