Qalstuklu bir cavan oğlan əlində vərəq koridorda ora-bura hərəkət edir... Vərəqdəki yazıya elə acgözcəsinə girişib ki, elə bil ömründə nə dərslik oxuyub, nə bir kitab, nə də bir qəzet ...
Məlum olur ki, dövlət idarələrindən birinə yeni müdir təyin edilib. Gənclərin təmsilçisi kimi bu gün keçiriləcək konfranda çıxış etməyə hazırlaşır. Bayaqdan ora-bura vurnuxmağı da çıxış üçün yazılıb əlinə verilən hazır mətni oxumağa çalışmasından irəli gəlir. Məktəbə təzə gələn şagirdlər kimi az qala sözləri hərfləsin. Kənardan müşahidə edirəm və əminliklə bildirirəm ki, oxuduğunu heç özü də anlamır.
Nəhayət hər kəs konfrans zalına keçir. Çıxış növbəsi gəlib çatır...
Boynunu irəliyə doğru uzadan, özündən razı görkəmə sahib olan bayaqdan barəsində söz etdiyim o ucaboy yeni idarə müdiri tribunaya çıxır. Zalda hər kəs gözünü ona dikib və hamı təmtəraqlı nitq gözləyir.
Əvvəlcə hər kəsi salamladı. Daha sonra vərəqdəki yazını həyəcanla yarıya kimi oxudu. İstədi ki, ənənəvi qaydaya əməl edərək başını qaldırıb bir neçə saniyəlik auditoriyaya baxsın. İstədiyini elədi də... Ancaq, bu zaman hər şeyi bərbad etdi. Sətrlərin yerini itirərək, davam etməli olduğu yerdən 2 sətir aşağıdakı cümləni təkrar oxumağa başladı. O an zalda qəhqəhə qpdu...
Sözlərin yerinin səhv düşməsi onsuz da bərbad şəkildə söylənən nitqi daha da gülünc hala salmışdı. Ancaq oğlan heç bir səhv etməmiş kimi, özünü o yerə qoymayaraq nitqini tamamlamadan sağollaşdı və tribunadan ayrıldı.
Nə qədər hiss etdirməməyə çalışsa da, düşdüyü vəziyyətdən pərt olması qızarmış sifətindən aydın idi.
Layiq olmadığı bir vəzifəyə inadla sahib çıxmaq istəyən, cəmiyyətə özlərini zorla “sırımağa” çalışan belə məmurlarımız az deyil. Belələri təkcə sözlərin yox, hələ çox şeylərin yerini səhv salacaqlar. Çünki, hər şeydən əvvəl özlərinin yeri səhv düşüb...
Cəmiyyətimizdə yeri səhv düşənlərin sayı çoxdur. Bu günlərdə yerli mətbuatımızda onların daha bir neçəsi ilə tanış oldum. Azərbaycan Milli Elmlər Akademiyasının elmlər namizədi kartof satmaqla ailəsinin maddi tələbatını ödəməyə çalışır. Aldığı məvacib az olduğundan əlavə qazanc üçün bu yola əl atmalı olub. Daha bir ziyalımız isə zavodda qarovulçu işləyən alimdir. Üstəlik bir neçə kitabın da müəllifidir. İşlədiyi yerdə ona göstərilən kobud münasibət isə Azərbaycan ziyalısına olan “hörmət”in təzahürüdür.
Ətrafımızda hər kəsin nədənsə şikayətləndiyini, kiminsə haqqında deyindiyini eşidirik. Ancaq bütün bunlara özümüz səbəbkar olduğumuzu ağlımızın ucundan belə keçirmirik. Nazir ali məktəbə yeni daxil olan qardaşı oğlu üçün həmin təhsil ocağının rektoruna zəng vurub, onun Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr təyn olunmasını “xahiş” və ya “tələb” edir. Həmin şəxsin bu işin öhdəsindən gəlib-gəlməyəcəyi isə heç müzakirə belə olunmur.
Qısası, sizi səhv yerə göndərsələr də çalışın, siz özünüz yerinizi səhv salmayasınız ...
Gülnarə Əliyeva