«BRİTANİYA HÖKUMƏTİ PARNOQRAFİK FİLMLƏR ALMASI ÜÇÜN QADIN NAZİRƏ PUL AYIRIRDI»
Nik Nyugent Azərbaycan və Britaniya mediası barədə danışdı
Böyük Britaniyanın Uistabl şəhərində anadan olan Nik Nyugent Kembric Universitetinin hüquq fakültəsini bitirib. 25 il BBC teleşirkətində xəbərlər, reportajlar, xarici xəbərlər departamentində çalışıb. Hazırda dünyanın bir sıra ölkələrində əcnəbi jurnalistlər üçün treninqlər keçir, hərdən Böyük Britaniya qəzetləri ilə əməkdaşlıq edir. Əslən Vyetnamdan olan xanımla evlənib. İki övladı var.
«Əcnəbi qonaq» rubrikasının budəfəki qonağı britaniyalı Nik Nyugentdir. Niklə Böyük Britaniyanın Media Müxtəlifliyi İnstitutunun Bakıda keçirdiyi treninqdə tanış olduq. O, azərbaycanlı jurnalistlərə televiziya debatının hazırlanması və istehsalı yollarını öyrədirdi. Bəribaşdan deyək ki, Nik dostları ilə Abşeron yarımadasında yerləşən tarixi abidə - Yanardağa gedəcəyindən müsahibə üçün cəmi 5-10 dəqiqə vaxtının olduğunu bildirdi. Buna görə də «atüstü» müsahibədə verən əcnəbi qonağa istədiymiz bütün sualları ünvanlamaq imkanımız olmadı. Müsahibə zamanı tərcümədə göstərdiyi köməyə görə Könül Rüstəmovaya minnətdarlığımızı bildirik.
«Media orqanlarınız çoxluq təşkil edir »
- Cənab Nik, müxtəlif layihələr çərçivəsində 8 dəfə Azərbaycanda olmusunuz. Azərbaycan mediası barədə nə düşünürsünüz?
- Dil baryeri olduğundan bütün televizyia kanallarına baxmamışam. Qəzetlərinizlə də elə tanışlığım olmadı. Amma hiss edirəm ki, media orqanları çoxluq təşkil edir və Azərbaycan mediası inkişaf yolundadır.
- Sizcə, çoxluq inkişafdan xəbər verir?
- Media orqanlarının çox olması o deməkdir ki, onların arasında rəqabət artır. Rəqabət isə o deməkdir ki, oxucu, tamaşaçı kimi sizin seçiminiz artır və bu, medianı öz işinə daha ciddi yanaşmağa, tamaşaçıları, oxucuları qarşısında məsuliyyətli olmağa vadar edir. Sizin tok-şoularda bir şey də nəzərimdən qaçmadı. İnsanları həddindən artıq danışdırmağı, başqalarının rəyinə qulaq asmağı sevirsiz. Amma bu da bir üslubdur. Məsələn, Britaniyada fərqli adamlara müraciət edilir. Siz isə tok-şoularda eyni adamlara müraciət edir və onların rəylərindən kənara çıxa bilmirsiz.
«Demokratiya öz-özünə yaranmır»
- Orta Asiya respublikalarında da treninqlər aparmısınız. Həmin ölkələrin mediası ilə tanışsınız. Orta Asiya ölkələrində demokratiyanın olmamasını hamımız bilirik. Sizcə, azadlıq, demokratiya olmayan ölkədə medianın inkişafından danışmaq olarmı?
- Demokratiya öz-özünə yaranmır. Demokratiyanın vacib hissəsi azad medianın olmasıdır. Əgər media mənsubları öz işlərini düzgün yerinə yetirirsə, düzgün yolda fəaliyyət göstərirlərsə, bu, ölkədə demokratiyanın bərqərar olmasına çox böyük dəstək olur. Bu, bütün ölkələrə aiddir. Britaniyada media demokratiyanın bərqərar olmasında və saxlanılmasında çox böyük rol oynayan qüvvədir.
«Deputata qəsrinin ətrafındakı suyun dəyişdirilməsi üçün pul ayrılırdı»
- Maraqlıdır, demokratik ölkə kimi tanınan Britaniyada jurnalistlərin peşə fəaliyyətlərinə maneçiliklər varmı?
- Çoxları düşünür ki, hökumət Britaniyada jurnalistlərin fəaliyyəti üçün həmişə hər cür şərait yaradır. Amma bizdə də zaman-zaman mediaya basqılar olur. Media isə öz hüquqlarını tələb edir və haqqına sahib çıxmağa çalışır. Sizə bir misal çəkim. Bir dəfə jurnalistlərdən biri Britaniya parlamentində deputatların maaşı barədə məlumat almaq istəsə də, bunun sirr olduğunu dedilər. Bu isə təbii ki, sirr ola bilməz. Çünki deputatların aldığı pul Britaniya vətəndaşlarının cibindən gedən pullardır və pulumuzun hara getdiyini bilməyə haqqımız var. Amma parlament vətəndaşların pullarının necə xərcləndiyini gizli saxlamağa üstünlük verdi və bunu ictimaiyyətə açıqlamadı. Üstəlik, sözügedən informasiyanın sirr olduğunu dedi. Məsələnin üstündən bir müddət keçəndən sonra qəzetlərin birinin baş yazısı hər bir deputata dövlət büdcəsindən nə qədər və nə üçün pul ayrılması ilə bağlı idi. Təsəvvür edirsiniz, parlament deputatların maaşını gizlətdi, jurnalist nəinki onların maaşını, hətta nəyə nə qədər pul xərclədiklərini də öyrəndi. Məlum oldu ki, deputatlardan birinin qəsrinin ətrafı su ilə əhatələnib və bu suyun hər gün dəyişdirilməsi üçün büdcədən pul ayrılır. Digər deputat isə qəsrinin ətrafında suda saxladığı ördəklərin yemlənməsi üçün pul alır. Media bunu da aşkara çıxardı ki, Britaniya hökuməti parnoqrafik filmlər alması üçün qadın nazirə büdcədən pul ayırır. Təbii ki, nazir televiziya vasitəsilə xalqdan üzr istədi. Amma o, növbəti dəfə seçilə bilmədi. Bu məlumatlar dərc olunanda bütün Britaniya şokda idi. Gördüyünüz kimi, bir jurnalist sirr sayılsa belə, əldə etmək istədiyi və haqqı çatan informasiyanı hansısa yollasa öyrəndi və sirri açdığına görə onu məhkəməyə çəkən olmadı. Çünki qanunla əgər bu sirr idisə, sirri qorumalı adamların günahı idi. Həm də jurnalist məhkəməyə çəkilsəydi belə, ictimaiyyət jurnalistin tərəfində olduğundan ona heç nə edə bilməzdilər.
«Sizdə öyrənməyə kifayət qədər maraq yoxdur»
- Britaniyada jurnalistlərin fəaliyyət göstərməsi üçün yaradılmış şəraitdən söz düşmüşkən, sizdə də nazirlərdən müsahibə almaq çox çətindir? Məsələn, Azərbaycanda nəinki qəzetlərin, hətta telekanalların da nazirlərin əksəriyyətindən müsahibə alması çox çətindir.
- Bizdə Azərbaycandan asandır. Amma deməzdim ki, çox asandır.
- Bildiyimizə görə, Bakını çox sevirsiniz. Burada olduğunuz müddətdə yəqin ki, azərbaycanlılar haqqında sizdə fikir formalaşıb. Bir azərbaycanlını qısaca təsvir edərdiniz…
- Əgər hər dəfə Azərbaycana qayıdıramsa, deməli, mən özümü burada çox rahat hiss edirəm. İnsanlar qonaqpərvərdirlər, onlardan dostcasına münasibət görmüşəm və buna görə həmişə Bakıya gəlişimə sevinirəm.
Azərbaycan xanımları çox cazibədardılar.
- Azərbaycanı çox sevirsinizsə, deməli, milli kulinariyamızı da bəyənirsiniz…
- Bəli, Azərbaycan xörəkləri çox xoşuma gəlir. Xüsusilə də kabab və salatlarınızı bəyənirəm.
Lalə MUSAQIZI