Modern.az

Avtobus at arabası deyil ki...

Avtobus at arabası deyil ki...

Ölkə

21 Dekabr 2011, 17:37

Son vaxtlar Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin böyük hissəsi paytaxt Bakımızın payına düşür. Bunun səbəbi təkcə onda deyil ki, paytaxtda bölgələrimizlə müqayisədə avtomobillərin sayı qat-qat çoxdu. Səbəbi ondadır ki, paytaxtda kifayət qədər sürücülük hüququ olmayan və ya buna yaşı çatmayan onlarla “sürücülər” sükan arxasındadır. Uzağa getməyək. Yol polisinin özünün də açıqladığı kimi, Bakıda iki gün əvvəl qəza törədən avtobus sürücüsünün 16 yaşı olub. Həm də bu “sürücü” sükan arxasına icazəsiz və sürücülük hüququ olmadan əyləşib.

Bir qədər qəribə və qəribə olduğu qədər də gülməli faktdır. Ola bilər ki, bu şəxsin sürücülük vəsiqəsi olmasın. Amma soruşan gərək ki, gündəlik marşrut xəttində işləyən avtobusda sürücülük edən şəxs avtobus sürüçülərinin dəqiqə üstündə az qala hər gün bir-birlərinin başını yarmağa hazır olduğu halda necə icazəsiz reysə çıxa bilərdi ki?

Avtobus at arabası deyil ki, atın üzərinə atılan adam ona bir qamşı vurmaqla hərəkətə gətirsin. Avtobus hansısa şəxsə  və ya şirkətə məxsus əmlakdır ilk növbədə. Ondan sonra isə bu avtobus hansısa istiqamətdə reysə çıxırsa, o marşrutun dispetçer xidməti də var. Hələ nəqliyyat müfəttişlərini demirəm. Bəs bu qəza olanadək yol polisi hara baxırdı...? Yəni icazəsiz və sürücülük vəsiqəsi olmayan uşağın avtobusu idarə etməsini bilən və buna göz yuman insanlar demək ki, olub.

Əslində axtarsan avtobusların digər avtomobillərin yoluna çıxması, bəzən yolun kənarında hərətsiz dayanmış avtomobillərə çırpılması və ya onun üzərinə sürməsi bizim şəhərimizdə rast gəlinən birinci hadisə deyil. Vəziyyət bu şəkildə davam etsə, yəqin ki, heç sonuncu da olmayacaq. Bəs kimdir günahkar?

Maraqlıdır ki, bu sahə ilə bağlı olan qurumlarda da hər kəs məsuliyyəti o biri tərəfin üzərinə atır. Məsələn, yol polisi hər gün paytaxtda yaranan və belə getsə,  yollarımızda “əbədi mənzərə”yə çevrilən “tıxaclar”ı paytaxda son illər avtomobillərin sayının artması ilə, qəzaları isə sürücülərin əksər hallarda sürət həddini aşması ilə izah edir. Amma nədənsə hər gün yollarda şütüyən onlarla avtomobilin sükanı arxasında oturan və  avtomobil idarə etməyə yaşı şatmayan uşaqlardan heç kim danışmır. Sükan arxasında olanlar yaxşı bilir ki, yollarda “tıxaclar”ın bir çox hallarda yaranması məhz bu “ərköyün balala”ın sayəsində yaranır.

Ən acınacaqlısı və dəhşətlisi odur ki, artıq avtobus sürücüləri də bu ərköyün “avtoşlar”a qoşulublar. Avtobusların hərəkət zamanı yolun sağından soluna, solundan sağına keçməsi, qarşısındakı avtomobilin yolunun açıq olub-olmamasından asılı olmayaraq onu tələsdirməsi, işıqforu necə gəldi keçməsinə artıq şəhər sakinləri də alışıblar.

Bütün bunlar isə son nəticədə öz sözünü deməliydi... Hər gün yollarda rastlaşdığımız hadisələr kimlərinsə biganəliyi və ya məsuliyyətsizliyi ucbatından baş verir. Bu artıq danılmaz həqiqət və reallıqdır.

2012-ci ildə isə Azərbaycan beynəlxalq “Eurovision” musiqi müsabiqəsinə ev sahibliyi edəcək. Nəzərə alsaq ki, müsabiqə ilə əlaqədar paytaxta gələn qonaqların da sayı artacaq, təbii ki, bu özünü yollarımızda da biruzə verəcək. Odur ki, indidən yollardakı vəziyyətlə bağlı ciddi addımlar atılmalıdır ki, biabırçılıqlar əcnəbi qonaqlar tərəfindən müzakirə predmetinə çevrilməsin.

Vüsalə Rafiqqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı