Modern.az

Təhsilimizin durumu 2010-cu il tədqiqatlarında, yaxud millət vəkili Fəzail Ağamalıya cavab

Təhsilimizin durumu 2010-cu il tədqiqatlarında, yaxud millət vəkili Fəzail Ağamalıya cavab

Ölkə

16 Mart 2011, 14:11

Tədqiqatlar göstərir ki, 2010-cu il təhsil tariximizdə ən uğursuz il olub

Millət vəkili Fəzail Ağamalı Milli Məclisin dünənki (15.03.2011) iclasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına sərt ittihamlar səsləndirib. O, hökumətin hesabatına həsr olunmuş çıxışında belə deyib: “TQDK mətbuata açıqlamalarında, verdiyi bəyanatlarda orta məktəblərdə təhsilin aşağı səviyyədə olmasını bildirir. Mütəmadi olaraq, hər il orta məktəblərdə təhsilin aşağı olmasını, attestat ballarının şagirdlərin biliyini düzgün əks etdirmədiyini iddia edir”. Bununla belə, millət vəkili TQDK-da böyük rüşvət və korrupsiya hallarının olduğunu da vurğulayıb.

- Başlayaq məsələnin ikinci tərəfindən – rüşvət və korrupsiyadan. Deyərdim ki, cəmiyyət arasında bu məsələdə adı ən az hallanan qurumlardan biri TQDK, ən çox hallanan qurumlardan biri isə Təhsil Nazirliyidir. Bunu xeyli müddətdir Modern.az-ın öz ziyarətçiləri arasında “Aşağıdakı dövlət orqanlarından hansında daha çox korrupsiya və rüşvətxorluq var?” sualı əsasında apardığı sorğu da təsdiqləyir. Sorğunun saat 11:26-ya olan nəticələri belədir: Təhsil Nazirliyi –  14,74%, TQDK – 1,6%.
Mətbuatda gedən bir çox cavabsız qalmış ittihamlar da deyilənləri təsdiq edir. Hesab edirəm ki, Fəzail Ağamalının dedikləri bu iki dövlət qurumu arasında açıq müstəvidə gedən mübahisələrdə Təhsil Nazirliyinin tərəfini saxlamaqdır. Ağamalının çıxışından açıq-aydın duyulur ki, o, Misir Mərdanovu müdafiə edir. Bəlkə də millət vəkilinin təhsilimizin son durumu haqqında o qədər də məlumatı yoxdur. Ona görə də bəzi ciddi məqamları ona xatırlatmağı özümə borc bilirəm.

Təhsil naziri Misir Mərdanov ötən ilin yekunları ilə bağlı media mənsubları qarşısında belə fikir söyləmişdi: “2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb”. 
Amma tədqiqatlar göstərir ki, əksinə, 2010-cu il təhsil tariximizdə ən uğursuz il olub. Bunlar ayrı-ayrı beynəlxalq və yerli təşkilatların, eləcə də ekspertlərin tədqiqatlarından açıq-aşkar görünür. Maraqlı olacağını nəzərə alaraq, bu tədqiqatların adlarını və gəlinən nəticələri modern.az-ın ziyarətçilərinin (eləcə də F.Ağamalının) diqqətinə çatdırıram.

1. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən PİSA proqramı çərçivəsində bəzi dövlətlərdə təhsilin səviyyəsinin təhlili. Tədqiqat nəticəsində bəlli olub ki, 15 yaşlı şagirdlərimiz oxu savadı üzrə 65 ölkə arasında 64-cü, təbiət elmləri üzrə 63-cü, riyaziyyat üzrə isə 45-ci yeri tutur. Bu o deməkdir ki, klassik “5” ballıq sistemə görə oxu savadından “1”, təbiət elmlərindən “1”, riyaziyyatdan isə “2” almışıq. Burada məsələnin utanc gətirən tərəfi budur ki, ölkəmiz Tunis, İordaniya, Qətər, hətta adını çox nadir hallarda eşitdiyimiz Trinidad və Tobaqodan da geridə qalır.

2. Beynəlxalq Akademik Perspektivlər İnstitutu tərəfindən 2010-cu ildə dünyanın  seçilmiş 2000 universitetində təhsilin səviyyəsinin təhlili. Tədqiqatın nəticələrindən bəlli olur ki, bu siyahıda Bakı Dövlət Universiteti (BDU) axırıncı yerlərdən birində – 1951-ci yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Yerevan Dövlət Universiteti həmin siyahıda BDU-dan xeyli qabaqda – 1394-cü yerdə, Tbilisi Dövlət Universiteti isə 1594-cü yerdədir.

3. İspaniyanın Dövlət Elmi-Tədqiqat Mərkəzinin dünya ali məktəblərinin “Webometrics” reytinq cədvəli (2010-cu il). Cədvəldən görünür ki, ilk 6000 ali məktəb arasında Azərbaycanın bircə ali məktəbinin – Xəzər Universitetinin adı var (5097-ci yer). Burada məsələnin dəhşət doğuran tərəfi odur ki, bu siyahıda Ermənistanın 5, Azərbaycanın isə cəmi-cümlətanı 1 ali məktəbi var.

4. Məşhur “Newsweek” jurnalı tərəfindən 2010-cu ildə seçilmiş 100 ölkə arasında təhsilin səviyyəsinin təhlili. Tədqiqat nəticəsində bəlli olub ki, Azərbaycan təhsili Dominikan Respublikası, Keniya, Suriya, Ekvador və s. kimi geridə qalmış hesab edilən dövlətlərin təhsilindən də aşağıda – 83-cü yerdədir.



5. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin 2010-cu ildə “Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltikyanı və Şərqi Avropa ölkələri ilə müqayisəli təhlili” adlı tədqiqatı
(53 A4 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, adı çəkilən ölkələrlə müqayisədə Azərbaycanda təhsilin durumu çox aşağıdır. 


6. Azad İqtisadiyyata Yardım İctimai Birliyinin 2010-cu ildə “Məktəb layihələrinə ayrılmış dövlət investisiyalarının monitorinqi üzrə yekun hesabat” adlı tədqiqatı
(30 A4 səh.). Monitorinq nəticəsində bəlli olub ki, dövlət vəsaiti hesabına məktəb tikintiləri zamanı xərcləmələrdə böyük şişirtmələrə yol verilib. Hətta o da üzə çıxarılıb ki, Təhsil Nazirliyi tamamilə eyni parametrli məktəbin tikilməsinə Yaponiya səfirliyindən 4 dəfə çox vəsait xərcləyib.

 





7. Ə.Osmanlı. “Fənn kurikulumlarının monitorinqi”
(80 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, islahat çərçivəsində hazırlanmış fənn kurikulumları nəinki beynəlxalq, heç yerli tələblərə belə cavab vermir və onlara xərclənən külli miqdarda vəsait əslində havaya sovrulub.


 


8. F.Süleymanoğlu. “Dərslik siyasəti: köhnə və təzə problemlər”
(80 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, dərslik siyasətinin həyata keçirilməsində ciddi əyintilərə yol verilib və bunun da nəticəsində şagirdlərə təqdim olunan dərslik komplektlərinin bir çoxu dərslik adına karikaturadan başqa bir şey deyil.


9. V.Məmmədov. “Yeni və köhnə dərsliklər: fərqlər, problemlər” (64 səh.). Tədqiqat nəticəsində bəlli olub ki, köhnə proqramlar və dərsliklər (1-3-cü sinif) məzmun tutumuna görə yenilərdən qat-qat üstündür.

 

 

 

10. Ə.Osmanlı. “Təhsil tariximizin qara ləkələri” (1-ci kitab, 400 səh.). Müəllif kitabda təhsilimizin məzmununun dağılma səbəblərini və onların aradan qaldırılma yollarını göstərib.

 

 

 

11. Ə.Osmanlı. “Təhsilimiz hara gedir? (2-ci kitab, 448 səh.). Yəqin ki, bu, analoqu olmayan hadisədir, daha doğrusu, dünyada elə təhsil naziri göstərmək olmaz ki, onun haqqında belə kitab çap olunsun. Topluya Azərbaycanın tanınmış ziyalılarının, pedaqoq-alimlərinin, ekspert və jurnalistlərinin ölkə mətbuatında böyük rezonans doğurmuş yazıları daxil edilib.
 

12. N.İsrafilov. “Mehdizadə və Mərdanov” (48 səh.). Əsərdə Azərbaycan təhsilinə rəhbərlik etmiş iki nazirin – Mehdi Mehdizadə və Misir Mərdanovun elmi, pedaqoji, təşkilati fəaliyyəti və mənəvi keyfiyyətləri müqayisə edilir.


13. TQDK-nın son hesabatı. Hesabatdan açıq-aydın görünür ki, 2010-cu il tələbə qəbulu üzrə ən uğursuz illərdən biri olub. Ən təəccüb doğuran fakt isə ondan ibarətdir ki, ötən il Bakının 7 orta məktəbinin bircə şagirdi belə ali məktəblərə daxil ola bilməyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı