Bilin ki, Allah onu sevənləri sevdirir...
Salam, əzizlərim! Ötən yazımızda ilahi və bəşəri sevgidən danışdıq. Söylədik ki, qəlbimizdəki bəşəri sevgi ilahi sevgidən üstün tutularsa, ağır günaha girmiş olarıq... Onu da xatırlatdıq ki, Yaradan bilərəkdən nəfsimizin bir ipini İblisin ixtiyarına buraxıb. Ancaq bizləri də faili-muxtar yaradıb, yəni bizə iradə azadlığı, azad seçim verib... Hər hansı bir əməli icra edərkən, o cümlədən sevərkən günah edib-etməməyimiz özümüzdən asılıdır...
Bəs necə olur ki, qəlbimizdə əks cinsin bir nümayəndəsinə qarşı sevgi oyanır? Necə olur ki, ilk baxışdan vuruluruq?.. Qəlbimizə hökm edən eşqin, məhəbbətin ardınca kor-koranə getməliyikmi?..
Əks cinsə qarşı meyl və sevgini Allah-Təala bəşər nəslini artırmaq üçün biz insanlara bir nemət kimi verib. Ancaq şüurlu insan hər şeydən olduğu kimi bu qeyri-adi nemətdən də Allah xatirinə, halallıqla yararlanmalıdır. Yoxsa heyvanlarla bizim aramızda fərq olmaz...
Yaradan Qurani-Kərimdə buyurur ki, İblis sizi görmədiyiniz bir yerdən izləyir və sizi daim yoldan azdırmağa, günaha vadar etməyə çalışır. Odur ki, insan hər an ayıq olmalıdır. Ən xırda gündəlik əməllərdən tutmuş, böyük, ictimai işlərə, Allaha ibadətə qədər... Hər şeydə, hər an..
İblislə mücadilənin ən gərgin dönəmi insanın fiziki və ruhi-mənəvi bədəninin yetişməyə doğru getdiyi yeniyetməlik və ilk gənclik çağlarında olur. Cinsi hisslərin oyandığı, ehtirasla, şəhvətlə incə, ruhani duyğuların çuğlaşıb bir-birinə qarışdığı bu çağlarda doğru yolu seçmək çox çətindir. Bəlkə də məhz bu səbəbdən Peyğəmbərimiz(s) və imamlarımız artıq 9-10 yaşlarından övladlarımıza namazı təlqin etməyi məsləhət görür... Bu dövrdə İblis insana müvəqqəti dünya ləzzətlərini: əxlaqsızlığı, zinanı, şərabı, narkotiki, qumarı, asan və haram qazanc yollarını, oğurluğu və s. dadızdırmağa çalışmaqla onu özünün müti quluna çevirməyə cəhd edir. “Sən azadsan, necə istəyirsən, yaşa!” düşüncəsini təlqin etməklə övladlarımızı özünün köləsi kimi Cəhənnəmə yol açan uçurumlara sürükləyir...
Əks cinsə qarşı sevgi də belə bir mürəkkəb dövrdə baş qaldırır. Gözlərin gözəl axtardığı gözəl günlərin birində ani qarşılaşdığın bir göz qəlbini sehrli bir şimşək təki vuraraq ovsunlayır... Vurulursan.. Bu bəzən qarşılıqlı, bəzən birtərəfli olur. Hər iki halda sən bu hiss və duyğulardan təsvirəgəlməz bir həzz alırsan. Gecə-gündüz, hər an o gözlərlə yaşayırsan. Könlün o gözlərin sahibinə qovuşmaq arzusu ilə çırpınır. Onsuz özünə yer tapa bilmirsən... Onu görəndə isə özündən asılı olmadan ürəyin “gup-gup” döyünür... Özünü itirirsən, tapa bilmirsən...
Bəs niyə bir başqası deyil, məhz o?.. Çox vaxt ondan gözəlləri ilə də rastlaşırsan. Ancaq faydası yox... Yalnız onu sevirsən... Niyə məhz o?.. Bu, artıq bizim yox, bizi Yaradanın seçimi olur. Bizə o qızı, yaxud oğlanı göstərən də odur, sevdirən də odur... Amma bir ipimiz yenə də Şeytanın əlindədir... Əslində burada gözlər yox, ruhlar qarşılaşır... Gözlərimiz ruhlarımızın bu dünyadakı yarımçıq, izahsız ifadəsidir... Allah sınayır bizləri...
Bu anlara qədər yer üzünə gəlib-getmiş və bundan sonra da gələcək bütün insanların ruhları hələ dünya xəlq edilməmişdən Allahla yalnız Onun yolu ilə getmək barədə əhd-peyman bağlayıb(Qurani-Kərim, Əraf surəsi, 172)... O da dünya həyatı boyu ruhlarımızı sınağa çəkir ki, görsün Onunla əhd-peymana ölənədək vəfa qılacağıqmı?Demək, ilk sevgi ilk sınaqlardan biridir... Məlun İblis də marıta yatıb; görüm sevənlərin hər ikisini günaha batırıb biri-birindən sui-istifadəyə, fırıldağa, zinaya, Allaha şərik qoşmağa, nəhayət, intihara, vadar edə bilərəmmi?.. Təəssüf ki, çox nadir hallarda hər iki tərəf səbrlə sevir, həddi aşmır, günaha girmir və vaxt-vədə yetişəndə Allahın əmri, Peyğəmbərin izni, ata-ananın xeyir-duası ilə biri-birinə qovuşub xoşbəxt bir ailə qururlar... Əksər hallarda ya bir tərəf sevmir, o biri isə özünü oda-közə vurur, faydası olmur; ya bədbinliyə qapılıb ömür boyu başqası ilə ailə qurmamağı qət edir, yaxud intihar edir... Bəzən də bir tərəf o biri tərəfin məhəbbətindən sui-istifadə edib onu zinaya təhrik edərək gününü keçirir, ya da onun imkanlarından, var-dövlətindən yararlanıb sonda onu rədd edir...
Çox variantlar mümkündür... Yenə deyirəm, sonuc hər iki tərəfin imanından, iradəsindən, vicdanından asılıdır...
Yeniyetmələrin çox maraqlı sevgiləri olur... Bir də görürsən ki, özlərindən 20-25 yaş böyük, hətta ailəli birisinə, məsələn, müəllimlərinə vurulurlar... Xüsusən qızlar o yaşlarda özlərindən böyüklərlə daha çox maraqlanırlar, nəinki tay-tuşları ilə... Valideynlər bunu bir faciə kimi qarşılayaraq övladlarını ifrat dərəcədə danlamamalıdır... Çünki bu bu, onlardan asılı olmadan Allahın izni, İblisin iştirakı ilə baş verən bir təbii hal, çətin sınaq məqamıdır... Yəni, nəticəsi yeniyetmələrdən, valideynlərdən və əks tərəfdən asılıdır. Fəqət, bu cür eşq macərasını “yaşın nə fərqi var ki”- deyib başlı-başına da buraxmaq olmaz... Burada ən çox məsuliyyət yaşca böyük qarşı tərəfə, məsələn, şagirdin vurulduğu müəllimin üzərinə düşür... Əgər həmin şəxs imanlı, nəfsinə sahib bir insandırsa, həqiqi, vicdanlı bir müəllimdirsə, o, özü şagirdini təmkinlə anladaraq valideynlərin xəbəri olmadan məsələni yoluna qoyacaqdır... Əks halda isə o, şagirdinin sevgisindən sui-istifadə edərək çox acı sonluqlara: yeniyetmənin gələcəyinin puç olmasına, öz ailəsinin isə dağılmasına və s. səbəb ola bilər... Təəssüf ki, son illər dünyada, eləcə də ölkəmizdə belə hallarla rastlaşmaqdayıq...
Bəs şagird nə etməlidir? O, dünyalar qədər sevdiyi bir insanı büsbütün unutmalıdırmı?.. Çox zaman yeniyetməni buna məcbur etmək də yanlışdır. Əgər həmin şəxs doğrudan da bir insan kimi dəyərli, sevilməyə layiq biridirsə, şagird onu sevməkdə davam etsin, ancaq gələcəkdə ailə quracağı əks cinsin bir nümayəndəsi kimi deyil... Sadəcə, hər şeydən uca və gözəl Allahın yaratdığı sevimli bir varlıq kimi, məsələn, dağın, dənizin gözəlliyini necə sevirsə, onu da elə sevsin... Bilirəm, unutmaq: xəyallara, arzulara son qoymaq bəzən hətta yetkin yaşlı insanlara da çox çətin olur... Ancaq Allahı, ata-ananızı, ailənizi sevirsizsə, gerçəkliklə hesablaşmalı, sizi İblisin yoluna sürükləyə biləcək sevgini unutmalısınız...
Bəlkə də məşhur türk yazıçısı R.Güntəkinin “Dodaqdan qəlbə” əsərini oxumusunuz... 13-14 yaşlarında bir qızclğaz 35-40 yaşlarında tanınmış bir bəstəkara vurulur... O isə yeniyetmənin məhəbbətindən yararlanaraq onunla əylənir. Və sonda... Çox maraqlı və ibrətamiz bir əsərdir. Bu romanı hisslərə qapılmadan ayıq başla oxusanız, olduqca gərəkli nəticələr çıxararsınız...
Heç zaman birinin sizi sevməməsindən, ya da sevib sonra xəyanət etməsindən, yaxud başqa bir səbəbdən eşginizin daşa dəyməsindən bədbinliyə qapılmayın... Səadətin sizi nə zaman, harda tapacağını bir Allah bilir... Bilin ki, Ondan başqa hər şey, hər kəs müvəqqətidir... Yalnız Allah sevgisi əzəli, əbədi və sonsuzdur... Allahı sevsəniz, O da daim sizi sevər və Onu sevənlərə də sevdirər... Həm bu, həm də ötəki dünyada xoşbəxtliyə qovuşarsınız... Özünün Qurani-Kərimdə buyurduğu kimi:
“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman könüllərdə bir sevgi yaradacaq(Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)(Məryəm, 96)...
P.S. Əzizlərim, yaşınızdan asılı olmayaraq, bu və ya digər həyati-dini mövzularda fikir, mülahizələrinizi və ya suallarınızı elektron poçtuma da ([email protected]) ünvanlaya bilərsiniz. Sizinlə məmnuniyyətlə həmsöhbət olaram. Bu həm yazar, həm də müəllim-psixoloq kimi mənim üçün çox maraqlıdır...