Azərbaycan xalqının böyük Qarabağ dərdi hazırda hamımız üçün ən aktual mövzudur. Müharibə apardığımızdan, hərbi vətənpərvərlik təbliğatının bir an da dayandırılmaması çox vacibdir. Böyüməkdə olan nəslə vətən sevgisi, düşmənə nifrət hissləri sözsüz ki, ilk növbədə ailədə aşılanmalıdır. Bununla yanaşı, təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi tərbiyənin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır.
Təəssüf ki, Azərbaycan cəmiyyətində hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından, ciddi narahatlığa əsas var. Xüsusilə sabahımız olan uşaqlar, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir, o ki qaldı onlardan işğal tarixlərini soruşasan. Çoxları neçə Milli Qəhrəmanımızın olduğunu, onlardan heç olmasa 3-4 nəfərin adını bilmir. Əgər məktəbdə, universitetlərdə, küçədə sorğu keçirilsə, yəqin ki əksəriyyət neçə Milli Qəhrəmanın şəhid, neçəsinin isə sağ olduğunu söyləməkdə çətinlik çəkəcək.
Amma tək bircə Milli Qəhrəmanın adını söyləyə bilməyən bəzi yeniyetmə və gənclər şou-biznes nümayəndələri Röya və Rəqsanənin pal-paltarının, ayaqqabılarının ölçüsünü əzbər deyə, Namiqlə Aygünün sevişməsindən az qala dastan danışa bilərlər. Hələ onların bayağı, şit mahnılarını nöqtə, vergülünə qədər söyləyə bilməklərini demirik.
Halbuki, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. O cümlədən də Milli Qəhrəmanları... Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğata başlayır. Bu təbliğat çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarını qısaca tanıtmağa çalışacağıq. Düşünürük ki, buna böyük ehtiyac var, həm də çox... Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?
Mehdi Yusif oğlu Abbasov 1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Mehdi 1991-ci il iyunun 28-də Daxili İşlər Nazirliyində işə qəbul olunub. O, baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Sonra o, cəbhəyə göndərilib. M.Abbasov cəbhədə göstərdiyi şücaətə görə “Mixaylo” ləqəbi qazanmışdı, dəfələrlə DİN-nin mükafatlarına layiq görülmüşdü. “Mixaylo”nun son döyüşü 13 yanvar 1992-ci il tarixində olub. Məlikcan postu ətrafında gedən qızğın döyüşlərdə Mehdi həmişə olduğu kimi ön sırada vuruşub. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayıb. Həmin gün Mehdi Abbasov əbədi olaraq gözlərini yumub. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.