Modern.az

Böyümək arzusu

Böyümək arzusu

Ölkə

21 İyun 2011, 15:48

...Hər gün işə gəlmək üçün keçmək məcburiyyətində qaldığım çopur küçənin toz-torpağa bürünmüş səkisiylə ayaqqabılarımı bulaşdırmamaq üçün az qala barmaqlarımın ucunda aram-aram, ehtiyatla irəliləyirəm. Arxadan kimsə səslənir... Dabanlarımı birtəhər yerə basıb, əsgər dönüşüylə geriyə çevrilirəm. Tanışlarımdan biridi... Yəni, Azərbaycanda hər kəsin tanıya biləcəyi, "Vətən" deyəndə dodaqları "yüz yerdən çat verən", hər cümləsində 77 dəfə "Bütöv Azərbaycan", "Türk dünyası", "Turan" və s. kimi populyar epitetlərə divan tutan, pafosuyla ceviz qabığı çatladan bir adamdı. İctimai-siyasi... xadimdi, yəni...

Salamlaşırıq. Ənənəvi pafosla və ucadan yazılarımdan biri haqqında danışır. Biliyini nümayiş etdirmək üçün əzbərlədiyi terminlərdən bir neçəsini fərqli cümlələrdə və fərqli intonasiya ilə təkrarlayır. Əlimi möhkəmcə sıxaraq deyir: "Əla yazmısan... Bəli, indi Bütöv Azərbaycan, Turan məfkurəsi haqqında yazmaq lazımdı. Gənclərimizi bu ruhda tərbiyə etməliyik... Rayonda nə var, nə yox?"

Təəccüblə "hansı rayonda?" deyə soruşuram.

Zorən həmsöhbətim məndən daha artıq və qabarıq bir təəccüblə, bəlkə də qəzəblə bağırır: "Hecə yəni hansı rayonda?" Sonra bölgələrimizdən birinin adını çəkir.

"Bilmirəm", - deyirəm və dediyimə də peşman oluram. İctimai-siyasi xadim alov püskürür: "Hecə yəni bilmirsən? Mən hər gün az qala 5 dəfə yaxınlara, dost-tanışa zəng edib hal-əhval tuturam. Hətta sizin kənddəki dostlarımla da maraqlanıram..."

...İctimai-siyasi xadim nəhayət ki, öz pafoslu nitqinin təsirindən ayılıb təəccübdən donmuş sifətimə baxır: "...Bəs sən filan rayonun filan kəndindən deyilsən?"

"Yox", deyirəm - "mən sizin haqqında danışdığınız bölgədə doğulmamışam". Həmsöhbətimin üz cizgiləri dəyişməyə başlayır, bayaqdan xüsusi canfəşanlıqla seçdiyi cümlələrin intonasiyasına uyğun şəkildə sıxdığı zədəli əlimi buraxır: "Hə, mən elə bilirdim, həmyerliyik".

- Həmyerliyik, əlbətdə. Mən də azərbaycanlıyam, siz də...

Həmsöhbətim dodağucu "hə..." deyib, özünü tələm-tələsik xidməti maşının arxa oturacağına atır...

...Əlimin "məngənədən", qulağımın isə söz çamurundan xilas olduğuna min dəfə şükr edib yola düzəlirəm.

...Təəssüf ki, oxşar mənzərə ilə tez-tez qarşılaşaram və hər dəfə eyni münasibətin daha çox "Bütöv Azərbaycançılıq"dan, "türkçülük"dən dəm vuran şəxslər tərəfindən sərgiləndiyinin şahidi oluram.

...Bu gün milli birlik, bütövlük, Türkçülük və Turançılıq kimi milli hədəflərimizi göz önündə və xüsusi ifratçılıqla istismar edənlərin bəlkə də əhəmiyyətli hissəsi bir ailə, bir nəsil, bir kənd, ən yaxşı halda isə bir bölgə çərçivəsindən kənara çıxa bilməyənlərdir.

...Bu və ya digər səbəblərdən tez-tez təmasda olduğum şəxslərdən biri onunla eyni bölgədən olan şairin şeirlərini bəyənmədiyim üçün az qala mənə nifrət edir. Amma anlamır ki, poeziya zövq məsələsidir. Ədəbiyyatın, mədəniyyətin, elmin daha geniş anlamda nəinki hər hansı bir bölgəyə, hətta millətə də heç bir aidiyyatı yoxdur. Mən Marina Svetayevanın, Boris Pasternakın şeirlərini Həsiminin, Cavadin, Ramiz Rövşənin şeirləri qədər sevirəm. Millətləşmədən bəşəri olmaq, bəşəri olmadan millətləşmək mümkün deyil. Bütövlük təfəkkürdən başlayır. Hər kəsin Vətəninin sərhədləri dərk edə, sevə bildiyi, özünkü saydığı coğrafi ərazinin sərhədləri qədərdir. Yalnız millətlə və onun dərk edə bildiyi, sahibləndiyi coğrafiya ilə bütövləşməyi bacaran insan bəşəri dəyərlərin daşıyıcısına çevrilə bilər. Bir ailənin, nəslin, kəndin və bölgənin sərhədlərindən sıyrılıb çıxa bilməyənlər isə heç zaman təsəvvürlərində Bütöv Azərbaycanın gerçək sərhədlərini cızmağı bacarmayacaqlar.

...Sankt-Peterburqda mənimlə birlikdə təhsil alan və qısa müddət eyni yataqxanada məskunlaşan bir nəfər vardı... İndi haralarda olduğunu bilmirəm. Hərdənbir hekayə də yazırdı. Hekayələrindən birində ən böyük uşaqlıq arzusunu yazmışdı. Hekayənin süjet xətti təxminən beləydi: "Hər gün məktəbdə kolxoz sədrinin oğlunun əlindəki kərə yağlı və "povidlalı" iri çörək parçasına həsədlə tamaşa edən uşaq böyüyüb təyyarəçi olur və günlərin bir günündə doğulduğu kəndin üzərindən uçaraq kolxoz sədrinin oğluna yuxarıdan aşağı baxır". Əslində, tələbə yoldaşımın arzusu mən onu tanıyanda da böyüməmişdi...

...Elə bizim də bir toplum olaraq arzularımız hələ də böyüməyib. Böyüyəndə... mütləq millət olacağıq!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı