Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov hakim partiyanın saytına müsahibəsində deyib ki, aparılan islahatlardan sonra sonra pensiyaçıları 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb.
“2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4% artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olmuşdur. Başqa sözlə, Azərbaycan hökuməti dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindəki ahıl insanların əhalinin strukturundakı payının hər 1%-nə ÜDM-in 0,3-0,48%-nə qədər pensiya xərcinin ayrılması prinsipini gerçəkləşdirmişdir. Belə ki, 2011-ci ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisi 8,9 % və pensiya təminatına yönəldilən vəsait isə ÜDM-nin 4,8 %-i qədər olmuşdur. Göründüyü kimi, hazırda ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəricilərə uyğun gəlir”-deyə S.Müslümov qeyd edib.
S.Müslümovun sözlərinə görə, bu il ərzində Prezidentin əmək pensiyalarının artırılmasını nəzərdə tutan üç qərarı Dövlət Sosial Müdafiə Fondu tərəfindən uğurla icra olunub.
“2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş, iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın şəxsin pensiyası orta hesabla 40 faiz artırılmış, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmışdır.
Növbəti ildə sığorta-pensiya sistemində gözlənilən və büdcənin tərtibi zamanı nəzərə alınmış əsas dəyişikliklər 2012-ci ilin 1 yanvarından qadınların pensiya yaşının 58,5, kişilərinkinin isə 63 yaş müəyyənləşdirilməsi, eləcə də cari ilin 1 iyulundan qüvvəyə minmiş 900 min nəfərə qədər əmək pensiyaçısının pensiyalarının yenidən hesablanaraq artırılması prinsipinin bütün ili, yəni 12 ayı əhatə etməsidir.
Pensiyaçıların sayının proqnozlaşdırılması zamanı 2011-ci ildə 1949-cu ildə doğulmuş 43,1 min nəfər kişinin 41,3%-nin və 1953-cü ildə (1 iyula qədər) doğulmuş 24,7 min nəfər qadının 11,1%-nin yaşa görə pensiya sisteminə daxil olacağı, bu zaman həmin illərdə doğulmuş kişi və qadınlardan müxtəlif səbəblər, yəni dünyasını dəyişmə, ölkədən köçüb getmə, güzəştli pensiya hüququndan istifadə etmə, əlil olma nəticəsində müəyyən şəxslərin sistemdən kənarda qalacağı nəzərə alınmışdır. Bütün bu amillər hesaba alınmaqla il ərzində sistemə yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə sistemi 45,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır”.
S.Müslümov deyib ki, DSMF-nin növbəti ilə pensiya xərcləri 2322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 mln. manat çoxdur.
Pensiya xərclərinin 56%-i və ya 1261 mln. manatı əmək pensiyalarının baza hissəsinin, 44%-i və ya 1020 mln. manatı isə sığorta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3% artması deməkdir. Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcək. Növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 mln. manat vəsait yönəldiləcəkdir ki, bunun da 200 mln. manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına, 22 mln. manatı sistemə 2011-ci ildə daxil olacaq pensiyaçıların pensiyalarının sığorta hissəsinin sistemdən çıxan pensiyaçılarınkından yüksək olan hissəsinin maliyyələşdirilməsinə, 68 mln. manatı isə əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözlənilən artımına uyğun indeksləşdirilməsinə yönəldiləcək.
Fondun büdcəsinin xərcləri içərisində ikinci böyük xüsusi çəkiyə malik olanı, sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinət xərcləridir. Bu müavinətlərə 2012-ci il ərzində 71 mln. manat və ya cari ilə nisbətən 10,3% yaxud 6,6 mln. manat çox vəsait yönəldiləcək. Müavinətlər üzrə xərclərin artımı qazancın məbləğindən asılı olaraq təyin olunan müavinətlər, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlər üzrə əməkhaqqının artımı ilə, digər müavinətlər, yəni uşağın anadan olmasına görə birdəfəlik verilən, uşaq 3 yaşına çatanadək ona qulluqla bağlı müavinət və dəfn müavinəti üzrə isə bu müavinətləri alanların sayının artması ilə bağlıdır.
Fondun büdcə xərclərinin üçüncü elementi əhaliyə ödənişlə bağlı olmayan digər xərclərdir ki, bunlar da bütün xərclərin 2,46 %-ni təşkil edir.
2012-ci ildə digər xərclər 60,6 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən 13,1 faiz və ya 7,0 mln. manat çoxdur.
Növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 18,8 mln. manat və ya cari ilin büdcəsinə nisbətən 2,3 mln. manat çox proqnozlaşdırılır. Bu, əhaliyə ödəniləcək vəsaitlərin həcminin 282 mln. manat artması ilə bağlıdır.
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 15,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 13,6 faiz çoxdur. Artım əsasən sanatoriya-kurort müalicəsi və istirahət üçün alınacaq yollayışların (putyovkaların), eləcə də sağlamlıq düşərgələrində dincələcək sığortaolunanların uşaqlarının sayının çoxalması ilə bağlıdır.
S.Müslümov deyib ki, hazırda kəndlərdə pensiyaçıların 98,9 faizi, şəhərlərdə isə 100 faizi pensiyalarını plastik kartlarla alır.
“Təkcə bu il Fondun sifarişi ilə əlavə olaraq 13 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 510-a çatdırılıb”.
Fond sədrinin sözlərinə görə, hazırda ölkədə plastik kart sahiblərinin sayı 4,5 milyon nəfərə çatıb və bu sistemdə 1 milyon 5 min nəfər pensiyaçıya xidməti ayrıca təsəvvür etmək mümkün deyil.
“Yəni mövcud bankomatlardan bütün plastik kart sahibləri istifadə edir, bu isə növbələrlə müşayiət olunur. Çünki həmin şəxslər tərəfindən plastik kartlara nağdsız ödəniş vasitəsi kimi deyil, vəsaitin bankomatla nağdlaşdırılması aləti kimi yanaşılmasına daha çox üstünlük verilir. Açığı, bu halda nə qədər bankomat quraşdırılmadır sualını cavablandırmaq da çətindir. Fikrimcə, ölkədə nağdsız ödəniş sisteminin əsas elementi olan pos-terminallarla ödəmə tədricən inkişaf etdikcə bu problem də tam həllini tapacaqdır”.
Modern.az