Çay milli mətbəximizin ən çox istifadə olunan içki növüdür. Azərbaycan xalqının məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Təsadüfi deyil ki, azərbaycanlılar qonaq qarşılayanda süfrəyə hər şeydən öncə təzə dəmlənmiş çay düzürlər. Təəssüf ki, bu gün satışda olan qablaşdırılmış quru çayların keyfiyyəti barədə birmənalı fikir söyləyə bilmərik. İstifadə etdiyimiz əksər quru çaylar dəmlənəndən yarım saat sonra dadını, rəngini itirir, mazutlu suya oxşayır. Bu isə çay istehsalçılarının məhsulun tərkibinə boyayıcı maddələr əlavə etdiklərini deməyə əsas verir. Bununla belə, Azərbaycanda çay bazarında satıılan qablaşdırılmış çayın tərkibi ilə bağlı rəylər mübahisəlidir. Qeyd edək ki, hazırda Azərbaycan da qablaşdırılan quru çay istehsalı iki şirkətin-“Azərsun Holdinq” və “Beta”nın inhisarındadır. Onların istehsal etdikləri çaylar barədə birmənalı fikirlər yoxdur.
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Afiq Səfərov bu şirkətin istehsal olan çayların keyfiyyəti barədə mənfi fikirlərlə razılaşmır: “Əhaliyə təqdim olunan çay məhsullarımız həm Azərbaycanda yetişdirilən, həm də Hindistan və Şri-Lankadan gətirilən xammaldan hazırlanır. Bizim məhsullarımızın keyfiyyəti müasir standartlara cavab verir. Onların tərkibində kimyəvi qatqılardan və digər maddələrdən istifadə olunmur”. A.Səfərov deyib ki, “Azərsun Holdinq”in çay müəssisəsində qurulan laboratoriyalar keyfiyyətə nəzarət edir: “Yəni çay istehsal edilməzdən əvvəl laborator yoxlamadan keçir, tərkibi analiz olunur, sonra qablaşdırılır və satışa çıxarılır”. Şirkət nümayəndəsi bildirb ki, onların məhsulları xarici ölkələrə də ixrac edilir. Onun sözlərinə görə, “Azərsun” dəfələrlə beynəlxalq çay festivallarında qızıl medallara layiq görülüb: “Bir sözlə, çaylarımızın tərkibinə hansısa boyayıcı maddənin əlavə edilməsi əsassız söz-söhbətdir”. Digər iri çay istehsalçısı “Beta” şirkətindən məsələyə münasibət
öyrənmək mümkün olmayıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, ən doğru ekspertiza ictimai rəydir: “Satışdakı çayların keyfiyyətsizliyi ilə bağlı təşkilatımıza çoxlu sayda şikayət daxil olur. Azad İstehlakçılar Birliyi çayın tərkibini araşdırmaqla məşğul olub. İstehlakçılar belə hesab edirlər ki, məhsula kimyəvi rəng qatılır. Qara çayı soyuq suya atanda bir anın içərisində rəng verir. Çay yığılandan sonra qurudulur, fermentasiya olunur. Məhsula aromatik maddələr qatılır. Halbuki, əvəllər Azərbaycanda yetişdirilən ənənəvi çay dəmləndikdən sonra rəng verirdi. Bir halda ki, əhali çayın tərkibinə rəng qatıldığını iddia edir, mən ictimaiyyətin fikrilə tam razıyam”.
Çaylar barədə araşdırmalar aparmış jurnalist İsmayıl İsmayılov ölkədə çay məhsullarının çeşidinin az, keyfiyyətin isə aşağı olduğunu deyib: “Azərbaycanda satılan qara çay o qədər də yüksək keyfiyyətə malik deyil”. İ.İsmayılovun sözlərinə görə, çay fabriklərində məhsula rəngverici maddələrin qarışdırlması barədə deyilənləri o, da eşidib: “Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, keyfiyyət o qədər də ürəkaçan deyil. Mən Rusiyada olduğum müddətdə daha yaxşı çaylarla rastlaşmışam, nəinki Azərbaycanda. Orada daha çox çeşiddə çaylar satılır. Ancaq Azərbaycanda çay növü çox azdır”.
Günay MUSAYEVA