Modern.az

Azərbaycanda qızlar niyə qarıyırlar..? - Araşdırma

Azərbaycanda qızlar niyə qarıyırlar..? - Araşdırma

Ölkə

4 Yanvar 2012, 17:29


“Ətrafdakı insanların baxışlarından sanki mənə  acıdıqlarını hiss edirəm. O qədər belə baxışlarla rastlaşmışam ki, artıq evdən bayıra çıxmaq istəmirəm, amma işlədiyim üçün məcburam. Bəzən də hər şeydən ümidimi üzürəm, ətrafdan xoş olmayan fikirlər eşidirəm. Hərdən mənə elə gəlir ki,  yəqin bu yaşdan sonra ailə qura bilmərəm. Amma çox istəyirəm bir ailəm, məni sevəb həyat yoldaşım, uşaqlarım olsun. Ərə getməyən qıza bizim cəmiyyətdə acıyan gözlərlə baxırlar. Belə baxışlar tez-tez mənə də tuşlanır”.

Bunları 36 yaşlı müsahibim Sevda deyir. O, xəstəxanalardan birində tibb bacısı işləyir. Sevdanı çoxdan tanıyıram. Son dəfə görüşəndə evdə qalan, loru dillə desəm, qarıyan qızlarla bağlı bir yazı yazdığımı və onun da fikirlərini öyrənmək istədiyini dedim. Bunu ona söyləməzdən əvvəl bir qədər tərəddüd etdim, birdən inciyər, xətrinə dəyər. Deyəsən incidi də. Sadəcə bir-iki kəlmə ilə cavab verdi. Yazının əvvəlində tanış olduğunuz fikirləri səsləndirən Sevda sonda “ətrafdakı insanların baxışları, münasibəti məni çox incidir” deyib söhbəti yekunlaşdlırdı.

Azərbaycanda Sevda kimi qızların sayı çoxdur. Onlar nikah yaşına çatandan sonra uzun illər elçi, bir gün qapını döyəcək “ağ atlı oğlan”ın yolunu gösləyirlər. Bu bəxtsiz qızların isməti, ar-həyası ilə bağlı heç bir nöqsanları yoxdur. Ola bilsin aralarında xarici görünüşcə gözəl olmayanlar çoxdur. Onlar cəmiyyətin psixoloji və ictimai təzyiqi qarşısında gərgin bir həyat yaşayır, ətrafdakıların “qarımış qız” atmacasına cavab verməkdə çətinlik çəkirlər….

Psixologiya və Konsultasiya Mərkəzinin mütəxəssisi, psixoloq Elnarə Baxışlı deyir ki, indi təkcə  Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da qızların ailə qurmaq sahəsində problemləri var. Bunu müxtəlif səbəblərlə əlaqələndirən E.Baxışlı problemi psixoloji nöqteyi nəzərdən belə izah edir.

E.Baxışlının sözlərinə görə, qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Psixoloq deyir ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur.

Digər səbəb internetə aludəçiliklə bağlıdır. İnternet insanlar arasında ünsiyyəti təmin edir və insanlarda canlı ünsiyyətə ehtiyac yaranmır. Ünsiyyət balansını bu şəkildə təmin edən bir qrup qız özlərinin daxili problemlərini gizlətməyə, internetdə istədikləri mövzuda danışmağa çalışırlar.
Psixoloqun sözlərinə görə, bir sıra ailələrdə ərin arvada zorakılıq etməsi, onu döyməsi, digər təzyiqlərə əl atması bəzi qızları qorxudur və evlilik yaşı çatan xanımlarda qorxu hiss yaradır, onları ailə qurmaq istəyindən çəkindirir. Bu da bir səbəb.  

E.Baxışlı deyir ki, xöşbəxt ailə həyatı tapmayan qohum cütlüyün vəziyyətini müşahidə edən bəzi qızlar ailə həyatı qurmaqda çətinlik çəkirlər. Düşünürlər ki, eyni aqibətlə onlar da üzləşə bilərlər. Bu səbəbdən də elçilərə “yox” cavabı verilir.

Elnarə Baxışlı deyir ki, 25 yaşına kimi ailə qurmayan qızların bu yaşdan sonra ərə getməsi çətinləşir. Çünki bu yaşdan sonra xanımlar daha tələbkar olurlar. Genetikada müəyyən dəyişikliklərin baş verməsi nəticəsində hormonların inkişafı və formalaşması prosesi 25 yaşına qədər gedir. Bu müddətə qədər insanlar daha çox emossional davranışlara üstünlük verir, amma bu yaşdan sonra qızlarda formalaşma dayandığı üçün intellektual və idrakı yanaşma üstünlük təşkil edir. Xanımlar əks cinsə qarşı daha seçici və tələbkar olurlar.

Qadın Krizis Mərkəzinin rəhbəri M.Əziziova isə düşünür ki, xanımların hansı yaşdan sonra ailə qurmasının çətinləşdiyini demək mümkün deyil. Beləki, cəmiyyət dəyişdikcə xanımlar qarşısındakı tələblər də dəyişir.
Məsələn, təxminən 10 il öncə hansısa bir ailədəki qızın yaşı 25-i keçirdisə, valideynlər narahat olmağa başlayırdılar. Bu gün isə 25 yaşında ailə qurmayan qız üçün narahatçılıq yoxdur.

Mətanət Əzizovanın sözlərinə görə, qızlarla bağlı gec ailə qurmaq, qarımaq problemi daha çox post sovet ölkələrinə - Qafqaz və Orta Asiya respublikalarına xasdır. Onun sözlərinə görə, qızlar  28, 30 yaşında da ailə qura bilərlər.
““Qarımış qızlar” sözünü eşidəndə dərhal reaksiya verirəm. Bu pis sözdür. Çünki elə qız ola bilər ki, ərə getməyi özü bilərəkdən gecikdirsin. Bu zaman ona “qarımış qız” demək nə dərəcədə etikdir? O, ərə getməyi deyil, karyera qurmağı seçib. Hər kəsin öz seçimi var”.

M.Əzizova deyir ki, bu gün Azərbaycan cəmiyyətində erkən nikahlar geniş yayılıb, kənd yerlərində 14-15, 16 yaşında qızlar ərə verilir. Bununla müqayisədə 23 yaşında qızı olan valideyn istər-istəməz narahat olur ki, onun övladı evdə qalıb. Ekspert deyir ki, bu sahədə Bakıda vəziyyət fərqlidir.

Ekspertin sözlərinə görə, Bakı və digər iri şəhərlərdə cəmləşən müasir qızları daha çox karyera, təhsil düşündürür, nəinki ailə qurmaq. Bu fikirdə olan xanımlara daha çox böyük şəhərlərdə - Bakı, Sumqayıt, Gəncədə yaşayırlar. Bölgələrdə isə valideynlər düşünürlər ki, qızların tez ailə qurması onlar üçün bir problemin həllidir.

“Əgər kənd yerində qız 23-24 yaşınadək ərə getmirsə, artıq qonşular, qohumlar, yadlar arasında dedi-qodu başlanır. Bu səbəbə görə də kənd yerində valideynlər qızlarını tez ərə verməyə çalışırlar, nəinki şəhər yerində”. 

Ekspert deyir ki, bir qrup da qız ona elçi düşən oğlanları bəyənmir, təhsilli, evi, daimi işi, pulu olan ər arzusuyla yaşayır və beləcə yaş ötür. Özündənrazılıq, eqoistlik, lovğalıq bəzi qızların ərə getmə yoluna sədd çəkir. 
Azərbaycanın hansısa bölgəsində qızların qarımasını digər səbəbi həmin regionda iş yerlərinin olmaması səbəbindən oğlanların oranı tərk edərək iri şəhərlərə, xarici ölkəyə - Rusiyaya- getmələridir. Uzun müddət başqa yerdə işləyən oğlanlar geri qayıdanda vaxtilə onlarla həmyaşıd qızların artıq yaşlı olduğunu görür, daha az yaşı olanlara elçi düşürlər. 

M.Əzizova təəssüflə qeyd edir ki, Azərbaycan cəmiyyəti “qarımış qızlar”a pis münasibət göstərir. İctimaiyyət arasında çoxları belə düşünür ki, “o qızın nə isə problemi var ki, 30 yaşadək ərə getməyib”. Amma müsahibimiz bunu çox səhv yanaşma hesab edir.

Dini ehkamlara, olacağa inananlara söykənən bəzi adamlar isə hesab edirlər ki, qızların qarıması, ailə qura bilməməsi, bəxt, qismət, taledir və bunu tanrı belə yazıb... 

Bu gün qızların ərə getməsi üçün münasib yaş həddi barədə danışılıra münasbət bildirən ekspert

M.Əzizova düşünür ki, ailə qurmaq üçün yaş yox, insanın psixoloji tərəfdən hazır olmağı əsas amildir.
“Məsələn insan var ki, 20 yaşında artıq psixoliji tərəfdən ailə qurmağa tam hazırdır. Çox  informasiyalıdır, ünsiyyət qurmağı, münaqişələri həll etməyi, ailə psixoloiyasını yaxşı bilir. Amma insan var ki, 30-35 yaşındadır. Bəzən düşünürsən ki, bu ailə qurmağa hələ də hazır deyil.
Eyni zamanda ailə quran xanımın uşaq dünyaya gətirməyə, onu tərbiyə etməyə hazırlığı da vacibdir”-deyə müsahibimiz qeyd edib.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı