Modern.az

Mən xalqın aynasıyam...

Mən xalqın aynasıyam...

Ölkə

28 Noyabr 2011, 09:51

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Bu yaxınlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Mələykə Abbaszadənin sözlərinə rast gəldim: “İqtisadiyyat inkişaf edir, lazımi səviyyədə olan mütəxəssislər isə tapılmır. Eyni zamanda, kifayət qədər diplomlu iş axtaran insanlar var”.

Sözün düzü mən bu fikirlə heç də, razı deyiləm. Hal-hazırda Bakı Dövlət Universitetinin, Jurnalistika fakultəsinin 3-cü kurs tələbəsiyəm. İki qat təqaüd almağımla yanaşı, işləyirəm. İşim də qeyri-ixtisas üzrə deyil. Xəbər portalı və qəzetdə işləyirəm. Qeyd edim ki, bu işlərə məni dəvət ediblər. Universitetdə tutduğum mövqe isə məni çox qane edir desəm, yalan olmaz. Bu gün mən təhsil ocağımda Tələbə Elmi Şürasının sədri vəzifəsində çalışıram.

Sözüm isə ondadır ki, bəzilərinin ali təhsilli olaraq heç yerdə iş tapmıram demələri yalnış fikirdir. Təbii ki, bu mənim şəxsi fikrimdir. Ali təhsili başa vurduqdan sonra iş yeri tapıb, şəxsi karyeranı qurmaq, bir o qədər də, çətin deyil. Düzdür, indi mütəxəssislər azdır, lakin problemin kökündə diplomlu şəxslərin işə düzələ bilməməsi deyil, universitetə daxil olanların əksəriyyətinin məqsədsiz olmaladır.

Əgər insan hər hansı bir işi məqsədi olmadan edirsə, çətin ki, gələcəkdə o həyatda öz yerini tapa bilsin. O ki, qala karyera qura bilsin…

Bir atalar sözü var: “Qonşudan geri qalma”. Bizim ölkədə də, təhsil onu xatırladır. Əgər bu gün qonşumun övladı, ali məktəbə daxil olubsa, mənim övladım da mütləq hazırlaşıb ali təhsil almalıdır. Baxmayaraq ki, bu insanın nə biliyi, nə savadı, nədə ki, istedadı var. Bu gün mənim oxuduğum universitetdə də, eyni mənzərəyə rast gəlmək olar. Tələbələrin əksəriyyəti universitetə, onlara qayıb qoyulmasın deyə gəlirlər. Bu da ki, Baloniya sisteminin “uğurudur”. Düzdür mən də, etiraf edirəm ki, təhsil sistemində çatışmamazlıqlar olduqca çoxdur. Lazım olan dərslikləri əldə edə bilməmək, kitabxanaların lazımi səviyyədə olmaması, ali məktəblərin yataqxanalarının olmaması və s. kimi problemləri var. Lakin bütün bunlarla yanaşı, biz hər şeyi pisləyib, dövlətin üstünə atmamalıyıq. Özümüz də bu problemlərin həlli üçün müxtəlif yollara əl atmalıyıq.

Misal üçün, mənim gələcəklə bağlı öz planlarım var. Ali təhsili başa vurduqdan sonra, sənədlərimi hüquqşünaslığa verəcəm. Məqsədim isə dövlət müəssələrində çalışmaqdır. Bunun üçün isə, mənim fikrimcə hüququ, qanunları yaxşı bilməlisən. Jurnalist olaraq fəaliyyətimi dayandırmaq fikrim yoxdur. Əksinə daim çalışıb, ölkəmin, xalqımın problemlərindən yazıram. Bu peşə mənə söz azadlığı verir. Jurnalist olduğum üçün müxtəlif araşdırmalar aparıb, vətəndaşların problemlərindən, narazılıqlarından xəbər tuta bilirəm. Eyni zamanda da xalq öz sözlərini biz jurnalistlərin qələmi və sözləriylə yayır.

Mən bir jurnalist kimi, çox istərdim ki, gələcəkdə yazılarım xarici mediada da öz əksini tapsın. Ancaq bu cür sözümü dünyaya çatdıra bilərəm. Bəlkə də, bəziləri düşünürlər ki, jurnalistin Azərbaycanın inkişafı ilə nə əlaqəsi… Lakin bu belə deyil. Jurnalist xalqın narazıçılıqlarından xəbər verir, hadisələrə münasibətini bildirməkdə söz azadlığına malikdir.

Bu sözlərin təsdiqi üçün isə, bir misal gətirəcəm:

«23 mart 2006-cı il. Vaşinqton. Ağ evin konfrans zalı. Corc Buş jurnalistlərin suallarına cavab verir.

Sual növbəsi Amerika jurnalistikasının canlı tarixi olan 85 yaşlı qadındadır. Yelena adlı bu qadın 1960-cı ildən Ağ evdə akkreditasiyadadır. Onu bütün sonrakı ABŞ prezidentləri tanıyır. Buşun siyasətinin əleyhdarıdır. Onunla Buş arasındakı dialoqu çatdırıram:
Yelena:
– İraqda amerikalılar da, iraqlılar da ölür. Dinc əhali zülm çəkir. Orada niyə müharibə edirsiniz?
Buş:
– Mən müharibənin əleyhinəyəm. Bütün dövlət başçıları müharibə əleyhdarıdır.
Yelena (Buşun sözünü kəsir):
– Sizin İraqa girmək üçün göstərdiyiniz bütün səbəblər yalan çıxdı.
Buş (Yelenanın sözünü kəsir):
 – Qoy cavab verim. 2001-ci il hadisələri bizim xarici siyasətimizi dəyişdirdi...
Yelena (Buşun sözünü kəsir):
– 11 sentyabr hadisələrinin iraqlılara nə dəxli var? Bunu ki onlar etməyib.
Buş:
– «Taliban» etmişdi…
Yelena:
 – «Taliban» iraqlılar və Səddam deyil.
Buş:
– Qoy izah edim.
Yelena:
– Sağ olun, cənab Ramsfeld.
Buş:
– Sənə söz verməyimə peşmanam.

Vəssalam. Dünyanın ən güclü dövlətinin başçısı bir jurnalistə biabırcasına uduzur. Çünki haqsızdır. «Taliban»ı İraqla qarışdırır. Və əvəzində «Ramsfeld” adlandırılır». (Məmməd Süleymanov, «Gündəlik Azərbaycan» qəzeti).

Media ictimai fikrin ifadəçisidir. Eyni zamandada jurnalist cəmiyyətin yanındadır, onun rəyini ifadə edəndir və heç kəsin tərəfdaşı deyil. KİV baş verən hadisələri, prosesləri həm çılpaq (xəbər janrıyla) və izahlı (analizlər, şərhlər vasitəsilə) formada, həm də diskussiya kimi (müsahibə yoluyla) ictimaiyyətə çatdırır. Mətbuatın işi yalnız obyektiv xəbər yayımlamaq olsaydı, onda tamaşaçı (oxucu, dinləyici) niyə xəbərin izahını jurnalistdən gözləyir? Hətta uzağa gedib demək mümkündür ki, bəzən oxucu (tamaşaçı, dinləyici) baş verən hadisəyə elə KİV orqanının özünün mövqeyini bilmək istəyir.

Öz məşhur əsərində «Yaxşı jurnalist… cəmiyyətə güzgü tutmalıdır, onun yaxşı və pis tərəflərini göstərməlidir» yazan Devid Rendalın fikrincə, bu məqsədlərə catmağa can atan yaxşı jurnalistlər cəmiyyətə çalışqan məmurdan da böyük xidmət göstərə bilərlər: «Onlar vətəndaşları informasiyayla silahlandırırlar. Buna görə də hakimiyyət onlara mane olmağa, onları susdurmağa cəhd göstərir və media nümaynədələrinə «təxribatçı element» yarlığı yapışdırır».

Bütün bunları yazmaqda məqsədim isə gələcəkdə ictimaiyətin güzgüsü olmaq istəyimi oxucuma çatdırmaq idi. Azərbaycanın inkişafı üçün ilk növbədə xalqının problemlərinin və istəklərinin müəyyən edilməsidir. Bunu isə, qeyd etdiyim kimi, ən yaxşı jurnalist bacarar. İstəyim vətənimin, xalqımın rahatlığı üçün çalışıb, eyni zamandada Azərbaycanın inkişafına təkan verməyə yardımçı olmaqdır. 
Sula “Aldığınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” kimi qoyulub. Məncə yuxarıda yazdıqlarım, bu suala cavab verdi.

Türkan Xəlilova Nadirqızı,
BDU-nin Jurnalistika fakultəsinin,
3-cü kurs, rus bölməsi tələbəsi.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı