Sovetlər dönəmindən bəri müəllim günü hər il təntənəli olmasa da, rəsmi səviyyədə qeyd edilir. Azərbaycanda həmin gün onunla yadda qalır ki, bir qrup müəllimə “Əməkdar müəllim” adı və s. mükafatlar verilir. Ancaq nə onda, nə də indi bir dəfə də görməmişəm ki, rəsmi tədbirlərdə, telekanallarda, qəzetlərdə kimsə, hansısa dövlət məmuru və ya ziyalı müəllim günündə müəllimin günü, yəni onun gerçək ictimai nüfuzu, elmi-pedaqoji peşəkarlığı, sosial-maddi durumu barədə həqiqətləri söyləsin...
Manqurt müəllimin şagirdləri də manqurt olacaq...
Müəllim var ki, 5 məktəbdə müəllimdir, üstəlik hökumət, yaxud qeyri-hökumət təşkilatlarında işi, vəzifəsi var. Axı bu tədris və iş yükünü fiziki cəhətdən heç cür çatdırmaq mümkün deyil. Bu, yalnız Azərbaycanda baş verə biləcək bir möcüzədir... Təbii ki, o müəllimin (əgər ona müəllim demək mümkünsə) işlədiyi məktəblərdən ən azı ikisi “papka” məktəbdir, yəni, sənəddə adı olub əslində özü demək olar ki, mövcud olmayan, yeni, sivil Azərbaycanın yetirməsi olan qeyri-adi bir təhsil müəssisəsidir... Sözsüz ki, bu cür “qabaqcıl, əməkdar müəllim” dövlətin büdcəsindən taladığı azı 800-1000 manatın azı 20 faizini direktorlarına, yaxud birbaşa təhsil şöbəsinə ödəməlidir ki, səs-küy çıxmasın. Bax, Azərbaycanda yaxşı dolanan müəllim (?) belə dolanır... Sözsüz ki, belə “müəllim” yuxarıların hər hansı bir göstərişini səssiz-səmirsiz icra etməyə məcburdur... Artıq həmin “pedaqoq”(!) üçün Allah, Vətən, xalq, millət, vicdan, ləyaqət, xalqın gələcəyi kimi anlayışlar öz əhəmiyyətini tamamilə itirir.. Çünki o - müəllim manqurtlaşıb. Manqurt müəllimin də manqurt şagird yetişdirəcəyi labüddür...
Sanki məmləkətdə bir manqurtlaşdırma konveyeri qurulub. Və yalnız müəllimlər deyil, mövcud olmaq istəyən hər kəs bu konveyerdən keçməyə məhkumdur. Burada insan şəxsiyyəti hər tərəfdən, hər cür zərbələrə məruz qalaraq əzilməyə, əyilməyə, diz çökməyə, həmin konveyerin qanlı, üfunətli çirkabına bulaşmağa məcbur edilir. Bu halda fəxrlə danışdığımız yeni, dünya standartlarına uyğun, kompüterləşdirilmiş orta və ali məktəb binalarının hansı faydasından danışmaq olar?.. Təsəvvür edin ki, gözəl, yaraşıqlı, təmiz binalarda əksərən üst-başı qanlı, üfunətli insanlar gəzişir... Manqurtlaşdırma konveyerinin ən dəhşətli, ən kəsici dəzgahlarının - qanunsuzluq, rüşvətxorluq, korrupsiya, simasızlıq və yaltaqlığın dayanmadan işlədiyi bir zamanda başqa cür mümkün deyil. Və təəssüf ki, əksəriyyət nəfsin qulu olduğundan çox nadir insanlar, eləcə də müəllimlər bu konveyerdən salamat qurtula bilir...
“Hələ gördüklərimin dörddə birin yazmayıram!”...
Bütün sahələrdə olduğu kimi, təhsil sistemində də “al –ver” prinsipi uğurla işləyir. Başlanğıcı məlum olan bu zəncirin son həlqəsi müəllim-şagird (yaxud tələbə) -valideyn həlqəsidir. Direktora, rektora, yaxud birbaşa TŞ-nə və ya TN-ə rüşvət verməsə, işə düzələ bilməyən və ya işdə qala bilməyən müəllim son nəticədə “verdiyini çıxartmaq üçün” şagirdinin, tələbəsinin, valideynin boğazına çökür. Düzdür, son illər savadlı kadrların test-müsabiqə yolu ilə işə düzəlməsi halları da var. Bu, təqdirəlayiqdir. Lakin bu əksərən özünə, biliyinə arxayın, mübariz, prinsipial məzunların işidir ki, təəssüf ki, belələri nadir istisnalardır. Öz biliyinə güvənməyən, ali məktəbi rüşvət, “dayı” hesabına bitirmiş məzunlar son nəticədə yenə də rüşvətə əl atır. Rüşvəti qorxmadan, çəkinmədən, can-başla qəbul edərək iş verə biləcək rəhbərlər dən qədərdir. Şahidi olduğum bir misal. Texniki Universiteti rüşvət hesabına bitirmiş və 10 ildən çoxdur iş tapa bilməyən bir məzun nəhayət ki, direktora 1000 manat verməklə məktəbə cəmi 80 manat maaş alan kompüter laborantı kimi işə düzələ bilib. Ali təhsilli riyaziyyat miüəllimi olan digər birisindən isə həmin direktor 15 saat dərs üçün 2000 manat istəyir. Və deyir ki, bunun hamısından TŞ müdirinə “hesab” verir...
Rüşvət verməyə-almağa məcbur edilən müəllim şagirdə, tələbəyə əsl bəşəri, milli tərbiyə, təhsil verə bilərmi?..
Əgər hörmətli təhsil naziri Misir Mərdanov, hər hansı digər məmur, TŞ müdiri, icra başçısı və s. dediklərimi təkzib etmək və ya onlara inanmamaq iddiasındadırlarsa, buyursunlar dərviş-libas olub məmləkətin təhsil ocaqlarını və idarələrini gəzək...
Və yaxud məni qınaya bilərlər ki, niyə cinayəti görüb xəbər verməmişəm. Ay hörmətli nazirlik, orqan, xüsusi xidmət və s. məmurları məgər siz özünüz neçə illərdir bu dediklərimi, onlardan da on qat dəhşətli cinayət faktlarını görüb göz yummursunuzmu? Bəs sizi kim məsuliyyətə cəlb edəcək? İkincisi də hansını deyim, hansını yazım, ətrafımız başdan-ayağa cinayət bataqlığı deyilmi? Rəhmətlik Sabir demiş, “hələ gördüklərimin dörddə birin yazmayıram”... Üçüncüsü, cinayətkarları izləməli, həbs etməli, cəzalandırmalı olan qurumların özləri qanunsuzluğa, rüşvətə bələnibsə, onlara şikayət etmək - cindən şeytana şikayət etməyə bənzəmirmi?..
(inşallah, ardı olacaq)
(Müəllim günü və müəllimin günü - I yazı: //modern.az/articles/17597/1/)