ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana seçim verib: ya razılaşmaya getsin, ya da tamamilə məhv edilsin. Lakin o, ikinci variantı istəmədiyini qeyd edib.
Modern.az xəbər verir ki, Amerika lideri bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“Onlar ya razılaşma bağlaya bilərlər, ya da məhv ediləcəklər”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, əvvəlcə o, İran ərazilərinə zərbələri dayandırmaq qərarını yalnız Tehranla yaxşı münasibətləri olan dövlətlərin xahişi ilə qəbul edib.
Ağ Evin sahibi əlavə edib ki, ABŞ İranda yerləşən zənginləşdirilmiş uranı əldə edəcək.
“Mən onu əldə etsəm, daha rahat olardım və biz onu əldə edəcəyik!”, - deyə o vurğulayıb.
Trampın sözlərinə görə, alternativ variant həmin uranın İran ərazisində basdırılmasıdır, lakin bu, Amerika tərəfinin nəzarəti altında həyata keçirilməlidir.
Bununla yanaşı, ABŞ prezidenti İran tərəfi uranı ölkədən çıxarmağa cəhd edərsə, nüvə obyektlərinə yenidən zərbələr endirəcəyini vəd edib.
“Mən onlara dedim: əgər uranı çıxarmaq üçün kiminsə çalışdığını görsək, sadəcə ora bir neçə bomba atacağıq və hər şey bununla bitəcək”, - deyə Tramp xəbərdarlıq edib.