Bu il sentyabın əvvəlində Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 700-ə yaxın məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalarının layihələndirilməsi və tikintisi məqsədilə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb.
Artıq həmin vəsaitin hara xərclənəcəyi dəqiqləşib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədr müavini Dövlətxan Dövlətxanov Modern.az-a məlumat verib ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Naftalan şəhərindəki sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq: “Naftalan şəhərindəki sanatoriyalarda məskunlaşan 700 ailə üçün Goranboy ərazisində yer ayrılıb, orada yaşaqış binaları inşa olunacaq. Dəqiq neçə bina tikiləcəyi müəyyən edilməyib. Ancaq binalar beşmərtəbəli olacaq”.
D.Dövlətxanov Bakı, Abşeron və Sumqayıt şəhərlərində bəzi yerlərdə məskunlaşan məcburi köçkünlər üçün də bina tikintisinə torpaq sahəsi ayrıldığını bildirib: “Bu şəhərlərdəki hərbi hissələrə məxsus inzibati binalarda məskunlaşan məcburi köçkünlər üçün Qaradağ rayonunun Pirəküşkül qəsəbəsində 22 hektarlıq ərazi ayrılıb. Artıq həmin ərazidə inşaat işlərinə hazırlıq işləri gedir. Texniki şərtlər müəyyənləşdiriləndən sonra inşaat layihəsinin icrasına başlanılacaq. Ərazidə neçə yaşayış evinin tikiləcəyi layihəyə başlanılanda məlum olacaq”. Günay MUSAYEVA